Məzuniyyəti istəməyin həftəhəftə, güngün...


Digərləri 28 Avq 2019 23:34:00 197 0

Məzuniyyəti istəməyin həftəhəftə, güngün...

Və ya işə yorğun qayıtmamaq üçün istirahəti necə keçirmək lazımdır?

Belə bir fikir var: "Məzuniyyətə ən çox ehtiyacı olan işçi, məzuniyyətdən yeni gəlmiş işçidir". Yəni nə qədər istirahət etsən də, qayıdanda yenə məzuniyyət istəyirsən. Bəzi işçilər məzuniyyətdən qayıdandan sonra da yorğun olurlar, işə yüksək əhval-ruhiyyə, bol enerji ilə gəlmirlər. Burda sual yaranır: bəlkə onlar istirahət müddətlərini doğru dəyərləndirmirlər? Təbii ki, burada məzuniyyəti necə keçirməyin rolu önəmlidir. Bəs işə yorğun qayıtmamaq üçün məzuniyyəti necə keçirmək lazımdır?

Son.az xəbər verir ki, psixoloq Vəfa Əkbər "Kaspi"yə açıqlamasında bildirdi ki, il ərzində istirahətə çox az vaxt ayıran adamlar məzuniyyətdən yorğun qayıdırlar: "Çünki ilk növbədə onların istirahətdən gözləntiləri çox olur. Bu gözlənti, istirahətdən tam dincəlmiş formada və yeni təəssüratlarla gəlmək fikridir. Amma eyni anda ikisini etmək heç də həmişə alınmır. Yəni dincəlmək üçün fərqli bir yerə səfər edilirsə - bu, ölkə daxili də ola bilər, xarici bir ölkə də - düşünülür ki, ora gedəndə bütün ağrıları unudacaq. Ancaq getdiyin yerdə iqlim dəyişikliyi olursa, bədən bir neçə gündən bir neçə həftəyə qədər uyğunlaşma dövrü keçir. Biz iki həftəlik harasa gedib, dincəlməyib gələ bilərik. Bu, bizim bədənimizin həmin iqlimə uyğunlaşa bilmədiyini göstərir. Bir də, biz, təəssüratlar arxasınca qaçırıq. Yeni təəssüratların yaranmasını, gördüyümüz, eşitdiyimiz hər şeyi yadda saxlamaq istəyirik. Və ilk gün beyin çox yüklü olur, səhəri gün də baş ağrıları başlayır. Çünki biz özümüzü gücümüz çatandan çox yükləyirik. Bu, qaynayan rutinin içində günlərimiz gedir. Tətilin hər günü qum saatında axan quma bənzəyir. Tətil sona yaxınlaşdıqca, həmin insan gərginləşir. Çünki yeni təəssürat, informasiya istəyir, olmadığı təqdirdə, yeni şəkillər axtarışında olur. Bu da olmayanda aqressiya yaranır. Daim belə gərgin olan insan, tətil bitəndə istirahətdən doymamış, dincəlməmiş qayıdır və işə getmək istəmir. Yaxşı olar ki, tətilə gedərkən gözləntilərimizi azaldaq. Sadəcə, hadisələri həmin anın axarına buraxaq".

V.Əkbərin sözlərinə görə, istirahət dəbə görə deyil, hər kəsin öz zövqünə uyğun edilsə, sonda daha yaxşı nəticə əldə etmiş olarlar: "Getdiyiniz yerdə görmək istədiyiniz məkanlar varsa, planlı şəkildə onu bir neçə günə sığışdıra bilərsiniz. Məzuniyyətin qalan günlərini isə aktiv dincəlməyə sərf etmək yaxşı olar. Gəzməyə, sağlam qidalanmağa çalışmaq lazımdır. Doğru qidalanmadıqda, insan özünü diskomfort hiss edir. Bu da insana həm fiziki, həm də psixoloji olaraq ağrı verir. Ümumiyyətlə, istirahəti necə keçirmək bir az da zövq məsələsidir. Elə adam var ki, fərqli məkanlarda olmaqdan zövq alır, eləsi də var, dənizdən, təbiət qoynunda olmaqdan. Ona görə, istirahət edərkən dəbə uymaqdan çox, zövq almağa fikir vermək lazımdır. Dəbə uyğun istirahət etməyə çalışsan və bu, sənin zövq aldığın istirahət növü deyilsə, onda istirahət müddəti boşuna getmiş olacaq".

İnsan resursları mütəxəssisi Cabir Süleymanlı deyir ki, belə problem yaşanmasının bir səbəbi məzuniyyəti hissə-hissə götürmək metodudur: "Bizdə çox adam məzuniyyəti dar gün üçün saxlayır, hamısını tam götürmək istəmir. Adətən bir həftə, on gününü götürürlər. Qısa müddət istirahətə gedib qayıdanda da dincəlmək olmur. Bir həftəyə nə tam işdən ayrılmaq olur, nə də dincəlmək. Bir həftənin çoxu da yollarda keçir. Yəni məzuniyyətə alışmamış, qayıdırlar".

C.Süleymanlı bildirdi ki, Azərbaycanın biznes mühitində, məzuniyyətə gedən işçini narahat etməmək kimi bir mədəniyyət hələ tam olaraq formalaşmayıb: "Ya müştərilər əlaqə saxlayır, ya işdən axtarırlar. İstirahətdə olsan da, hər hansı məsələni araşdırmaq, nəyisə həll etmək lazım gəlir. İşdən uzaqlaşıb dincəlmək olmur. Ona görə, işdən uzaqlaşacaq bir mühitə getmək lazımdır. Bizdə məzuniyyətə gedərkən işçilərdə qəribə bir məsuliyyət olur, telefonu açıq saxlayırlar ki, birdən lazım olarıq, ehtiyac olanda əlaqə saxlasınlar".

Hazırda istirahətdə olan "Hünər Group" şirkətinin PR və marketinq departamentinin direktoru Nəsimi Paşayevin də bu mövzuda fikirlərini öyrəndik. O deyir ki, istirahət və işə yanaşma insandan-insana görə dəyişir: "İnsanlar var ki, nə qədər maaş alsalar, hətta istirahətə getsələr də, getməsələr də işdə özlərini yorğun hiss edirlər. Bu, insanın psixologiyası ilə bağlı məsələdir. Demək ki, insan o işdə özünü xoşbəxt hiss etmir. Amma insan var ki, illərlə məzuniyyətə çıxmasa, istirahət etməsə belə, işə həvəslə gəlir, özünü xoşbəxt hesab edir. Çünki o, işini sevir".