Energetika naziri Gəncədə, nazir müavini isə Goranboyda vətəndaşları qəbul edib (FOTO)


Digərləri 30 Avq 2019 16:11:00 205 0

Energetika naziri Gəncədə, nazir müavini isə Goranboyda vətəndaşları qəbul edib (FOTO)

Pərviz Şahbazov Gəncə şəhərində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Gəncə filialının inzibati binasında vətəndaş qəbulu keçirib.

Bakı. Avqustun 30-da Energetika naziri Pərviz Şahbazov Gəncə şəhərində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Gəncə filialının inzibati binasında vətəndaş qəbulu keçirib. Nazirlikdən Trend-ə verilən məlumata görə, həmin gün Energetika nazirinin müavini Samir Vəliyev də Goranboy şəhərində vətəndaşları qəbul edib. Vətəndaşların müraciətləri elektrik enerjisi təchizatı, elektrik xətlərinin və transformatorların yenilənməsi, elektrik dirəklərinin yerinin dəyişdirilməsi, elektrik enerjisi verilişindəki fasilələr, elektrik enerjisi və qaza görə yaranan borc və cərimələr, qaz təchizatı, qaz sayğacının quraşdırılması, işlə təminat və digər məsələləri əhatə edib. Energetika Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbullarda vətəndaşların müraciəti dinlənilib, qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb. Vətəndaş qəbulu zamanı Mingəçevir şəhəri və Samux rayonundan qəbula gələn vətəndaşların da müraciətləri dinlənilib, operativ həlli üçün lazımi tədbirlər görülüb.