Böyük şirkətlərin dərman bəlası:


Dünya 03 Sen 2019 13:45:00 218 0

Böyük şirkətlərin dərman bəlası:

Doktor Sunil Saqarın klinikasının gözləmə otağı doludur. Qocalar, cavanlar, uşaqlar. Hamilə qadınlar, ağrıdan zarıyan qarılar, ağlayan körpələr. Burada, Hindistanın paytaxtı Dehlinin həndəvərində, Şadara səmtindəki Bhaqvanpur-Kherada kasıblar müalicəni elə kasıb həkimlərdə arayırlar.

Doktor Sunil Saqar kimi.

Gözləmə otağında anasının qucağında olan uşaq nebulayzerlə nəfəs alır. O, qızdırma içində yanır. Ümumiyyətlə, qızdırma Hindistanda ən geniş yayılmış xəstəlikdir.

Uşaq olmayan pasiyentlər sakit oturmağa çalışırlar.

Klinika boz, divarlarında hörumçək toru kimi kabellər və naqillər, qapısında da qırmızı xaç olan adi "gecəqondu" məkandır.

Saqar kiçik otaqda, kiçik yazı masasının arxasında oturub. Köməkçiləri pasiyentləri növbə ilə onun yanına buraxırlar.

Saqar soyuqqanlı görünür.

Qucağında 4 yaşlı oğlu olan ata təşviş dolu nəzərlə doktor Saqara baxır. Saqar yerindən durur, stetoskopla uşağın sinəsin dinləyir, sonra resept yazır.

Ata ovcunda bərk-bərk sıxdığı 5 rupini masanın "pul üçün" rəfinə qoyur.

Prosedur təxminən 2 dəqiqə davam edir.

Eynən dünyanın başqa ölkələrində olduğu kimi.

O ölkələrdə ki, nəhəng transmilli korporasiyaların "sağlamlıq qayğısı" torundadır.

O ölkələrdə ki, dərman preparatlarının reklamlarına ağlagəlməz məbləğdə pullar xərclənir.

O ölkələrdə ki, böyük korporasiyalar insanları "müalicə" adı ilə məhv edir.

ABŞ-da əməlli-başlı tiryək bəlası yaşanır və amerikalı hüquqşünaslar bunu "opioid epidemiyası" adlandırırlar. Səbəb isə 1990-cı illərdə transmilli, nəhəng farmasevtik korporasiyaların şikayətləri idi. Korporasiyalar və onların pulla ələ aldıqları jurnalistlər həşir qaldırmışdılar. Onların dediklərinə görə, sən demə, milyonlarla xroniki, dəhşətli ağrılardan əzab çəkirlərmiş və bu ağrıları kəsəcək dərmanları da əldə edə bilmirlərmiş.

Bu həyasız lobbinq, Konqresin Senatından və Nümayəndələr Palatasından tutmuş, ən populyar telekanallara, qəzetlərə, radiolara qədər uzanan kampaniya nəticəsini verdi.

İndi Birləşmiş Ştatlarda hər il opioidlər əsasında dərman preparatlarına 200 milyondan artıq resept yazılır. Üstəlik, qanunsuz farmasevtik preparatlar bazarı, üstəlik tiryək, nəşə, kokakin, heroin.

ABŞ-da hər il 40 min narkoman ölür. Heroinə aludə olmuş amerikalıların sayı 1 milyona yaxınlaşır.  Opioidlər əsasında hazırlanmış "painkiller"lər, yəni ağrıkəsicilər alıb istifadə edənlərin sayı 11 milyon nəfərdir.

Aparılmış son araşdırmaların nəticələri isə Vaşinqtonu təşvişə yox, şoka salıb. Məlum olub və təsdiqlənib ki, hazırda heroin narkomanı olan amerikalıların 83 faizi (!) bu bəlalı yola məhz həkimlərin resepti ilə apteklərdən aldıqları ağrıkəsicilərlə başlayıblar.

Rəsmi Vaşinqton gec də olsa, ayılıb. Ştatlardan biri transmilli "Jhonson&Jhonson" korporasiyasını məhkəməyə verərək 500 milyon dollarlıq təzminat istəyir.

Digər ştatlarda da analoji proseslər bu yaxınlarda başlanmalıdır.

Yəni ABŞ-da artıq "tam təhlükəsiz, effektiv", opioidlər əsasında istehsal olunmuş ağrıkəsici dərmanlar satmaq əvvəlki təki rahat deyil.

Bu səbəbdən də transmilli, nəhəng farmasevtik korporasiyalar dünya ölkələrinə yürüşə başlayıblar.

Həmin yürüşün nə olduğuna Hindistanın timsalında baxaq.

Hindistanda opioidlər əsasında hazırlanmış dərman preparatlarının satışı uzun illər boyu tam yasaqlanmasa da, olduqca ciddi məhdudiyyətlər altında idi.

Lakin beş il əvvəl "Jhonson&Jhonson", "Pfizer" və "Mundipharma" korporasiyalarının birgə təzyiqləri nəticəsində rəsmi Dehli müvafiq qanunları "yumşaltdı".

Çünki "demokratik" Qərb mediasında əməlli isteriya başlanmışdı. Ən populyar, məşhur xəbər saytları, qəzetlər, telekanallar - bir sözlə, "müstəqil" media az qala ağlaşma quraraq bildirirdilər ki, bəs Hindistanda on milyonlarla insan dəhşətli ağrılardan əzab çəkir, onların ağrılarının qarşısını ala biləcək kimsə yoxdur, "xilas" üçün dərmanları satmağa da icazə vermirlər və s.

Dehlidəki hökumət geri çəkildi. Təbii, on milyonlarla dollarlıq rüşvət, aşkar pressinq, məmurların, siyasətçilərin, deputatların, jurnalistlərin ələ alınması prosesi də öz yerində.

Bəs nə oldu?

2014-cü ildən ötən dövr ərzində Hindistanda narkomanların sayı həndəsi silsilə ilə artmaqdadır.

Formal olaraq qanunlar var, lakin hər şey xaos vəziyyətindədir.

Hindistanda 15 milyon həkim var və onların istisnasız olaraq hamısı yaxşı pul qazanmaq istəyir. Pulları elə o qədər sevən milyonlarla aptekçini və aptek sahiblərini də unutmayın.

Bu insanları izləmək, onların opioidlər əsasında hazırlanmış dərmanları satmasının qarşısını almaq mümkündürmü? Yox.

Hindistanda iqtidarda olan ifrat sağçı və millətçi "Bxaratiya Canata Parti", bu partiyanın sədri və ölkənin baş naziri Narendra Modi ötən il "Tramadol" preparatının satışlarını məhdudlaşdırmaq istədilər.

Ölkədəki məşhur həkimlər dərhal səs-səsə verdilər ki, qoymayın, dəhşətli ağrılar çəkən insanların son ümid vasitəsi əllərindən alınır.