Psixoloq Vəfa Əkbər "O qadınlar cinsi həzzin nə olduğunu bilmirlər" Müsahibə


Digərləri 31 Avq 2019 07:00:00 252 0

Psixoloq Vəfa Əkbər  "O qadınlar cinsi həzzin nə olduğunu bilmirlər"  Müsahibə

Son.az kulis.az-a istinadən psixoloq Vəfa Əkbərlə erkən nikah və ailədaxili problemlər mövzusunda söhbəti təqdim edir.

- Vəfa xanım, indi erkən nikahları bəraətləndirəcək bəzi amillər sadalanır. Tutalım ki coğrafiyadan asılı olaraq cinsi yetişkənlik. Amma psixoloji yetkinlik haqda düşünmürlər. Psixoloji yetkinlik hansı yaşda baş verir və hansı şərtləri tələb edir?

- Sağlam ailə dəyərləri, sağlam cəmiyyət... Hər kəsin ilkin təhsil aldığı ailə institutudur. Ana və atanın sağlam təfəkkürlü insan olması lazımdır. Ailə planlanması, ailənin prioritetləri olmalıdır. Valideynlər heç bir halda uşağı vasitəçi etməməlidirlər və ya uşağa gələcəkdə "sənə görə etdim, sənə görə dözdüm" deməməlidirlər. Bunun üçün isə, ailə qurmuş insanlar özlərinə "Buna hazırıqmı? Özümüz nə qədər doymuşuq həyatdan? Uşağın problemlərini aşmağa hazırıqmı?" deyə sual verməlidirlər.

Elə valideynlər tanıyıram ki, əminəm, onların uşaqları gələcəkdə erkən nikaha addım atacaq insanlardır. Niyə? Çünki o valideynlər sosial statuslarını artırmaq üçün, ata-analarını nənə-baba etmək üçün uşaq dünyaya gətiriblər. Və belə ailələrdə uşağın bioloji təməli qoyulur, mənəvi təməlsə olmur.

...Coğrafiya deyəndə, biz əvvəlcə erkən nikahı iki yerə bölməliyik: bir öz xoşu ilə erkən nikaha gedənlər, bir də məcburi erkən nikah. Birinci halda da yeniyetmənin evliliyə meylliliyi sağlam deyil - o, valideynlərindən qaçır. Əgər yeniyetmənin evində sağlam ab-hava, fundamental dəyərlər varsa, o, yetərincə sevgi görürsə yeniyetmə niyə evdən qaçmaq istəsin ki? Erkən nikaha addım atan yeniyetmələr özlərini dərk edə bilmirlər. Onlar ilkin fizioloji tələbatları hiss edən adrenalinlə yaşayan gənclərdir, daha düzü yeniyetmələrdir. Onlar necə doğru qərar verə bilərlər ki?

...Bir də məcburi erkən nikaha sövq edilənlər var. Burada fərqli mənzərə ordadır ki, övladdan birbaşa olaraq qurtulmaq istəyirlər. Ya maddi sıxıntıdan qurtulmaq üçün, ya hamının uşağı evlənir, mənimki də evlənsin deyənlərdir. Və ya başqa bir etnik psixologiya var adətən. Kəndlərdə olur axı: "Öz tanıdığımdı, qoy verim getsin".

- Bir də cinsi tələbat məsələsi də var...

- Bəli, hələ o standartlar var; cinsi tələbat qızlarda yalnız evləndikdə ödənə bilər, amma oğlan uşaqlarına bu tələbatların ödənilməsinə icazə verilir. Qızlar üçünsə bu ayıblanır, qəza kimi qəbul olunur. Qızın tələbatını ödəmək üçün yeganə yolu erkən ərə getmək olur.

Erkən nikah, azyaşlı deyəndə pasport yaşı nəzərdə tutulmur, insanın psixoloji yaşı da vacibdir. Elə insan var ki, 20 yaşında həyatı dərk edir.

Yeniyetməsə çox hallarda tələbatlarını dərk etməmiş, öz cinsi yetişkənliyini anlamamış bir vəziyyətdə olur. Onların özlərini anlamağa ehtiyacı olur. Analarsa çox vaxt bu yaşda qızla söhbət etmir, deyirlər ki, qızımla aramda pərdə var. Bir gün o qız, o pərdənin arxasından evdən qaçıb gedir. Çünki ana ilə qız arasında olan bu pərdə filan deyil, baryerdir, bu baryer də qalxmalıdır. Tək bu baryer deyil, məsələn, "Biologiya" kitabındakı 47-ci, 49-cu paraqraflar da tədris olunmalıdır. Müəllim uşaqlara bunu danışmaqdan utanmamalı, "oğlanlar siz çıxın, mən qızlara izah edəcəm" deməməlidir. Yəni bu, məktəblərdən başlamalıdır. Ümumiyyətlə, ailə də deyilsə, gənclərin üz tuta biləcəyi güvənli məkanlar olmalıdır. Kimsə polisə qaça bilmir, çünki güvən yoxdur. Çünki polisdə oturan da bunun atası təfəkkürdə adamdır. O da deyəcək ki, ailən sənin yaxşılığını istəyir. İlk növbədə, o vacib qurumların təfəkkürü dəyişməlidir.

