Budur siyasi mübarizə, "demokrat lider"?


Siyasət 28 Avq 2019 12:16:00 329 0

Budur siyasi mübarizə, "demokrat lider"?

İnsanlar var ki, yanlış etdiklərinin fərqinə varandan sonra qüsurlarını aradan qaldırmağa çalışır, özünüislaha başlayırlar. İnsanlar var ki, səhvlərini anlamasalar da, nadir hallarda yanlışdan çəkinirlər. Və insanlar var ki, daim səhvi dürüst, yanlışı səhih, əyrini düz sanırlar. Bununla da kifayətlənməyib belə məntiqlərinin məhsulu olan fikirlərini həqiqət kimi tirajlayırlar.

Bir zamanlar "Azadlıq" qəzeti vardı. Möhtəşəmdi, Azərbaycanda ən ciddi, ən çox oxunan, ən çəkili və nüfuzlu kütləvi informasiya vasitələrindən biri idi. Orada çalışan insanların tam əksəriyyəti gənc olsalar da, peşəkarlar, özlərinə hörmət qoyan, imzalarının üstündə şam haləsi kimi titrəyən insanlardı. Böyük imzalardı, Azərbaycan mediasında silinməz izlər qoymuş adamlardı.

Haqq dünyasına qovuşmuş Nəcəf Nəcəfovun dönəmində "Azadlıq" sanki bir admiral gəmisi idi.

Fəqət, sonra bütün böyük gəmilərin taleyi "Azadlıq"da təkrarlandı. Gəmi çürüməyə, paslanmağa, batmağa başladı.

1989-cu ilin dekabrın 24-də ilk nömrəsi işıq üzü görən qəzet siyasi məfkurə və ruh yolunu müəyyənləşdirən qəzetdən çevrilib oldu bir adamın divar kağızı.

Qəzet bütünlüklə AXCP-nin əvvəlcə sədr müavini olan, sədri çərlədəndən sonra sədrə çevrilən Əli Kərimliyə xidmət etməyə başladı.

Əli Kərimlinin "mürid"lərinin Şura Balaqanov şüurlarının məhsulu olan cızmaqaralarla yanaşı, qəzetdə "Yurd" liderinin özünün müxtəlif imzalarla yazıb kölgələnməyə çalışdığı "portyanka" məqalələri dərc olunmağa başladı.

Qəzet onda çökdü. Aylarla maaş verilmədi, qalan jurnalistlər yoxsul canlarını dişlərinə tutub ideya uğrunda çalışdılar.

Həmin vaxtlardı ki, Əli Kərimlinin kontrolundakı çoxsaylı qeyri-hökumət təşkilatları on milyonları həzm-rabedən keçirirdi.

Həmin vaxtlardı ki, "Azadlıq" divar qəzetinə döndərilərək sadəcə, Əli Kərimliyə və onun ətrafında eynən Şarikov kimi davrananlara xidmət edirdi.

Ümumiyyətlə, Mixail Bulqakovun "İt ürəyi" əsərindəki Poliqraf Poliqrafoviç Şarikov sanki AXCP-də "Yurd"un şinelindən çıxanların ümumiləşdirilmiş obrazıdır.

Təhkiyələrə varsaq, Şarikovu insana döndərən professor Preobrajenski sanki mərhum Əbülfəz Elçibəydir. O, əməlinin nə sonluq verdiyini görəndə eynən Preobrajenski kimi köks ötürür, heyfslənirdi.

Və indi bizlər sosial şəbəkələrdə şarikovluq edərək trolluğa baş vurmuş "əsl demokrat"larla üzbəüz qalmışıq.

Çəkinirikmi onlardan?! Xa, əsla. Belələrinin bir, tək bir, yeganə arqumenti var: söyüş, təhqir.

Şarikovun "Abırvalq!" deməsi yadınızdamı?!

Vəssəlam, dərinə getməyək və üz tutaq divar qəzeti "Azadlıq"ın funksionerlərindən olan Rövşən Hacıbəylinin "Meydan TV"nin saytında dərc etdiyi "Trol müşavirəsi" adlı yazısına.

Belə yazıları oxumuram, çünki professor Preobrajenskinin məşhur məsləhətinə riayət edirəm.

Fəqət, nə edəsən ki, Viktor Pelyovinin "Çapayev və boşluq" romanının qəhrəmanlarından birinin təbirincə desəm, "insan məntiqli davranmağa davam etmək üçün bəzən boşluq arayır ki, o puçluğu görüb yoluna davam etsin".

Yazının müəllifi ötənlərə qayıdır, baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədovun Masallı Olimpiya İdman Kompleksində gənclərlə görüşündə çıxışını araşdırır və belə nəticə hasil edir ki, sən demə, Azərbaycan hakimiyyəti laxlayır, YAP çökür, müxalifət güclənir və ilaxır.

"Əli Əhmədov mövcudluğunu cəmiyyətə göstərməkdə, "mən də varam" deməkdə davam edir", - yazır R.Hacıbəyli.

