Ermənistan ordusunda korrupsiya və özbaşınalıq sürətlə artır


Dünya 31 Avq 2019 03:30:00 316 0

Ermənistan ordusunda korrupsiya və özbaşınalıq sürətlə artır

Ermənistan silahlı qüvvələrinin daha bir generalı vəzifəsindən kənarlaşdırılıb. İşğalçı ölkənin qeyri-döyüş şəraitində ölən əsgərlərinin valideynləri hökumət binası qarşısında aksiya keçiriblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Ermənistanın işğal olunmuş ərazilərimizdə yerləşdirilmiş 6-cı ordu korpusunun komandir müavini general-mayor Vçislav Valeryan vəzifəsindən kənarlaşdırılıb və ona cinayət işi açılıb. Onun adı daha çox maliyyə fırıldağında hallanır. İstintaq materiallarında qeyd olunub ki, korpus komandirinin müavini əsgərlərə verilən ərzaq məhsullarının mənimsənilməsində iştirak edib. Bundan başqa, Ermənistan ordusunda komandir özbaşınalığının, rüşvətxorluğun geniş yayıldığı bildirilir.

Qeyri-döyüş şəraitində ölən əsgərlərin valideynləri etiraz aksiyasında bildiriblər ki, Ermənistan ordusundakı korrupsiya və özbaşınalıq yüksək templə artır. Orduda problemlər dözülməz həddə çatıb. Bu problemlərdən də daha çox cəmiyyətin yoxsul təbəqəsi əziyyət çəkir. Təmas xəttində yoxsul insanların övladları ölür. Əsgərlər komandirlərin və özlərindən rütbəcə yüksək olanların pis davranışları ilə üz-üzə qalırlar. Bütün bunlar sosial müzakirələrin aparılmasını qeyri-mümkün edir.

Hüquq müdafiəçisi Janna Aleksanyan qeyd edib ki, bu yaxınlarda Ermənistan ordusundakı ağır vəziyyətə dözə bilməyən əsgər Arayik Kazaryan ağ bayraq qaldıraraq Dağlıq Qarabağ istiqamətindən Azərbaycan ordusuna təslim olub. O deyib ki, əsgər Kazaryan bir neçə dəfə evə zəng vuraraq hərbi hissədə komandirləri tərəfindən işgəncələrə məruz qaldığını və alçaldıldığını deyib. Bildirilib ki, qeyri-döyüş şəraitində itkilərin artması hərbi hissələrdəki xaosdan xəbər verir. Bunun nəticəsində əsgəri xidmətdən yayınma halları artıb. Cəmiyyətin orduya inamı yoxdur.