Ankaranın Asiyaya dönüşü: Türkiyənin yeni geosiyasi "yol xəritəsi"


Dünya 30 Avq 2019 19:21:00 230 0

Ankaranın Asiyaya dönüşü: Türkiyənin yeni geosiyasi "yol xəritəsi"

Son.az newtimes.az-ın yazısını təqdim edir:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəsinin Asiyaya yeni dönüş etməyə başladığı haqqında bəyanatı siyasi dairələrdə qızğın müzakirələrə yol açıb. Yanaşmalar fərqli olsa da, bütövlükdə, mütəxəssislər Ankaranın məqsədinin nədən ibarət olduğunu aydınlaşdırmağa çalışırlar. Əlbəttə, Türkiyə böyük dövlətdir və onun xarici siyasəti geniş geosiyasi məkanı əhatə edə bilər. Bununla yanaşı, müasir qlobal geosiyasi vəziyyəti nəzərə almaq lazımdır. Bu aspektdə isə müxtəlif risklər, qeyri-müəyyənliklər və güclü rəqabət özünü göstərir. Bütün bu faktorları əsas götürsək, Türkiyənin Asiya siyasətində nə kimi nəticələr əldə edə biləcəyi maraq doğurur.

Türk dövlətinin seçimi: Asiya istiqamətində daha fəal mövqe

Ankaranın "yenidən Asiyaya dönüş" strategiyası ekspert dairələrində birmənalı qarşılanmayıb. Bir qisim bu strategiyanın arxasında dayanan konkret məqsədlərin aydın olmadığı qənaətindədir. Başqa ekspertlər hesab edirlər ki, Türkiyənin bu xətti aparmağa gücü kifayət etməyəcək. Digərləri isə Ankaranın düşünülmüş siyasət yeritdiyinə əmindirlər.

Mövqelərin fərqli olması təbiidir. Türkiyə haqqında artıq yüz illərdir ki, yanlış informasiyalar yayır və onu daha çox tənqid edirlər. Hazırda Ankara yüksəlişdədir. O, "qızmar günəş altında" özünə yer tapmağa çalışır. Buna münasibət isə fərqli ola bilər.

Əslində, Türkiyənin bu xətti tamamilə məntiqi və əsaslıdır. Sadəcə, bu böyük dövlətin də öz strateji maraqlarının olduğunu və onları reallaşdırmaq üçün fəaliyyət göstərdiyini qəbul etmək lazımdır. Türkiyə artıq əvvəlki geosiyasi statusundan daha yüksək olan bir səviyyəyə iddialıdır. Onun üçün indi "kiminləsə bir yerdə olmaq" və ya "kimlərinsə yanında olmaq" kimi prinsiplər keçərli deyil. Türkiyə yeni dünya nizamında öz sözü olan və böyük bir geosiyasi məkanda sayılan dövlət olmaq yolunu tutub.

Geosiyasi aspektdə məsələnin məhz bu tərəfi önəmlidir. Çünki Ankaranın qarşısına qoyduğu məqsədləri obyektiv analiz etmək üçün həmin başlanğıc şərti anlamaq lazımdır. Beləliklə, Türkiyə Asiyaya yenidən söz sahibi ölkə kimi dönmək fikrindədir. Bu iddia nə dərəcədə realdır?

"Asiyaya dönmək" məsələsi yalnız Türkiyənin gündəmində durmur. Bir neçə il öncə Rusiya analoji niyyətlə çıxış etmişdi. Ekspertlər Rusiya-Çin əməkdaşlığını Moskvanın Şərqə dönüşü kimi qiymətləndirirdilər. Buraya, bütövlükdə, Asiya daxil idi. Moskva ilə Pekin arasında imzalanan sazişlər prosesin başladığını göstərirdi. Ancaq bir qədər sonra məlum oldu ki, bu, elə də asan məsələ deyil. Problem Rusiyanın Şərqdə Çin kimi ölkə ilə geosiyasi, hərbi və iqtisadi rəqabətə girməsi ilə bağlı idi. Ekspertlər hesab edirlər ki, Çin Rusiyanın Asiyada lider olmasına imkan verməyəcək. Bununla Kremlin "Şərqə dönüş" xətti bir qədər səngimiş kimi oldu.