Yazı doludur belə absurd iddialarla və ifadələrlə, onların hamısını sadalayıb vaxtınzı almaq istəməm.

Ə.Əhmədov, ərz etdiyim kimi, baş nazirin müavinidir. O, daim gündəmdə olmalı, danışmalı, açıqlamalar və şərhlər verməlidir. Bu, onun işidir, cəmiyyətin baş nazir müavininə ünvanladığı sosial sifarişdir, ən nəhayət, vəzifə səlahiyyəti və məcburiyyətidir.

Belədirsə, "mövcudluğunu cəmiyyətə göstərmək" kimi zavallı, cılız arqument nəyə gərək?

"Mən də varam"a gəldikdə isə, bu ifadə daha çox AXCP sədri Əli Kərimlinin özünə və ətrafına şamil edilməlidir.

R. Hacıbəyli daha sonra buyurur ki, ölkə ağır vəziyyətdədir, rüşvətxorluq və korrupsiya hədd tanımır, hakimiyyət də bu bəlalarla mübarizə aparmır, müxalifət güclənir, xalq müxalifətə inanır və sair.

Yəni həmişəki leksikon, eyni sözlər, dəyişməyən ibarələr, təkrarlanan "arqument"lər.

Müxalifət gərəkdir, olmalıdır. Bunu dəfələrlə yazmışam və bir daha təkrarlayıram: Azərbaycanda hakimiyyəti tənqid edən, ən kiçik səhvləri tutan, nöqsanları göstərən, hakimiyyətə gəlməyə çalışan müxalifət olmalıdır.

Bu, mütləq həqiqətdir, aksiomdur.

Kimsə iddia etmir ki, istisnasız olaraq hamı (!) eyni cür düşünməli, eyni cür davranmalıdır.

Kimsə demir ki, müxalifət partiyalarının, təşkilatlarının və qurumlarının fəaliyyətinə son qoyulmalıdır.

Yox və bir daha yox. Tam əksinə, müxalifət indiki zəlil, pərakəndə, xaotik vəziyyətdən çıxmalı, normal fəaliyyətə başlamalıdır.

Lakin indiki liderləriylə, müxalifətçiliyi həyat tərzinə döndərən adamlarla, 26 ildən bəri "Azadlıq!", "İstefa!" bağırtılarını refrenə döndərənlərlə yox.

Rövşən Hacıbəylinin diqqətinə çatdırmaq istərdim ki, ölkədəki mövcud maliyyə, sosial, iqtisadi və s. problemlərin yaşanmasında səbəbkar arayırsa, bunca sitayiş və pərəstiş etdiyi liderinə diqqətlə baxsın, bir zəhmət.

Baxsın, görsün və bəlkə soruşsun ki, 26 ildən bəri Qərbdən sel kimi axan pullar "siyasi fəaliyyətə dəstək" adıyla hara, necə və nə üçün xərclənib.

Bəlkə soruşsun ki, Əli Kərimli bunca müqtədir, demokrat, şəfqətli, humanist, konstruktiv və demokratdırsa, nədən onun ətrafında olmuş adamlar indi ona nifrət edirlər?

Ola bilsin ki, Rövşən Hacıbəylinin ürəyinə rəhm gələ və Əli Kərimlidən soruşa ki, nə üçün AXCP sıralarını tərk edənlər dərhal düşmən, xain, yaramaz, alçaq elan olunurlar, sosial şəbəkələrdə bu adamlar olmazın təhqirlərə və aşağılamalara məruz qalırlar "Əli bəy"in trolları tərəfindən?

Cənab Hacıbəyli, sizə çox yox, bircə sualım var: xanımı Ə.Kərimlinin qatı tərəfdarı olan, cəmiyyətdə olduqca savadlı, mədəni, ziyalı kimi ad çıxarmış birisinin ailəsinin məhz "Əli bəy ideyaları"na görə dağılmasından xəbərdarsınızmı?

Bilməmiş olmazsınız ki, əri AXCP-dən çıxan kimi xanımı ondan boşandı, "xəyantəkarla yaşamaq istəmədiyini" dedi.

Bu nə məntiqdir, nə zombiləşdirmədir, cənab Hacıbəyli?

Siyasi fəaliyyətdən, siyasi mübarizədən, "hakimiyyətin zəifliyi"indən bəhs edibsiniz. Xub, yazıbsınız, özünüz bilərsiniz.

Fəqət insafınız olsun bir qədər: siyasi müabrizə anlayışını bunca primitivləşdirməyin.

Siyasi mübarizə Əli Kərimlinin Facebook-da bloqerlik etməsi, "müstəqil bloqer"lərin (onların pullarının haradan və necə alındığını guya bilmirsiniz, eləmi?!) YouTube kanallarında, Skype vasitəsilə müsahibələr vermək deyil.

Siyasi mübarizə internetdə qəfil yaranan problemə görə dərhal üz turşudub "Hakimiyyət danışmağıma imkan vermir" kimi sərsəm, paradoks iddialar səsləndirmək deyil.

