Şamaxı çariçası, hava şarı, əfsanəvi şou I Azərbaycan Üzüm və Şərab Festivalı VİDEO FOTO


Digərləri 02 Sen 2019 11:06:00 265 0

Şamaxı çariçası, hava şarı, əfsanəvi şou  I Azərbaycan Üzüm və Şərab Festivalı  VİDEO  FOTO

Hər üzümdən bir şirə çək Səhər-səhər acqarına, Qüvvət olsun qollarına. Ey azad gün, azad insan, Doyunca iç bu bahardan!

- Xalq şairi Səməd Vurğun "Azərbaycan" şeirində belə deyir.

I Azərbaycan Üzüm və Şərab Festivalı son illərin ən yaxşı festivallarından biri oldu. Bu festival birinci olduğuna görə deyil, qonaqlara parlaq hiss və təəssüratlar bağışladığına, bir çox sürpriz və maraqlı hadisələrlə yadda qaldığına görə fərqləndi.

Son.az Trend-ə istinadən xəbər verir ki, iki gün ərzində - 30 və 31 avqust tarixlərində Azərbaycanın Şamaxı rayonunun Meysəri kəndi ərazisindəki "Şirvan şərabları" MMC-nin Üzümçülük və şərabçılıq kompleksində qonaqlar və turistlər əhəmiyyətinə görə tarixi, miqyasına görə təəccübləndirici, məzmununa görə isə qeyri-adi, əfsanəvi şounun iştirakçıları oldular.

Üzüm təbiətin gözəl hədiyyəsidir, ayrıca bir elmin öyrəndiyi bitkidir. Uzun əsrlər boyu məhz üzümçülük Azərbaycanda əkinçiliyin aparıcı sahəsi və xalqın iqtisadi rifahının əsas mənbəyi olub. Təsadüfi deyil ki, Azərbaycan üzüm mədəniyyətinin yaranma və formalaşma mərkəzlərindən biridir, üzümçülük və şərabçılığın qədim ocağıdır. Azərbaycanda üzüm becərmənin qədim tarixinin olmasını çoxsaylı ədəbiyyatlar, arxeoloji qazıntılar zamanı tapılmış maddi mədəniyyət abidələri - üzüm yetişdirilməsi və şərab hazırlanması üçün istifadə edilən alətlər, şərab qalıqlarının olduğu gil qablar, o cümlədən toxumlar, yarpaqlar və üzüm tənəyinin bəzi digər fraqmentləri göstərir.

Üzümçülük və şərabçılıq Azərbaycanda son on ildə yenidən özünün dirçəliş dövrünü yaşayır. Hazırda ölkəmizdə üzümün 450 yerli növü var. I Azərbaycan Üzüm və Şərab Festivalının keçirilməsi bu ənənələrə özünəməxsus töhfə olmaqdan əlavə, çoxsaylı qonaqlara parlaq emosiyalar bəxş etdi.

Qeyd edək ki, "Şirvan şərabları" kompleksinin bütün ərazisinə üzüm sərilmişdi - yerdə, daşların, pilləkənlərin, hasarların, retro-avtomobillərin üzərində - hər yer uçan hava şarının "mərkəzi tənək" rolunu oynadığı böyük üzüm plantasiyasına çevrilmişdi. Jül Vernin əsərində olduğu kimi, səmada səyahət etmək və ölkəmizə quş uçuşu yüksəklikdən baxmaq istəyi yaranmışdı! Hər bir an video və fotoçəkiliş, selfi və fotosessiya üçün gözəl kadr idi və qonaqlar da bundan maksimum istifadə etdilər. Maraqlı olan isə odur ki, qonaqların əksəriyyəti əlində üzüm salxımı ilə gəzirdi, sanki, əllərində gül buketi tutmuş kimi.

Festival iştirakçılarını şərabçılıqla bağlı rəngarəng paltarlarda olan müxtəlif personajlar qarşılayırdı. Bayram şənliyinin ərazisinə giriş hər iki tərəfdə festivalda iştirak edən yerli şərabçıların məhsullarını təcəssüm etdirən nəhəng şüşə butulkaların olduğu özünəməxsus dəhlizdən keçirdi.

Festival xalq artistləri Samir Cəfərov və Aygün Kazımova, əməkdar artist Səlim Abbasov və "Natiq" ritm qrupunun iştirakı ilə açıldı. Ən yadda qalan kompozisiya isə "Mirvari" rəqs qrupunun çıxışı oldu. "Əhməd haradadır" filmində olduğu kimi əllərində üzüm səbətləri və milli geyimlərdə olan qızlar, oğlanlar isə "İnadkarın ram edilməsi" filmindəki kimi musiqi sədadı altında rəqs edərək (bu italyan kompozisiya Azərbaycan dilində təqdim edilib) ayaqları ilə üzüm əzən Adriano Çelentano obrazını canlandırırdılar. "Yallı" rəqsinin səsi gəldikdə isə bütün qonaqlar əl-ələ verib konsert meydanının ətrafına dolaşdılar. Daha sonra rəqqasların və nağaraçıların, həmçinin nəfəs alətləri orkestrinin, festivalın rəmzləri olan kukla və fiqurların iştirakı ilə parad başladı.