BDUnun 100 illiyinə həsr olunan konfrans başa çatıb FOTO


Digərləri 30 Avq 2019 21:04:00 401 1

BDUnun 100 illiyinə həsr olunan konfrans başa çatıb  FOTO

Bakı Dövlət Universitetində bu ali təhsil ocağının 100 illik yubileyinə həsr olunan "Riyaziyyat və onun tətbiqləri" 8-ci Beynəlxalq Avrasiya Konfransının (IECMSA-2019) bağlanış mərasimi keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, BDU-nun rektoru Elçin Babayev dörd gün davam edən konfransın işini yüksək qiymətləndirib, bölmə iclaslarında təqdim olunan məruzələrin, aparılan elmi müzakirələrin uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edib. Rektor gələcəkdə dünyanın tanınmış riyaziyyatçılarının iştirakı ilə Bakı Dövlət Universitetinin tələbə, magistr və doktorantları üçün riyaziyyat üzrə məktəblərin təşkil olunması təklifini irəli sürüb.

Türkiyənin Sakarya Universitetinin professoru Murat Tosun Bakı Dövlət Universitetinin əsas tərəfdaşlığı və ev sahibliyi ilə keçirilən konfransın faydalı olduğunu bildirib və təqdim olunan məqalələrin toplu şəklində və indekslənən jurnallarda nəşr olunacağını haqqında məlumat verib.

Sonra beynəlxalq konfransın bölmə iclaslarına rəhbərlik edən yerli və xarici alimlərin hesabatları dinlənilib. Azərbaycanda olmaqdan məmnunluqlarını bildirən qonaqlar, konfransın işini yüksək dəyərləndirib, təşkilatçılara, universitet rəhbərliyinə minnətdarlıq ediblər.

Bağlanış mərasimində rektor Elçin Babayev Türkdilli Dövlətlərin Riyaziyyatçılar Cəmiyyətinin fəxri prezidenti, tanınmış alim, bacarıqlı elm təşkilatçısı Hilmi Hacısalihoğlunu "Azərbaycan və Türkiyə arasında elmi əməkdaşlığın inkişafına verdiyi böyük töhfələrə, Azərbaycan riyaziyyatçılarına göstərdiyi xüsusi diqqət və qayğıya görə" "BDU-nun Fəxri diplomu" ilə təltif edib.

(adsgarden = window.adsgarden || []).push({});