Bank Respublika Horadiz qəsəbəsindəki məktəbliləri sevindirdi


Digərləri 02 Sen 2019 16:40:00 215 0

Bank Respublika Horadiz qəsəbəsindəki məktəbliləri sevindirdi

Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Yeni dərs ilini yuxarı sinif şagirdləri ilə yanaşı, məktəb həyatına ilk qədəmlərini qoyacaq birincilər də səbirsizliklə gözləyir.

Ölkəmizdə sosial layihələrə böyük önəm verən Bank Respublika, ənənəyə sadiq qalaraq bu dəfə də cəbhə bölgəsində bu il birinci sinifə gedəcək məktəbliləri sevindirib. Bank, Fizuli rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Məktəbə hazıram!" adlı layihə həyata keçirib.

Layihə çərçivəsində bankın əməkdaşları düşmənlə təmas xəttində yerləşən Füzuli rayonunun Horadiz qəsəbəsində yerləşən 3 məktəbə səfər edərək bu il birinci sinifə gedəcək uşaqlarla görüşüb. Görüşlərdə uşaqlar şeir söyləyib, mahnı oxuyaraq məktəbə hazır olduqlarını bildiriblər. Şən keçən görüşün sonunda Bankın əməkdaşları 100-ə yaxın birinci sinif şagirdlərinə dərs ləvazımatları ilə dolu məktəbli çantası hədiyyə etdi, onlara yeni tədris ilində uğurlar, yeni biliklərə yiyələnməyi və gələcəkdə ölkənin faydalı mütəxəssisləri olmağı arzu etdilər.

Bankdan verilən məlumata əsasən Korporativ Sosial Məsuliyyət siyasəti Bank üçün prioritet təşkil edən sahələrdən biridir və Bank, bundan sonra da müxtəlif sosial layihələr həyata keçirərək, cəmiyyətə faydalı olmağa davam edəcək.