Ağcabədidə Toxum Emalı Zavodunda son tamamlama işləri aparılır


Digərləri 30 Avq 2019 14:40:21 228 0

Ağcabədidə Toxum Emalı Zavodunda son tamamlama işləri aparılır

Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Dövlət Toxum Fondunun Ağcabədi rayonunun Hüsülü kəndi ərazisində dənli bitkilərin toxum emalı zavodu inşa edilir.

Bakı. Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Dövlət Toxum Fondunun Ağcabədi rayonunun Hüsülü kəndi ərazisində dənli bitkilərin toxum emalı zavodu inşa edilir. Nazirlikdən Trend-ə verilən məlumata görə, ötən ilin dekabr ayından başlayan tikinti işləri növbəti ilin səpin vaxtına kimi yekunlaşacaq. Ümumi sahəsi 1 hektardan çox olan müəssisədə artıq son tamamlama işləri aparılır. Ağcabədi Toxum Emalı Zavodu saatda 5 ton toxum emal etmək gücünə malik olacaq. Zavod inzibati binadan, toxumtəmizləyici mərkəzdən, emal prosesindən əvvəl toxum materialının boşaldılması və hazır toxumların saxlanılması üçün nəzərdə tutulan anbarlardan ibarətdir. Müəssisədə toxumun keyfiyyət və məhsuldarlıq parametrləri üzrə müayinə edilməsi üçün müasir standartlara uyğun laboratoriya quraşdırılıb. Zavodda emal prosesi dörd mərhələdə aparılacaq. İlk mərhələdə dənli bitkilərin içərisindəki daş qırıntları və saman çöpləri təmizlənəcək. İkinci mərhələdə vələmir, üçüncü mərhələdə xırda buğdalar, dördüncü mərhələdə isə buğda köynəyi və boş buğdalar təmizlənəcək. Təmizlənmiş buğdalar sürmə xəstəliyinə qarşı maddə ilə dərmanlanaraq 50 kiloqramlıq kisələrə yığılacaq. Ağcabədi toxum emalı zavodunun əsas üstünlüyü toxum emalını az itki ilə həyata keçirməsidir.