Milli dönüklər və antidövlətçi ünsürlər:


Siyasət 27 Avq 2019 17:32:00 182 0

Milli dönüklər və antidövlətçi ünsürlər:

Son.az newtimes.az-ın yazısını təqdim edir:

Azərbaycan uzun illərdir ki, müstəqil dövlət quruculuğu və suverenliyin təmin edilməsi istiqamətində həyati əhəmiyyətli mübarizə aparır, müxtəlif qüvvələrin təxribatlarını dəf edərək, yeni-yeni uğurlar əldə edir. Müstəqillik tarixinə nəzər salsaq, bu tezisi təsdiq edən çox sayda faktlara rast gəlmək olar. Hələ keçən əsrin 90-cı illərində dövlət çevrilişlərinə cəhdlər olmuşdu. Ulu öndər Heydər Əliyevin qətiyyəti və yüksək siyasi iradəsi bütün təhlükələri aradan qaldırdı. Lakin kimsə şübhə etmirdi ki, düşmən dairələr Azərbaycanın müstəqilliyinə qəsd etməkdə davam edəcək, o cümlədən informasiya terrorunu genişləndirəcək və gücləndirəcəklər. Bunun üçün də artıq təcrübədən keçmiş üsuldan - daxildə radikal müxalifət və "beşinci kolon" yetişdirib, onlardan öz mənfur məqsədləri üçün istifadə edirlər. Azərbaycanın siyasi mühitində ənənəvi funksiyasından əl çəkməyən, milli dövlətçiliyə qarşı təxribatçı addımlar atmağa cəhd göstərən radikal müxalif qrup, təəssüf ki, yenidən fəallaşmaqdadır. Bu kontekstdə bir sıra faktların işığında antimilli ünsürlərin və onların xarici havadarlarının müəyyən addımları üzərində ətraflı dayanmağa ehtiyac görürük.

Dövlətçilik və milli mənafe: radikalların anlamadığı dəyərlər

Hazırkı dövrdə milli dövlətlərin suverenliyini və müstəqilliyini təmin etməyin nə dərəcədə çətin olduğu məlumdur. Müstəqilliyini əldə etmiş ölkələrə qarşı müxtəlif istiqamətlərdən təxribat xarakterli təsirlərin olduğu da sirr deyil. Müəyyən dairələr həmişə bu kimi üsullardan istifadə edərək cəmiyyətdə qarışıqlıq yaratmağa, insanları çaşdırmağa çalışırlar. Bir neçə ildir ki, Azərbaycana qarşı da informasiya terroru aparılır. Onların amacı mövcud hakimiyyətlə cəmiyyət arasında uçurum yaratmaq, hakimiyyətin legitim olmadığı rəyini formalaşdırmaq və bütövlükdə dövlətçiliyə, iqtidarın yeritdiyi müstəqil daxili və xarici siyasətə inamsızlıq yaratmaqdan ibarətdir.

Bunun üçün xarici dairələr daxildə özləri üçün "beşinci kolon" deyilən dəstəkçilər yaradırlar. Təəssüf ki, özünü siyasi müxalifət adlandıranlar içərisindən də bu çirkin işə qol qoyanlar tapılır. Hazırda Azərbaycan cəmiyyəti siyasi yetkin bir toplumdur. Onu aldatmaq demək olar ki, mümkün deyildir. Lakin siyasi meydanda dəfələrlə uduzmuş kəsimlər var ki, xarici yardım hesabına ölkəni anarxiya və siyasi xaos girdabına sürükləmək əməlindən əl çəmirlər. Onlar müxtəlif yalanlar uydurur, düşmənin təbliğatını həqiqət kimi yaymağa çalışır, hətta terrora belə haqq qazandırmağa cəhd göstərirlər.

Məsələn, keçən il Gəncədə icra başçısına qarşı törədilən terror hadisəsinə radikal müxalifət sıralarından dəstək verənlər tapıldı. O hadisəni xarici radikal dini təşkilatlarla əlaqəsi olan Rusiya vətəndaşlığına sahib biri törətmişdi. Hansı amansızlıqla polis işçisini qətlə yetirdikləri də videoçəkilişlərdən aydın görünür. Azərbaycan hüquq-mühafizə orqanlarının qətiyyəti olmasa idi, ölkə indi hansı vəziyyətdə idi, onu təsəvvür etmək üçün Suriyaya, Liviyaya, İraqa baxmaq kifayətdir. Azərbaycan hüquqi dövlətdir və buna kimsə əngəl ola bilməz, onu radikal qaragüruhçuların tələsinə sala bilməz. Əgər belə bir cəhdi hansısa siyasi müxalifət dəstəkləyirsə, bu, demokratiyadır, yoxsa xarici dairələrin əlində oyuncaq olmaq? Bəs onda Əli Kərimli və onun ətrafındakı milli dönüklər hansı məntiqlə bu cür yanlış yola düşürlər?

