Proses gedir: İrəvan sülhə məcbur ediləcək


Dünya 30 Avq 2019 19:58:00 260 0

Proses gedir: İrəvan sülhə məcbur ediləcək

Ermənistanın siyasətində heç bir dəyişiklik müşahidə olunmur. İrəvan dağıdıcı siyasət yürütməkdə davam edir.

Son.az Axar.az-a istinadən bildirir ki, bu sözləri  politoloq Tofiq Abbasov Ermənistanın Baş naziri Nikol Paşinyanın son dövrlər Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

O xatırladıb ki, ermənilərin 1988-ci ildə Xankəndinin mərkəzi meydanında keçirilən mitinqində də əsas şüarları Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi idi:

"O dövrdə heç kim bilmirdi ki, Sovet İttifaqı yaxın zamanda parçalanacaq. 3 ildən sonra SSRİ süqut etdi və Qafqazda yeni geosiyasi reallıq formalaşdı. Azərbaycan və Ermənistan müstəqil dövlət oldu. Bundan sonra isə "miatsum" ideologiyasında dəyişiklik etməli oldular. Onlar dedilər ki, "Qarabağ xalqı" guya yeni xalqdır, öz müqəddəratını həll etmək istəyir və müstəqilliyini elan edir. Bütün bu təkamül prosesində biz bu əyintilərin qabarıq şəkildə özünü əks etdirməsinin şahidi olduq. Əvvəlcə bunlar "birləşək", sonra isə "müqəddəratımızı özümüz həll etmək istəyirik" dedilər. İndi isə bildirirlər ki, Qarabağ Ermənistanın tərkib hissəsidir. Burada heç bir ideoloji əsas yoxdur. Ermənistan Azərbaycan torpaqlarını üçüncü qüvvələrin iştirakı ilə zəbt edib və hələ də özündə saxlayır. Bunun sonu olacaq və sonda da Ermənistanı sülhə antiklan əməliyyatının vasitəsi ilə məcbur etmək mümkün olacaq. Bütün hadisələr bu prosesə doğru gedir".

Politoloq onu da bildirib ki, bu müddətdə Azərbaycan üzərinə düşən bəzi öhdəlikləri yerinə yetirməlidir:

"Bu müddətdə Azərbaycanın üzərinə düşən vəzifə isə sülh prosesində mövcud siyasətini qoruyub saxlamaqdır. Biz onsuz da Ermənistanın bu cür təxribatlarına uymuruq və uymayacağıq. Burada əsas problem ondan ibarətdir ki, bütün nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın tərəfini tutmalıdır. Beynəlxalq hüquqi normalar bizim tərəfimizdədir. Ermənistan yenə də siyasi prosesi, diplomatik danışıqları çökdürəcəksə, əlbəttə ki, qarşıdurmalar qaçılmaz olacaq və yeni müharibə baş verəcək. Aydın məsələdir ki, qüvvələr nisbəti Azərbaycan tərəfindədir və biz öz işimizi görəcəyik".