Azərbaycanda şərabın alkoqollu içki sayılmaması təklif edilir


Digərləri 30 Avq 2019 13:49:49 169 0

Azərbaycanda şərabın alkoqollu içki sayılmaması təklif edilir

Azərbaycanda şərabın alkoqollu içki deyil, qida məhsulu hesab edilməsi, onun reklamının genişləndirilməsi təklif edilib.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda şərabın alkoqollu içki deyil, qida məhsulu hesab edilməsi, onun reklamının genişləndirilməsi təklif edilib. Trend-in məlumatına görə, bu təkliflə "AzQranata" zavodunun direktoru Vüqar Mikayılov Şamaxıda I Üzüm və Şərab Festivalı çərçivəsində təşkil olunan “Azərbaycanda şərab sənayesinin inkişaf perspektivləri və ixrac potensialının inkişafı” adlı dəyirmi masada çıxış edib. Onun sözlərinə görə, bu gün dövlət qayğısı nəticəsində şərabın ixrac potensialı 30 faiz yüksəlib: “Şərab məhsullarının ixracının artırıla bilməməsi üçün qınaq obyektinə çevrilirik. Amma yaşı 10-dan az olan üzüm bağlarındakı üzümlərin tərkibindəki mikro və makro elementlər tam mənimsənilmədiyi üçün ondan hazırlanan şərab yalnız süfrə şərabı kimi satıla bilər. Mən deyərdim ki, Azərbaycanda süfrə şərabının keyfiyyəti ən pik həddə çatıb. Süfrə şərabı kimi ən keyfiyyətli şərab Azərbaycandadır. Ancaq süfrə şərabının qiyməti 1 dollar 40 sentdən 2 dollara qədərdir. Çox əfsuslar olsun ki, üzüm bağları indiyədək coğrafi göstəricilərinə görə zonalara bölünməyib. Nə qədər ki, bu bölgü olmayıb, biz öz şərablarımızı ucuz satacağıq. Bizim şərablarımızın baha satılması heç də çətin deyil. Bunun üçün dövlət tərəfindən zonaların adları ilə bağlı qərar qəbul edilməlidir. Sonra isə həmin zonadakı şərab zavodlarının mütəxəssisləri bir-birlərinin bağlarını, üzümlərini yoxlamağa gedə bilərlər. Daha sonra isə şərab həmin torpağın coğrafi mənşə adı ilə buraxıla bilər”. Çaxırların da qiymətinin ucuz olması qənaətində olan V.Mikayılov Gürcüstanda olduğu kimi, Azərbaycanda da şərabçılıqla məşğul olan kiçik sahibkarların sayının artmasını vacib sayıb. Onun sözlərinə görə, Gürcüstanda şərabçılıqla məşğul olan kiçik təsərrüfatların sayı 10 mindən çoxdur. Azərbaycanda isə cəmi 15 zavod var: “Əgər həqiqətən də üzümçülüyü inkişaf etdirmək istəyiriksə, üzümdən hazırlanan məhsulu alkoqollu məhsul kimi deyil, qida məhsulu kimi ortaya qoymalıyıq. Niyə görə Azərbaycanda şərab alkoqollu içki sayılır, qida məhsulu sayılmır? Niyə saat 11-ə qədər şərabları reklam etmək olmaz?”.