Azərbaycan BMT komissiyasının sessiyasına sədrlik edib (FOTO)


Digərləri 28 Avq 2019 16:13:00 243 0

Azərbaycan BMT komissiyasının sessiyasına sədrlik edib (FOTO)

Azərbaycan BMT komissiyasının “Asiya-Sakit okean İnformasiya Super Magistralı və infrastruktur bağlantıları” sessiyasına sədrlik edib

Bakı. Azərbaycan BMT komissiyasının “Asiya-Sakit okean İnformasiya Super Magistralı və infrastruktur bağlantıları” sessiyasına sədrlik edib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, Taylandın Banqkok şəhərində BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) 5 regional kommisiyasından biri olan Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Asiya-Sakit okean İnformasiya Super Magistralı (ASİSM) layihəsi üzrə İdarəetmə Komitəsinin 3-cü sessiyası keçirilir. Tədbir çərçivəsində həmçinin İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin regional dövrü müzakirəsi aparılır. Komissiya iqtisadi və sosial məsələləri müzakirə etmək və nəzərdən keçirmək, o cümlədən regional əməkdaşlığı gücləndirmək məqsədilə region dövlətləri üçün bir platforma rolunu oynayır. Tədbir çərçivəsində idarətmə komitəsinin iclasına seçkilər keçirilib. İdərəetmə komitəsi iclasına sədr və UNESCAP-ın 4 subregionundan müavinlər seçilib. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Emil Əhmədov Şimali və Mərkəzi Asiya subregionundan (Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan) komitə iclasına sədr müavini seçilib və “Asiya-Sakit okean İnformasiya Super Magistralı və infrastruktur bağlantıları” adlı sessiyaya sədrlik edib. Azərbaycan ESCAP-ın əksər üzv ölkələri ilə yüksək səviyyəli siyasi münasibətlərə malikdir. Ölkəmiz 31 iyul 1992-ci il tarixindən UNESCAP-ın üzvüdür. Qurum xüsusən nəqliyyat, İKT və enerji sahələrində maraqlarımızın təmin edilməsi baxımından çox önəmli bir platformadır.