Görmə məhdudiyyətli gənc aşıq: "Mən daha şanslıyam" VİDEO


Digərləri 27 Avq 2019 22:49:00 278 0

Görmə məhdudiyyətli gənc aşıq: "Mən daha şanslıyam"  VİDEO

Şəmkir şəhərində yaşayan, əslən Kəlbəcərdən olan 27 yaşlı Mehrac Dünyamalıyev bu rayonun saza, sözə, xüsusən də ozan-aşıq sənətinə maraq göstərən istedadlı gənclərindəndir. Onun ustalıqla sazla ifa etdiyi havalar, oxuduğu duyğulu nəğmələr elə qəlbəyatımlıdır ki, gənc aşığı dinləyən hər kəs ilk ifadaca onun könül dünyasının sehrinə düşür.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, anadan olduğu gündən dünya işığından məhrum olan Mehrac Dünyamalıyev qismətinə düşən taleyi ilə barışaraq, könlünü saza, sözə verib.

Mehracın sazla ilk tanışlığı 6 yaşında olub. Atasının oğluna hədiyyəsi etdiyi bu saz elə həmin gündən onun həyatını mənalandırmağa başlayıb. Sazın simləri Mehracın barmaqlarında titrədikcə, bu kiçik barmaqlar sazın pərdələrində gəzişdikcə onunla saz arasında bir ülfət yaranıb. İllər ötdükcə saz Mehracın yalnız böyük məharətlə ifa etdiyi musiqi aləti deyil, həm də onun könül bağına, dərd ortağına çevrilib. Daha da maraqlısı odur ki, Mehrac heç bir ustad aşıqdan dərs almadan, yalnız aşıq havalarını dinləyə-dinləyə bu sənətin sirlərini öyrənməyi bacarıb.

2012-ci ildən isə Mehracın türk sazı ilə ilk tanışlığı başlayıb. Artıq 7 ildir ki, gənc aşıq bu aləti özünün ən yaxın sirdaşı bilir.

"Dostlarım da var, tanışlarım da... Amma saz mənim ən yaxın dostumdur. Daha doğrusu sirdaşımdır. Çünki mən bütün sirrimi, sevincimi, kədərimi onunla bölüşə bilirəm. Saz mənim duyğularımı, hislərimi musiqiyə çevirir. O, mənim duyğularımı dinləndirməkdən yorulmur. Beləcə, biz bir-birimizlə saatlarla həmsöhbət oluruq", - deyə Mehrac Dünyamalıyev saza olan sevgisini ifadə edib.

Mehrac deyir ki, bu sənəti incəliklərinə qədər mənimsəmək üçün bütün aşıqları dinləyib. Amma ruhuna ən yaxın olan sənətkarlar Aşıq Veysəl və Kıvırcık Alidir: "Aşıq Veysəli bəlkə də ruhuma ona görə yaxın bilirəm ki, onunla həmdərdik. O da mənim kimi... (üzünü yana tutub, ardını demir). Amma mən daha şanslıyam. Çünki, ilk gündən qaranlığa göz açmışam. Mən qaranlıqla, qaranlıq da mənimlə böyüyüb. Aşıq Veysəl isə dünyanı da, insanları da, işığı da, rəngləri də görüb. Sonradan onun gördüyü hər şey qaranlıqla əvəzlənib. Bildiyimə görə, işığın sonradan zülmətlə əvəzlənməsi daha dözülməz olur. Bax elə bütün bu çətinlikləri yaşamadığıma görə mən daha şanslıyam".