“Xalq düşməni”nin nəvəsi, sevdiyi qızı qatarla qaçıran Oqtay Ağayev


Kriminal 31 Avq 2019 18:48:00 252 0

“Xalq düşməni”nin nəvəsi, sevdiyi qızı qatarla qaçıran Oqtay Ağayev

"Sən - ey uşaqlıq", "Yadındamı, ötən günlər?", "Qaytar mənim eşqimi", "Kimsən sən?" kimi dillər əzbəri olan mahnıların əvəzsiz ifaçısı Oqtay Ağayev...  Son.az Modern.az-a istinadən tanınmış jurnalist Səfurə Çərkəzqızının mərhum sənətkarla illər əvvəl aldığı və elektron mediada yayımlanmayan müsahibəsini təqdim edir... Yadındamı... - Necəsiz, Oqtay müəllim?

- Görürsüz də... Qocalmışam ( Dərindən köks ötürür). Necə olacam, mən bu vətənin ögey oğluyam...

-Niyə ki?  

- Niyə nədi? Estrada ulduzu olmuşam, amma indi heç kəsə lazım deyiləm. Nə adım var, nə sanım. Sənədlərimi götürmüşdülər ki, güya mənə ad verəcəklər. Amma yenə də qaldım qapı ağzında. Əvvəllər deməyə utanırdım, daha çəkinmirəm. Mən Azərbaycanın estrada ulduzuyam! Bunu deməyə ixtiyarım var. İki yüzədək estrada mahnısı oxumuşam. Qızıl fondda düz yeddi saat yarımlıq lent yazım var. Vaxtilə SSRİ-nin bütün şəhərlərində konsert vermişəm, özü də on beş il  dalbadal. On dörd respublikada mənə qiymət verilib, bir Azərbaycandan başqa.

- Sizcə, bu ögeylik hardandı?  

- Hardan olacaq? Mədəniyyət Nazirliyindən, Polad Bülbüloğlundan. Mən onsuz da heç vaxt taleyimdən yarımamışam. Çünki Bəhram Ağayevin- "xalq düşməninin" nəvəsi olmuşam. Yadımdadı, mən pionerə keçəndə boynuma qalstuk bağladılar. Direktor gəlib açdı ki, bunu pionerə keçirmək olmaz, xalq düşməninin nəvəsidi. Babam sovet hökumətini quranlardanıydı.  Həm də o vaxtlar "Ədalət" təşkilatının sədriydi. 37-ci ildə tutdular,  19 ildən sonra buraxdılar. Lenin ordeni, ev, bağ verdilər. Amma ona olan olmuşdu, kişi il yarımdan sonra rəhmətə getdi. Yaxşı, bəs mənim ailəmin günahı nəydi? Bilirsiz, ailəmin başına nə oyunlar açıblar? Bizi daxmaya salmışdılar, ev-eşiyimizi əlimizdən almışdılar. Atam ingilis, çin, fransız dillərini beş barmağı kimi bilirdi. Amma nə var, nə var "xalq düşməni"nin oğludu deyə, aparıb basmışdılar türməyə...

Kamal Abdullanın rəhbərlik etdiyi Mədəniyyət Fondundan, "Bakılı" Beynəlxalq Mədəniyyət Cəmiyyətindən başqa, heç yerdən, heç kimdən qayğı, kömək görməmişəm. Onlar olmasaydı, yəqin batıb getmişdim. Belə şeylərə görə iki dəfə infarkt keçirmişəm...

... Cavanlıq başqaydı.  Bizim konsertlərə bilet tapmaq müşkül idi. Rauf Hacıyevin rəhbərliyilə Dövlət Estrada Orkestriylə hər il Leninqradda ay yarım konsert verirdik. Moskvada 2-3 ay çıxış eləyirdik. Böyük şəhərlərdə işləyirdik: Kiyevdə, Riqada, Tallində, Daşkənddə, Bişkekdə... Mənim günüm belə keçib. Həmin orkestri keçmiş mədəniyyət naziri Zakir Bağırov ləğv elədi. Rauf Hacıyev bu orkestri yaradana kimi nə qədər əzab-əziyyət çəkmişdi. Ondan sonra bircə Tofiq Əhmədovun orkestri qalmışdı. Onunla 14 il işlədim,  o, rəhmətə gedənə qədər...

- Bəs niyə birdən-birə yoxa çıxdız?

