Geomaqnit qasırğası insan orqanizminə necə təsir edir?


Digərləri 31 Avq 2019 15:36:00 201 0

Geomaqnit qasırğası insan orqanizminə necə təsir edir?

Ötən əsrin əvvəllərindən etibarən həkimlər xəstələrə müalicə yazarkən yaşadığımız ətraf mühitin meteo-klimatik faktorlarını da nəzərə alırlar. Çünki bu faktorların insan orqanizminə bəlli təsiri var. 

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin (ATU) kliniki farmakologiya kafedrasının assistenti, Tədris Terapevtik klinikasının terapevt kardioloqu Arzu Bəydəmirova fikirlərini açıqlayıb.

A.Bəydəmirovanın sözlərinə görə, xarici mühit amillərinin insan orqanizminə təsirinin öyrənilməsində yerin maqnit sahəsinin, xüsusən geomaqnit qasırğaları zamanı müxtəlif funksional sistemlərdə baş verən dəyişikliklərin araşdırılması mühüm yer tutur: "Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, insan orqanizminə ultra kiçik tezlikli sahələrin təsiri neyro həssaslıq, neyroendokrin sistem, neyrodegenerativ pozğunluqlar yaradır ki, bu da özünü kəskin, xroniki bioloji effektlərin əmələ gəlməsinə səbəb olur".

"Məlum olub ki, günəş qığılcımından dərhal sonra insanların vəziyyəti pisləşir. Bu vəziyyət maqnit qasırğasının başlanması ilə maksimal həddə çatır. Bu onunla izah olunur ki, günəş qığılcımından təxminən 8 dəqiqə sonra günəş işığı yerin atmosferini keçir və orada orqanizmin fəaliyyətinə təsir edir. Geomaqnit qasırğasından 1 gün əvvəl müxtəlif patoloji reaksiyaların artması məhz bununla əlaqədardır. Bu ona görə baş verir ki, insan orqanizmində maqnitə həssas reseptor sistemi mövcuddur. Məsələn, orientasiyaya görə cavabdeh olan mərkəz qlabbelladan 3-4 sm dərinliyində - yəni pazabənzər sümüyün beyinlə, qoxu və görmə sinirləri ilə birləşdiyi nöqtədə yerləşir. Tədqiqatlar göstərir ki, orqanizmdə böyrəküstü vəzilərdə maqnit qasırğasına cavab verən güclü maqnit reseptorları var ki, qasırğa baş verən zaman bu reseptorlar qıcıqlanır. Nəticədə adrenalin ifrazı kəskin artır, adrenalin və noradrenalinin sintezi sürətlənir" - deyə kardioloq deyib.

Həkim kardioloq bildirib ki, adrenalin və noradrenalin trombositlərin aqreqasiyasının güclü indikatoru sayılır: "Onların sintezinin sürətlənməsi bir tərəfdən damarların daralmasına, digər tərəfdən isə hiperkoaqulyasiyanın artmasına səbəb olur. Bu da öz növbəsində kapillyar qan dövranında qanın hərəkət sürətini zəiflədir, həmçinin mikrosirkulyator damar torunun spazmını yaradır. Kapillyar qan dövranında pozulma hallarında qadınlara nisbətən kişilərdə daha çox rast gəlinməsi də bununla izah edilir".

A.Bəydəmirova qeyd edib ki, maqnit qasırğası zamanı böyrəküstü vəzidə yerləşən maqnit reseptorların qıcıqlanması nəticəsində kortikosteroidlərin də sintezi sürətlənir: "Nəticədə vegetativ sinir sistemində tarazlıq pozulur. Bu da bütün üzvlərdə ciddi dəyişikliklərin baş verməsinə səbəb olur. Bu dəyişikliklərin başlıca hədəfi ürək-qan damar sistemi olur. Ürək-qan damar sistemi tərəfindən ilk reaksiya arterial təzyiqin yüksəlməsi kimi özünü büruzə verir. Bu, ilk növbədə geomaqnit qasırğasının təsirindən qanda hormonların konsentrasiyasının dəyişməsi ilə əlaqədardır".

(adsgarden = window.adsgarden || []).push({});