Ancaq Moskva həmin istiqamətdə fəallığını azaltmayıb. Əksinə, daha aktiv şəkildə proseslərə təsir etməyə çalışır. Çin, Hindistan, Yaponiya, Şimali Koreya və digər güclü region dövlətləri ilə əməkdaşlığını dərinləşdirməyə çalışır. Sual olunur: Rusiyanın Asiyaya dönüşü baş tutdumu? Əlbəttə, bu suala birmənalı cavab vermək hələ tezdir, çünki mübarizə davam edir. Rusiya həmin istiqamətdə addımlarını atır. Eyni vəziyyət Türkiyə ilə bağlı da yarana bilər. Bununla yanaşı, Ankaranın şansını artıra biləcək bir sıra tarixi, sosiomədəni və siyasi faktorlar mövcuddur.

Məsələ ondan ibarətdir ki, Asiyada çox sayda türk dövlətləri və topluluqları var. Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Rusiyanın tərkibində olan muxtar respublikalar, Çinin tərkibində olan uyğur bölgəsi və s. Hindistanda türklər az deyil, Myanmarda müsəlmanlar yaşayır. Koreya yarımadasında türk şüuru mövcuddur. Ancaq bütün bunlar o demək deyildir ki, Türkiyə həmin dairələri birləşdirib kimlərəsə qarşı vahid siyasi cəbhə yarada bilər. Bu, qeyri-konstruktiv və perspektivsiz bir strategiya olardı. Ancaq Türkiyə konkret məsələlər üzrə Asiya dövlətləri ilə kifayət qədər səmərəli münasibətlər qura bilər.

Riskli və mürəkkəb şərtlər: güclənən rəqabətdə uğur qazanmaq modeli

Bu münasibətlərin də məzmunu aydın olmalıdır. Onlar üçün əsas prinsip qarşılıqlı faydalı əməkdaşlıq hesab olunur. Bu çərçivədə, məsələn, Ankara "Bir kəmər, bir yol" layihəsində iştirakını daha da gücləndirə bilər. Məlumdur ki, həmin layihə ölkələr və xalqlar arasında sıx əməkdaşlığı və müxtəlif sahədə infrastruktur şəbəkəsini yaratmağı nəzərdə tutur. Bu alınarsa, onlarla dövlət bir-biri ilə şəbəkə halında əlaqədə olacaq. Təbii ki, bu zaman təhlükəsizlik faktoru da aktuallaşaraq ümumi xarakter almış olar.

Buradan belə qənaət alınır ki, kifayət qədər potensial imkana malik dövlətlər vurğulanan layihə çərçivəsində öz geosiyasi mövqeyini möhkəmlədə və Asiya dövlətləri ilə daha sıx əməkdaşlıq qura bilərlər. Burada təbii ki, tarixən formalaşmış digər imkanları da nəzərə almaq lazım gəlir. Məsələnin başqa bir aspekti qlobal geosiyasətdə müşahidə edilən proseslərin məntiqinə bağlıdır.

Aydındır ki, Asiyaya dönüş edən təkcə Türkiyə deyil. ABŞ və Avropa İttifaqı daha iddialıdırlar. Onlar, ümumiyyətlə, qlobal geosiyasi proseslərin mərkəzinin Qərbdən Asiyaya keçməkdə olduğu haqqında çoxdan danışırlar. Bunun fonunda hər iki böyük gücün Asiya istiqamətində siyasəti daha da fəallaşır. ABŞ "G5+1" formatı çərçivəsində yeni addımlar atır, Aİ isə bütövlükdə, yeni Mərkəzi Asiya stratejisini hazırlayıb. Bunlardan başqa, hər iki böyük güc ikitərəfli qaydada Çin, Hindistan, Yaponiya, Koreya istiqamətlərində siyasətlərini yeni səviyyəyə yüksəldirlər.

