DANX: Lənkəranda qəzaya düşən avtobus qanunsuz fəaliyyət göstərirdi


Digərləri 29 Avq 2019 09:38:00 179 0

DANX: Lənkəranda qəzaya düşən avtobus qanunsuz fəaliyyət göstərirdi

Lənkəranda qəzaya düşən avtobus Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) fərqlənmə nişanı almayan, qeyri-qanuni fəaliyyət göstərən daşıyıcı olub.

Bakı. Ceyhun Ələkbərov - Lənkəranda qəzaya düşən avtobus Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) fərqlənmə nişanı almayan, qeyri-qanuni fəaliyyət göstərən daşıyıcı olub. Bunu Trend-ə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, avtobus Lənkəran daxilində fəaliyyət göstərib: “Qəzaya düşən avtobus müntəzəm sərnişin daşımırdı, sadəcə ayda bir, iki dəfə xəttə çıxırdı. Avtobus fəhlələri, ya da ona sifariş əsasında müraciət edən insanları daşıyırdı. Bizdən xəbərsiz və fəqlənmə nişanı olmadan işləyən sürücü hadisə səbəbindən dünyasını dəyişib”. Xatırladaq ki, Lənkəranda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 23 nəfər müxtəlif xəsarətlərlə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəza nəticəsində sürücü yerindəcə dünyasını dəyişib. Xəsarət alanların 10-u xəstəxanada müalicəsini davam etdirəcək, digərləri ambulator müalicəyə göndəriləcək.