İkinci S400 batareyasının Türkiyəyə çatdırılmasına başlanılıb


Dünya 27 Avq 2019 19:04:00 235 0

İkinci S400 batareyasının Türkiyəyə çatdırılmasına başlanılıb

Moskva S-400 zenit-raket komplekslərinin ikinci batareyasının elementlərini Türkiyəyə çatdırmağa başlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. "Rusiyadan gələn təyyarə "Mürtəd" aviabazasına enib. S-400 zenit-raket komplekslərinin ikinci batareyasının ölkəyə çatdırılması bir ay davam edəcək", - deyə Türkiyənin hərbi qurumundan bildiriblər.

İyul ayında komplekslərin birinci batareyası 30 yük təyyarəsi ilə Türkiyəyə gətirilmişdi.

Xatırladaq ki, 2017-ci ilin dekabr ayında Türkiyə və Rusiya S-400 "Triumf" zenit-raket komplekslərinin satın alınmasına dair 2,5 milyard dollar həcmində kredit sazişi imzalayıb. Sazişə əsasən, Moskva Ankaraya dörd zenit-raket kompleksi divizionu çatdırmalıdır.

Rusiyanın ən yeni hava hücumundan müdafiə sistemlərindən biri olan S-400 zenit-raket komplekslərinin alınması Türkiyə və ABŞ arasında beynəlxalq qalmaqala səbəb olub. Birləşmiş Ştatlar Ankaradan bu sövdələşməni dayandırmağı və əvəzində ABŞ istehsalı olan "Patriot" zenit-raket komplekslərini almağı tələb edib. Əks-təqdirdə Vaşinqton F-35 qırıcı təyyarələrinin Türkiyəyə satışının ləngidiləcəyini və ya tamamilə dayandırılacağını istisna etməyib.