Bir məqam da var ki, onu da nəzərə almaq gərəkdir. Azərbaycandan guya siyasi motivlərlə sıxışdırılanlar xaricə yığışır, oradan da öz ölkələri haqqında ağlasığmaz, doğru olmayan, hətta söyüşlərlə dolu məntiqsiz fikirlər səsləndirirlər. Həmin adamlar üçün müqəddəs heç nə yoxdur. Onlar istənilən anda istənilən adamı satmağa belə gedərlər. Lakin danışanda Vətəndən, ədalətdən, hüquqdan, demokratiyadan dəm vururlar. Məhz bu kimi "siyasi mühacirlər"in sözlərini burada Azərbaycan cəmiyyətinə sırımağa çalışanlar antiazərbaycan qüvvələr və "beşinci kolon"dur.

Bunun fonunda radikal müxalifət də müxtəlif üsullarla aranı qatmağa, cəmiyyətə bir xaos gətirməyə cəhdlər göstərir. Onlar demək olar ki, bütün antidemokratik, təxribatçı üsullara əl atırlar. Son günlərdə növbəti dəfə belə bir hadisənin şahidi olduq. Məlum qırıcı təyyarə qəzası nəticəsində Azərbaycanın qəhrəman oğullarından biri şəhid oldu. Pilot hərbi xidmətdə, təlim zamanı həyatını itirdi. Şəhidimizi böyük hörmətlə Azərbaycan dövləti son mənzilə yola saldı. Hamı bilir ki, dünyanın hər bir ölkəsində hərbi təyyarələr müxtəlif səbəblərdən qəzaya uğrayırlar. Bizim pilotun təyyarəsi isə hərbi təlim zamanı gözlənilmədən qəzaya uğrayıb. Dünya təcrübəsində buna bənzər minlərlə hadisə baş verir.

Xarici dairələrə xidmət: tarixi xəyanətin anatomiyası

Məsələn, ABŞ-da, Rusiyada, Çində və qardaş Türkiyədə belə hərbi təyyarələr qəzaya uğrayır. Xüsusilə son illərdə Amerikada, Rusiya Federasiyasında, ÇXR-də bu cür hadisələrin sayı artıb. Rusiyada son vaxtlar atom sualtı qayığında baş vermiş faciə xatirələrdən silinməyib. Və heç kim bu kimi hadisədən siyasi şou düzəltməyə cəhd göstərmir.

Azərbaycanda isə Ə.Kərimli hətta pilotun şəhidliyindən sui-istifadə etməyə cəhd göstərdi. O, dəfn mərasimində iştirak edib insanlara nələrisə deməyi planlaşdırmışdı. Ancaq buna imkan verilmədi. Təcrübə göstərir ki, bu kimi tədbirlərdə insanları çaşdırıb, onlara yalan, uydurulmuş fikirlər deyib, öz siyasi məqsədləri üçün istifadə edirlər. Məsələn, Ə.Kərimlinin doğulduğu kənddə bir məclisdə onun yaxın adamlarından biri nələrisə deməyə çalışıb. Məclis sahibi mikrofonu onun əlindən alıb və oranı tərk etmələrini tələb edib.