- Erkən nikah üçün xarakterik ailə tablosu necədir?

- Erkən ərə verilən qızlar öz şəxsi mövqelərini qoya bilmirlər, çünki dəyər sistemi formalaşmayıb, onlar daim idarə olunublar. İnanın ki, o cür evlənən cütləri 4-5 il sonra bir arada tək buraxsanız, onlar yaşaya bilməyəcəklər. Elçibəyin bir sözü var idi, deyirdi, azadlığa özü qaçan insan azaddır, amma qulu azad etsən də o, özünə yeni ağa axtaracaq. Baxın, belə ailələrdə də məhz bu baş verir: xəyanətlər başlayır. İstər qadın tərəfdən, istər kişi tərəfdən. Beləliklə, erkən nikahlar ailə institutunun dağılması deməkdir.

Deyə bilərsiniz ki, bəs keçmişdə necə olurdu, belə olmurdu? Çünki keçmişdə qadın-kişi bərabərliyi fərqli idi, cəmiyyətin baxışı fərqli idi, bu qədər inkişaf, maariflənmə olsa da, ayılmaq üçün vasitələr yox idi. Hamı, qonum-qonşu da sənin kimi idi və sən məcbur idin dözüb oturasan.

- Belə anladım ki, erkən nikahın görünən - boşanma, ailədaxili cinayət və s.-dən başqa görünməyən tərəfi də var. Kənardan normal görünən, içərisində ciddi problemlər olan ailələr...

- Eynən.

- Müşahidə olunan bir tendensiya var idi, yaşı 30 və hətta daha irəli olan kişilər azyaşlı qızlarla evləndirilirdi. Məntiq də bu idi: gözü açılmamış qızla evlənib onu daha rahat idarə, yəni manipulyasiya edəcək...

- 30 yaşına çatmış bir insan niyə azyaşlı bir insanla evlənmək istəsin? Çünki o, özündən əmin deyil, çünki təzəcə azadlığa qaçmış adamdır. O, idarə etmək istəyən ağa obrazındadır, daima kölə axtarır. "Mən danışım qadın sussun" istəyir. İnandırım ki, bizim cəmiyyətin üçdə bir hissəsi elə evlənir. Xüsusən, Rusiyada, Türkiyədə işləyənlər. Gəzib-tozub, sonra yenicə parta arxasından qalxmış qızla evlənirlər. Düşünürlər ki, uşaqdı, daha rahat idarə edəcək. Amma yaş faktorunu nəzərə almırlar, düşünmürlər ki, onun kaprizləri daha çoxdur. Belə evlənən həyatındakı ən böyük axmaqlığı edir: özünə gələcək düşmən yetişdirir. O qadın nə zamansa biləndə ki, bu kişinin ailəni quranda məqsədi qadını idarə etmək olub, o, frigid (soyuqluq, ehtirassızlıq - red) anaya çevrilir. Frigid ananın da qızı kişilərə inanmayan, kişilərə güvənməyən, feminist, hətta qəddar ruhlu olur, oğlu isə elə eyni frigid anaların böyütdüyü qızların qurbanı olur: qızlara daha çox inanan, onların nazı ilə oynayan və daha çox qırılmağa meylli olan. Beləliklə, belə ailədə potensial qurbanlar böyüyür.

- Bu daha çox kasıb ailələrdə baş verir?

- İmkanlı ailələr də var. Biz hələ də ibtidai icma təfəkküründəyik. O zaman çox yemək gətirən ovçu kişini tərcih edirdilərsə, indi də eynən elədir...

- Bizim toplum üçün keçərli olan ailə modeli hansıdır və bu modelin hansı çürük tərəfləri var?

- "Palaza bürün, elnən sürün" modeli. Hamı görsün ki, toy etdik. 200 nəfərlik o salon doldu. Toyda cütlük öyrəndiyi rəqsi göstərdi. Bir-iki aydan sona soruşacaqlar ki, bir şey-mi şey var? Qaynanan necədi? Bunun kimi olduqca şəxsi suallar. Özü də bu, savadla bağlı deyil. Mən akademik tanıyıram ki, yeni evlənmiş qızdan soruşur ki, qızım, qaynananla necədir vəziyyət? Problem zad var? Lap tutalım problemi var, sən özgə adam ona köməkmi edə biləcəksən? İlk növbədə böyüklərin böyüməsi lazımdır. Böyüsünlər ki, gənclərin şəxsi həyatına hörmət etsinlər, onları doldurulmasınlar, onları baş-başa qoysunlar. İntim həyata ciddi hörmətsizlik var. "Niyə evlənmirsən?" və ya "istəyənin var" kimi suallar. Bu gün ictimai qınaq budur.

- Amma bunlar da iqtisadi azadlıqla bağlıdır. Ailə iqtisadi cəhətdən müstəqil ola bilməyəndə hər baxımdan müstəqil ola bilmir...