- Bizim öz üslubumuz vardı. Qarşımıza məqsəd qoymuşduq ki, camaata estradanın nə olduğunu başa salaq. Bu, elə-belə, asan iş deyildi. Camaat estradanı hələ həzm eləyə bilmirdi. Tofiq Əhmədov rəhmətə gedəndən sonra gördüm ki, bizim yolumuzu dəyişirlər. Təzə dəb düşmüşdü. Estrada deyəndə elə bilirdilər ki, səhnədə atılıb düşmək lazımdı. Gördüm, yox, mən başqalaşa bilməyəcəm. Hər şeyi tulladım. Sonra Faiq Sücəddinov gəldi, işləri yoluna qoydu. Mənimçünsə geciydi- yaşa dolmuşdum, həm də iki dəfə infarkt keçirmişdim. Özümü "naqruskaya" sala bilməzdim.

 - Əvvəlki səsiniz qalıb?  

- Həə, bəs necə?! Yenə də kefin istəyən oxuya bilərəm.

- Bəs içki səsinizə təsir eləməyib? Deyilənə görə, sonradan içkiylə aranız yaxşı olub...

- Yox, düz demirlər. Cavanlığımda onsuz da səsimə görə özümə qadağa qoyurdum- içmirdim, çəkmirdim. Sonra da... xəstə adama da heç olmaz. İndi arada pivədən-zaddan içirəm...

- Səhnə üçün darıxmırsız?

-Elə adam tapılar ki, ömrünü səhnəyə həsr eləsin, sonra onunçün darıxmasın? Səhnə sənətkarın canıdı. Karuzo kimi böyük sənətkar axırıncı nota qədər səhnədə oxuyub, elə səhnədə də dünyasını dəyişib.

- Özünüzə belə bir tale arzulayardız?

- Bəs necə?! Karuzosayağı ölmək gözəldi! Məncə, bunu bütün sənətkarlar arzulayar. İtaliyada Karuzonun qəbrinin üstünə  şam qoyublar, hər il onun anadan olduğu gün yandırırlar. Deyilənə görə, həmin şam 500 il yanacaq. Görürsüz, sənətkarı necə qiymətləndirirlər? Bizdə necədi? Səsimi itirsəydim, bu başqa məsələ. Rəşid Behbudov bir dəfə filarmoniyada mənə dedi ki, səs kotandı, nə qədər çox işlətsən, bir o qədər parıldayar . Üstəlik, sənətin cikini-bikini biləndə lap qiyamət olur. Mən peşəkarlardan dərs almışam. Bu sənətin bilicisiyəm.

- Sənətin bilicisi Oqtay Ağayev müasir estradaya necə qiymət verir?

- Çox pis. Heç cür yollarını tapa bilmirlər. Adlarını çəkmək istəmirəm, bir də görürsən, çıxıb məşhur sənətkarların mahnılarını ifa edirlər. "Sənə də qalmaz"ı Rəşiddən sonra oxumağın heç yeridi? Bundan ötrü gərək sənin yeddi başın olsun. Vallah, o mahnını o cür oxumaq günahdı. Çünki Rəşid o mahnı üçün bundan yuxarı yer qoymayıb. Estrada ifaçılarının müsabiqəsini keçirirlər. Heç deyən olmur ki,  a kişi, gəl sən də bax, gör bunların qabında nə var? Guya, məndən çox bilirlər. Estradanın bütün "biclik"lərindən xəbərim var. Bu sahədə bircə Rəşiddən geri qalırdım. İndikilərin hamısı özlərini ulduz hesab edirlər. Rəşidin bir sözü də vardı, deyirdi ki, ulduz olmaqçün gərək yavaş-yavaş addımlayasan. Birdən-birə parlayan, birdən-birə də sönər.

- Çal-çağırlı vaxtlarınız yuxunuza gəlirmi?

- O qədər... Ötən günlər yuxularımda, bir də  xatirələrimdədi... Moskvada Qurultaylar Sarayında "Camayka"nı oxuyurdum. Salona 6 min adam toplaşmışdı. Neyləmirdilər!?...

- Təzədən səhnə sizin olsaydı, hansı mahnıdan başlayardız?

- Yəqin ki, "Yadındamı?" mahnısından...

- Yəqin, sizi sevən qadınlar da çox olub?

- Ulduz olasan, sevilməyəsən?  Adamın üstündə Allah var, özümə heç bir qadağa- filan qoymamışam. Necə istəmişəm, elə də yaşamışam. Qastrollarda mənə vurulan çoxuydu, yanıma gəlib-gedirdilər. O xanımlardan ancaq birini sevdim. Oğurlayıb gətirdim.

 -Oğurladız?!

- Həə, Düşənbədə qastroldaydım. Gördüm, ortalıqda bir incə-mincə qız gəzişir. Balerinaydı. Yaxınlaşdım ki, xahiş eləyirəm, məni yola salasız. O da məni sındırmadı. Qatarda kupenin qapısını bağlayıb götürüb gəldim Bakıya. Özü də birdəfəlik, hələ də bir yerdəyik.

- Ağlınızı bir baxışla oğurlayan o xanımın adı nədi?

(adsgarden = window.adsgarden || []).push({});