Beynəlxalq Muğam Mərkəzi meksikalı fortepiano məktəbini təqdim edəcək


Digərləri 30 Avq 2019 13:35:00 189 0

Beynəlxalq Muğam Mərkəzi meksikalı fortepiano məktəbini təqdim edəcək

Sentyabrın 2-də meksikalı pianoçu Xesus Lepe Rikonun konserti keçiriləcək.

Bakı. Sentyabrın 2-də meksikalı pianoçu Xesus Lepe Rikonun konserti keçiriləcək. Qeyd edək ki, bu konsert pianoçunun Bakı tamaşaçıları ilə ikinci görüşüdür. Pianoçu ötən ilin noyabrında Beynəlxalq Muğam Mərkəzinin səhnəsində maraqlı proqramla çıxış etmişdi. Hələ ötən konsertdən sonra təəssüratlarını bölüşən musiqçi bildirmişdi ki, sevgi, anlaşma, musiqinin ecazkar sehri bir daha təsdiq edir ki, musiqinin dili yoxdur: "İfama qonaq olduğum Azərbaycandan aldığım enerjini və xoş təəssüratın pozitivliyini qataraq ifa edirəm. Beynəlxalq Muğam Mərkəzinin səhnəsində çıxış etməkdən isə hədsiz məmnunam... " Bu dəfəki konsertdə ifaçı Bax, Bethoven və Şopen kimi məşhur bəstəkarların bir neçə əsərini, eyni zamanda Kastro və Belisario kimi tanınmış meksikalı bəstəkarlarının bəzi əsərlərini səsləndirəcək. Meksikalı pianoçunun Azərbaycanda çıxışı Meksikanın Beynəlxalq Muğam Mərkəzi və Azərbaycandakı Meksika Səfirliyinin əməkdaşlığı əsasında həyata keçirilir.