Bu ilin yanvariyul ayları üzrə sığorta bazarının göstəriciləri açıqlandı


Digərləri 29 Avq 2019 14:24:00 235 0

Bu ilin yanvariyul ayları üzrə sığorta bazarının göstəriciləri açıqlandı

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) maliyyə bazarları sahəsində prioritet hədəflərindən biri də məhz sığorta sahəsinin tənzimlənməsinin həyata keçirilməsi, nəzarət sisteminin çevikliyinin və şəffaflığının təmin edilməsi, habelə qabaqcıl beynəlxalq təcrübə əsasında sığorta sahəsinin inkişaf etdirilməsidir.

Son.az xəbər verir ki, Palatadan Trend-ə bildirilib ki, sığorta xidmətlərinə etimadın artırılması və sığorta infrastrukturunun genişləndirilməsi istiqamətində bir sıra mühüm hüquqi, institusional və əməliyyat işləri həyata keçirilib. Aparılan islahatlar sığorta sahəsində sığorta haqlarının artmasına müsbət təsir edir.

2019-cu ilin yanvar-iyul aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 422.9 mln. manat məbləğində sığorta haqları toplanıb, 154.6 mln. manat məbləğində sığorta ödənişləri həyata keçirilib.

Könüllü sığorta bazarı üzrə haqlar 285.6 mln. manat, ödənişlər isə 110 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 137.3 mln. manat, ödənişlər isə 44.6 mln. manat olub.

2019-cu ilin yanvar-iyul aylarında sektor üzrə məcmu sığorta haqlarının 67.5%-i könüllü, 32.5%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 71.1%-i könüllü, 28.9%-i icbari sığorta növləri hesabına formalaşıb.

Vergi sahəsində aparılmış islahatlar nəticəsində həyat yaşam sığortası üzrə sığorta haqlarının azalmasına baxmayaraq, qeyri-həyat sığortası üzrə həm könüllü (2% və ya 2.4 mln. manat), həm də icbari sığorta növlərində (8% və ya 8 mln. manat) artım müşahidə edilib. Belə ki, qeyri-həyat sığortası növündə tibbi sığorta üzrə 16%-lik (9.6 mln. manat) artım olub ki, bu da əsasən korporativ müştərilər tərəfindən tibbi sığorta məhsuluna tələbin artması ilə əlaqədardır.

Qeyri-həyat sığorta növləri üzrə əsas drayver olan icbari avtomobil sığortası ilə bağlı Palata və İcbari Sığorta Bürosunun (İSB) əməkdaşlığı nəticəsində tam avtomatlaşdırma təmin edilib. Sığorta müqavilələrinin elektronlaşdırılması nəticəsində təxminən 100 faizlik penetrasiya əldə edilib. Hadisələrin idarə edilməsi sistemi formalaşdırılıb ki, bu da "Forma 4" sənədinin elektron qaydada əldə edilməsinə imkan yaradır. Məhz görülmüş bu tədbirlər nəticəsində avtonəqliyyat vasitələrinin sığortası üzrə 29% (4.4 mln. manat), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə isə 6%-lik (3.1 mln. manat) artım müşahidə olunub.