Əlahiddə Ümumqoşun Orduda səmti müəyyənetmə birinciliyi keçirilib (FOTO/VİDEO)


Digərləri 31 Avq 2019 20:55:00 187 0

Əlahiddə Ümumqoşun Orduda səmti müəyyənetmə birinciliyi keçirilib (FOTO/VİDEO)

Naxçıvan qarnizonu qoşunları üzrə hərbi qulluqçular arasında səmti müəyyənetmə birinciliyi keçirilib

Bakı. Naxçıvan qarnizonu qoşunları üzrə hərbi qulluqçular arasında səmti müəyyənetmə birinciliyi keçirilib. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, yarışdan əvvəl Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant Vahid Məmmədov birinciliyin məqsəd və şərtlərini iştirakçılara çatdıraraq komandalara uğurlar arzulayıb. Sonra 15 komandadan 60 hərbi qulluqçunun gücünü sınadığı birinciliyə start verilib. Gərgin mübarizə şəraitində keçən birinciliyin şərtlərinə əsasən hərbi qulluqçular 8 km məsafədə 10 nöqtəni aşkar ediblər. Yarışın keçirilməsində məqsəd hərbi qulluqçuların kompas və xəritədən istifadə etməklə səmti müəyyənetmə vərdişlərini təkmilləşdirmək, dözümlülüyünü yoxlamaq və ən bacarıqlı idmançıları müəyyən etmək olub. Naxçıvan qarnizonu qoşunları üzrə hərbi qulluqçular arasında keçirilən səmti müəyyənetmə yarışında komanda hesabında 1-ci yerdə xüsusi təyinatlı birləşmənin, 2-ci yerdə tank hissəsinin, 3-cü yerdə isə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının komandası qərarlaşıb. Fərdi hesabda isə 1-ci yerə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mahir İbrahimov, 2-ci yerə gizir Kamran Mustafazadə, 3-cü yerə gizir Məhəmməd Rüstəmov layiq görülüb. İlk üçlükdə yer alan idmançı və komandalar Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən mükafatlandırılıblar.