Azərbaycanlı avtoritetin həyat yoldaşı: “Qızıllarımı qaytaracaqlar, amma...”


Kriminal 31 Avq 2019 18:30:00 243 0

Azərbaycanlı avtoritetin həyat yoldaşı: “Qızıllarımı qaytaracaqlar, amma...”

"Lotu Quli" ləqəbli Nadir Səlifovun Tiflisidə qətlə yetirilən yaxın adamı Elçin Məmmədovun (Əmircanski) həyat yoldaşının keçmiş qaynanasına qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Lent.az-a istinadən bildirir ki, iddia ərizəsinə Suraxanı rayon Məhkəməsində hakim Səlimə Miriyevanın icraatında baxılıb.

Xatırladaq ki, mərhum kriminal avtoritetin həyat yoldaşı Ülkər Rzayeva iddia ərizəsində qeyd edib ki, əri dünyasını dəyişdikdən sonra qaynanası Qəribə Məmmədova ilə münasibətləri pisləşib. Onun sözlərinə görə, bu səbəbdən 4 azyaşlı övladı ilə birgə qayınanasıyla yaşadıqları Əmircan qəsəbəsindəki evlərindən çıxmalı olub. Lakin Qəribə Məmmədova ona məxsus ümumilikdə 77500 manat dəyərində olan qızılları, sənədləri və digər əşyaları götürməyə qoymayıb.

İddiaçı ərizəsində həmçinin 4 azyaşlı uşaqla birlikdə yaşamaq üçün mənzillərinin olmadığını və Bakı şəhərində kirayədə qaldıqlarını qeyd edib.

Ülkər Rzayeva keçmiş qaynanası Qəribə Məmmədovanı məhkəməyə verərək, özünün və 4 azyaşlı övladının Əmircan qəsəbəsində yerləşən mənzildə istifadə hüquqlarının tanınması, ona məxsus 77500 manatlıq qızıl-zinət əşyalarının, özünə və övladlarına sənədlərinin, həmçinin geyim əşyalarının qaytarılmasını tələb edib.

Məhkəmədə cavabdeh şəxs olan Qəribə Məmmədovanı və oğlu Əjdər Məmmədovu nümayəndə kimi bacıları Yeganə təmsil edir.

Keçirilən məhkəmə prosesində qərar elan edilib. Qərara əsasən, Ülkər Rzayevanın qaldırdığı iddia qismən təmin edilib. Belə ki, məhkəmə 77500 manatlıq qızıl-zinət əşyalarının, özünə və övladlarına sənədlərinin, əşyaların qaytarılması ilə bağlı qərar çıxarıb. Lakin Ülkər Rzayeva və 4 azyaşlı uşağın mənzildən istifadə hüququ ilə bağlı hissə məhkəmə tərəfindən rədd edilib. İddiaçı məhkəmənin qərarı ilə qismən razı olduğunu və apelyasiya şikayəti verəcəklərini qeyd edib.