Əlbəttə, hərbi təlimdə həyatını itirmiş bir şəhidimizin dəfn mərasimindən kimsənin öz məqsədləri üçün istifadə etməyə haqqı yoxdur. Bu hadisə həm şəxsi məsələdir, həm də daha geniş nüanslarla bağlıdır. Hər bir vətəndaş həssas məqamlarda dövlətinin və millətinin yanında olmalıdır. Həqiqətən də "dövlətin təhlükəsizliyi və milli mənafelər heç bir zaman, heç bir vəchlə və ya şərtlə müzakirə mövzularına çevrilməməlidir. Bəhs etdiyimiz dəyərlərə kiçik də olsa, təhdid yaranarsa, hər bir azərbaycanlı vətəndaş mövqeyi, milli iradə ortaya qoymalıdır. Mövcud həssas vəziyyətdə cəmiyyətimiz qətiyyət və sayıqlıq, vətəndaşlarımız milli dövlətçilik naminə sıx birlik nümayiş etdirməlidir. İctimai rəyə təsir imkanları olan ziyalılarımız daha düşünülmüş şəkildə və həssas davranaraq, konkret insanlara bəslənən münasibətlə Vətənin mənafeləri və dövlətin maraqlarını bir-birindən fərqləndirməlidir".

Nəinki ziyalılar, siyasət adamları, hətta adi vətəndaşlar belə bu reallığı unutmamalıdırlar. Hazırda müstəqil milli dövlət qurmaq onun təhlükəsizliyini təmin etmək zərurəti ilə sıx bağlıdır. Prezident İlham Əliyev dəfələrlə ifadə edib ki, Azərbaycanın milli mənafeyi, dövləti maraqları hər bir dəyərdən üstün tutulmalıdır. İndi cəmiyyət bütöv halında, kollektiv iradə göstərərək xarici mənfi təsirlərə qarşı dayanmasa, müstəqil dövlətçiliyin qalması imkansızdır. Radikal müxalif dairələr anlamırlar ki, onların tutduqları yol dövlətçiliyi məhvə aparır. Müstəqil dövlət olmayanda harada, necə və kimlərə başçılıq edəcəksən? Müstəqilliyi indi sənə pul verib ortaya atanlar əlindən asanlıqla alacaqlar.

Burada vətəndaş mövqeyinin qabardılması da çox aktualdır. Belə ki, sadə vətəndaşlar təxribatçı əməllərə özləri cavab verməli, vətəndaş mövqeyi ortaya qoymalıdırlar. Vətəndaşı aktiv olan cəmiyyətlər güclü olur, immunitet yüksək olur. Belə toplumlara təsir edib dağıtmaq, nizamını pozmaq imkansız olur. Azərbaycanlılar həmişə ayıq-sayıq olublar. Ölkə rəhbərliyinin həyata keçirdiyi siyasətə aktiv dəstək verərək xalq düşmən dairələrin istəklərini gözlərində qoyur. Bu səbəbdən də radikal müxalifətin cəmiyyətdə sosial bazası demək olar ki, yoxdur. Bu reallığı hamı bilir. Müxalifət də bunun fərqindədir. Buna görədir ki, onlar bəzən "sorğular" təşkil edib özlərinə süni olaraq yüksək faiz yazırlar. Ancaq elə öz içlərində olanlar bunu yalana çıxırlar. Məsələn, bu yaxınlarda Ə.Kərimli öz partiyasının nüfuzunu 46 faiz, Müsavatı isə 3 faiz göstəribmiş. Müxalifətin daxilində belə bu rəqəmlərə gülürlər. Çünki reallıq ondan ibarətdir ki, bu iki partiyanın birlikdə reytinqi heç 3 faiz etmir!

Əlbəttə, Azərbaycan müstəqil dövlət quruculuğunda əldə etdiyi nailiyyətləri artırdıqca məlum dairələrdən ona qarşı iftiralar da artacaq. Yəqin ki, onlara daxildə züy tutanlar da tapılacaq. Ancaq hakimiyyətin, ölkə rəhbərliyinin və xalqın iradəsi, vətənpərvərliyi, milli təəssübkeşliyi, Heydər Əliyev kursuna, demokratik dəyərlərə sadiqliyi bütün bu cəhdləri alt-üst edəcək. Azərbaycanı müstəqillik yolundan kimsə döndərə bilməz.

Radikal müxalifət və "beşinci kolon" isə tarixin arxivinə atılacaq. Onlar reallıqda kimsəyə lazım deyillər. İstifadə olunduqdan sonra kənara atılacaqlar. Azərbaycan müstəqillik, demokratiya yolunu davam etdirərək. Daha böyük uğurlar qazanacaq. Bayrağımız Xankəndidə, Şuşada, Laçında dalğalanacaq! O bayrağa baxan xalq üçün radikal müxalifət deyilən bir "varlıq" mövcud olmayacaq! Çünki əsl həqiqət o bayraqda və onu oraya sancan vətənpərvərlərdədir!