Bu cür gedişat avtomatik olaraq Asiyada geosiyasi rəqabəti də gücləndirir. Deməli, hazırda həmin bölgədə ABŞ, Aİ, Rusiya, Çin, Hindistan, Yaponiya kimi güclü oyunçular vardır. Burların sırasına Türkiyəni də əlavə etmək lazım gəlir. Göründüyü kimi, Asiyada uğur əldə etmək xeyli dərəcədə çətin bir işə çevrilir. Lakin bu, Türkiyənin Asiyaya dönüş strategiyasından imtina etməsi üçün səbəb olmalıdırmı? Bizcə, olmamalıdır. Çünki müasir dünyanın reallığı belədirsə, ondan kənarda durmağa çalışmaq bəri başdan uduzmaq deməkdir. Dünya siyasətinin və qlobal iqtisadi infrastrukturun əyalətinə atılmaq deməkdir. Ankara bu cür passivlik göstərə bilərmi?

Əlbəttə, Türkiyə qarşısına qoyduğu məqsədlər baxımından Asiyaya dönüşü mütləq reallaşdırmalıdır. Bunun üçün Ankara xarici siyasətindəki diversifikasiyanı daha da dərinləşdirməlidir. Burada Türkiyə üçün ABŞ, Avropa, Rusiya, İran, Yaxın Şərq istiqamətləri ilə yanaşı, ayrıca Asiya xətti də inkişaf etdirilməlidir. Həmin kontekstdə Cənubi Qafqaz faktoru, şübhəsiz ki, prinsipial mövqelərdən birini tutur. Doğrudan da, Asiyaya yeni dönüşdə Cənubi Qafqaz hansı statusdadır?

Etiraf edək ki, burada vəziyyət daha mürəkkəbdir. Belə ki, Cənubi Qafqaz İran və Rusiya ilə həmsərhəddir ki, bu dövlətlərin də həmin subregionda xüsusi maraqları var. Digər tərəfdən, Yaxın Şərqdəki vəziyyətə görə Ankara Rusiya və İranla çox ehtiyatlı davranır. Bu, daha çox Suriyada özünü göstərir. Bunlarla yanaşı, Ermənistanın Cənubi Qafqazda Rusiyanın forpostu olduğu məlumdur. Bu kvazidövlət Azərbaycan və Türkiyəyə qarşı düşmən mövqedədir. Deməli, Cənubi Qafqaz istiqamətində Türkiyə üçün vəziyyət mürəkkəbdir və burada uğur əldə etmək heç də asan olmayacaq.

Lakin Ankara Cənubi Qafqazda nüfuzunu daha da artırmağa məcburdur. Buradakı münaqişələr həll edilməyincə, Asiyaya dönüşün baş tutması şübhə altında olacaq. Görünür, yaxın perspektivdə Cənubi Qafqazda Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığı yeni səviyyədə dərinləşməlidir. Bu model, ümumən, subregionun təhlükəsizliyinin təminində ciddi rol oynaya bilər.

Belə çıxır ki, Türkiyənin bu yeni strategiyası qlobal geosiyasətin bir sıra məqamları ilə kəsişir. Yaxın Şərq, Cənubi Qafqaz, Mərkəzi Asiya, Şərqi Asiya, Cənub-Şərqi Asiya, Sakit okean hövzəsi xəttində çoxsaylı riskli faktorlar mövcuddur. Eyni zamanda, həmin məkan uğrunda bir neçə güclü dövlət rəqabət aparır. Bu iki özəllik Ankara üçün Asiyaya dönüşü problemli edir.

Təbii ki, çətin və uzun zaman tələb edə biləcək bir proses olacaqdır. Lakin Türkiyənin başqa seçimi yoxdur. Dünyanın digər böyük gücləri ilə rəqabət aparmaq üçün ən riskli addımları belə atmaq lazım gəlir. Böyük dövlətlərin oyununda sərt şərtlər qoyulur. Türkiyənin Asiya istiqamətində tədricən fəallığını yeni səviyyəyə yüksəldəcəyini gözləmək olar. Xüsusilə onun Çinlə əlaqələrinin dərinləşməsi gözləniləndir.

Bunlara baxmayaraq, Türkiyənin Asiyaya yenidən dönüşü Yaxın Şərqdəki proseslərdən xeyli dərəcədə asılıdır. Yəni Ankara Yaxın Şərqdəki problemlərini həll edə bilməsə, Asiyaya dönüş kağız üzərində qalacaq.