Və siyasi mübarizə sosial şəbəkələrdə trol sürüsü saxlamaq, söyüş və əxlaqsız ifadələr ritorikası ilə "hədəf"ə aldığı insanları susdurmağa çalışmaq heç deyil.

Siyasi mübarizə partiya sədrinin və onun funksionerlərinin həmin qurumdakı gəncləri daha aktiv siyasi fəaliyyətə səfərbər etməsidir.

Siyasi partiyaların fəaliyyət prinsipləri, səlahiyyətləri, öhdəlikləri, vəzifələri, funksiyaları və ümumiyyətlə, model konstruksiyası barədə bir zəhmət, "Meydan TV"dəki yazının müəllifi, İnternetdə axtarış verin, oxuyun.

Google yardımçınız olsun...

R.Hacıbəylinin və onun kimi "mürid"lərin toplaşdığı sektanın "şeyxi" Əli Kərimlinin narahatlığı anlaşılandır.

YAP sıralarındakı və ümumiyyətlə, radikal müxalifətin bivecliyini görərək hakimiyyətə daha fəal dəstək verən gənclərin aktivləşməsi, xüsusilə də sosial şəbəkələrdə fəallaşması Əli Kərimlini çox narahat edir.

AXCP sədrinin trol sürüsü özünü "hakimi-vəziyyət" saydığı sosial şəbəkələrdə geri çəkilməyə başladığını, məğlub duruma düşdüyünü anladığı üçün isteriyaya qapılır, nə edəcəyini bilmir.

Anlaşılandır: axı Qərbin bəlli - lütfən, R.Hacıbəyli, gəlin, sadalamayım o təşkilatları, çün siz də bilirsiniz pulları kimdən və necə alır "sədrəzəm"iniz, mən də - qurumlarından alınan maliyyə, ən başlıcası isə tapşırıqları yerinə yetirmək gərəkdir.

Həmin iş isə ağırlaşıb, çətinləşib və bu səbəbdən də AXCP sədri az qala zəncir gəmirir.

Cənab Rövşən Hacıbəyli, baş nazirin müavini Əli Əhmədov gənclərə xitab edir və bu xitab banal şəkildə hakimiyyəti dəstəkləmək yox, dövlətin intişarı və millətin tərəqqisi uğrunda siyasi fəallığa səslənişdir.

AXCP sədri, pardon, Facebook bloqeri Əli Kərimli təki gəncləri ixtişaşlara, qanunsuz aksiyalara, itaətsizliyə çağırmaq, polislə üzbəüz qoymaq, sonra da qanunu pozan gənclər saxlananda olaydan sirk şapitosu düzəltmək və növbəti məzhəkə yaratmaq deyil.

Əli Əhmədov gəncləri Dağlıq Qarabağ və erməni işğalında olan digər ərazilərimizin qeyd-şərtsiz azad edilməsi, düşmənin qovularaq rədd edilməsi üçün daha sıx birləşməyə çağırır.

Əli Kərimli isə Şakyamuni mantrası kimi təkrarlayır: "Azərbaycan demokratik dövlət olmadığına görə münaqişənin həlli mümkün deyil". Bloqer Ə.Kərimlinin az qala Ermənistana haqq qazandırmağının ikrahdoğurucu, mimikriyalı formatlı təzahürü iyrəncdir, cənablar.  

Cənab R.Hacıbəyli, heç şübhə etmirəm ki, Əli Kərimlinin Facebook-dakı səhifəsini hər gün oxuyurusunuz. Desəniz "yox", inanmaram - ən azı Əli Kərimli bunu sizə bağışlamaz.

Xüləs, Ə.Kərimli nə zaman, hansı statsusunda Ermənistandakı mövcud xuntanı, bəlli ölkənin - yaxşı, dövlətlərin - əlində marionetka olan bisavad və maymaq Nikol Paşinyanı aşkar, buffonada olmadan, söz oyunbazlığı etmədən suçlayıb?

Dağlıq Qarabağ münaqişəsindən, şəhidlərimizdən, savaşımızdan bəhs edən statusları var Əli Kərimlinin, söz yox.

Amma hər belə statusu o, Azərbaycandakı mövcud hakimiyyəti suçlamalar hədəfinə çevirmək üçün istifadə edir.

Və sonda: bir insan ki, beynəlxalq qurumlarda ölkəmizin lehinə qəbul edilən hər sənədi az qala şəxsi faciəsi sayır, həmin adamın mənəvi dürüstlüyünü necə qiymətləndirmək olar?!

Məğlubiyyətin pəjmürdəliyi belə olmur, Əli Kərimli.

... Çex yazıçısı Karel Çapek Meksikadakı kaktuslardan yazanda qəmlənmiş, kaktusları həyatdan pəjmürdə olmuş tərəvəzə bənzətmişdi.

Həmin tərəvəzin adını yazmıram, kaktuslardan ayıbdır.

Elçin Alıoğlu Son.az