Arvadı ilə tutmuşdu, bağışladı, amma 4 il sonra öldürdü


Kriminal 29 Avq 2019 09:24:00 209 0

Arvadı ilə tutmuşdu, bağışladı, amma 4 il sonra öldürdü

Şabran rayon sakini, 39 yaşlı Vüsal Hacıyev həmyerlisi Ruslanı qətlə yetirib. Məhkəmədə bəlli olub ki, Vüsal əvvəllər həyat yoldaşı ilə Ruslanın münasibətindən xəbər tutub, hətta onları bir yerdə yaxalayıb. Maraqlıdır ki, həmin vaxt namusuna göz dikdiyi üçün Ruslana əl vurmayıb, onu polisə təhvil verib. Ruslan isə arvadı ilə bir yerdə tutduğu halda onları bağışlayan Vüsalı rayonda biabır edib, arxasınca danışıb, sonuncu da onu öldürməklə qisas alıb.

Amma o da bəlli olub ki, Vüsalın özü də düzgün həyat sürməyib, 3 dəfə evlənib, hətta ikinci arvadının barmaqlarını sındırıb. Bir nəfərin ölümünə, digərinin həbsxanaya düşməsinə səbəb olan qadın isə xəstəlikdən ölüb.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Vüsal Hacıyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Hadisə ötən il avqustun 12-də Vüsal Hacıyevin mənzilində baş verib. Həyat yoldaşını yaşadığı evin həyətində həmyerlisi Ruslanla bir yerdə yaxalayan Vüsal sonradan onu bağışlasa da şəhər camaatı içərisində haqqında nalayiq sözlər işlətməsini eşidib. Bu səbəbdən də ondan qisas almağı planlaşdırıb. Bunun üçün münasib vaxt və şərait yaranmasını gözləyib.

Tanışı İsmayıl Səfərəliyevlə birgə spirtli içki qəbul edən Vüsal Ruslandan qisas almaq üçün mebel düzəltdirmək adıyla onu evə çağırtdırıb. Söhbət əsnasında Vüsal Ruslana o vaxt güzəştə getdiyini xatırladıb. Ruslansa cavabında ona mərhum arvadının yüngül həyat tərzi sürdüyünü, başqa kişilərlə də yaxın münasibət qurduğunu bildirib. Nəticədə onların aralarında mübahisə yaranıb. Masanın üstündəki "Aroma" şüşəsini Ruslanın başına çırpan Vüsal onu yardımçı tikiliyə sürüyüb aparıb. Orada bıçaqla bədəninə çoxsaylı zərbələr endirib. R.Hacıyev aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Təqsirləndirilən Vüsal Hacıyev ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. İfadəsində həyat yoldaşı və uşaqları ilə bir yerdə yaşadığını, əvvəllər üç dəfə ailə qurduğunu, lakin müxtəlif səbəblərdən nikahları pozulduğunu deyib: "2014-cü ilin yayında Ruslanı həyat yoldaşımı bir yerdə tutmuşdum. Həmin vaxt aparıb polisə təhvil verdim. Arvadımı da evdən qovdum. Sonradan uşaqlara görə evə gətirdim. Bir il sonra arvadım talassemiya xəstəsi olduğundan vəfat etdi".

Həyat yoldaşı vəfat etdikdən sonra Vüsal ikinci dəfə ailə qurub. Amma özünün dediyinə görə, arvadı birinci nikahdan olan uşaqları ilə pis davrandığına görə onun barmaqlarını sındırıb. Bu səbəbdən də Şabran rayon məhkəməsinin qərarına əsasən barəsində cərimə cəzası təyin edilib.

V.Hacıyevin ifadəsinə görə, hadisə baş verən gün tanışı İsmayılla birgə yemək yeyib spirtli içki içiblər. Süfrə arxasında köhnə söhbətlər açılıb, o da Ruslanda günah görmədiyini, artıq onu bağışladığını deyib: "İsmayılla Ruslan həyətdə mübahisə edirdilər. İsmayılın təkidi ilə Ruslanı evə buraxdım. Elə səhvim də onda olub. Ismayıl Ruslana araq süzdü. Birdən yadıma həmin hadisə düşdü. Əsəbləşib butulkayla Ruslanın başına vurdum və otaqdan çıxdım. Geri qayıdanda gördüm ki, bunlar yoxdular. Mətbəxin işığı yanırdı, ora yaxınlaşanda Ruslanın öldüyünü gördüm".