Rusiya diplomatı ilk dəfə həmin sirli partlayışdan danışdı


Dünya 27 Avq 2019 16:44:00 232 0

Rusiya diplomatı ilk dəfə həmin sirli partlayışdan danışdı

Rusiya diplomatı ilk dəfə Arxangelsk vilayətində, Severodvinsk ətrafındakı poliqonda avqustun 8-də baş vermiş və ətrafa radiasiya sızması ilə müşaiyət olunan sirli raket partlayışı barədə danışıb.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin vəzifələrini icra edən Aleksey Karpov həmin poliqonda ABŞ-ın raketdən müdafiə haqda SSRİ ilə bağlanmış müqavilədən çıxmasına cavab olaraq işlənib hazırlanan silahın sınaqdan keçirildiyini açıqlayıb.

Xəbər verildiyi kimi daha əvvəl Rusiya Müdafiə Nazirliyi poliqonda "maye yanacaqla işləyən raket mühərrikinin" sınaqları zamanı partlayış baş verdiyini, ətrafa nüvə enerji mənbəyindən radiasiya sızması qeydə alındığını açıqlamışdı. Partlayış nəticəsində "Rosatom"un 5 yüksək rütbəli mütəxəssisi həlak olub.

Lakin ABŞ kəşfiyyatı poliqonda nüvə mühərrikli "Burevestnik" qanadlı raketinin sınaqdan keçirildiyini prezident Trampa məruzə edib. Bu raket haqda prezident Putin ilk dəfə ötən il danışmışdı. "Burevestnik" səsdən iti uçan, qeyri-məhdud radiusa malik və nüvə mühərriki ilə işləyən, eyni zamanda nüvə başlığı daşıya bilən raketdir. Həmin raketə qarşı istənilən mövcud və perspektiv raketdən müdafiə sistemi effektsizdir.

"Avqustun 8-də Severodvinsk ətrafındakı poliqonda aparılan sınaqlar bizim ABŞ-ın 2002-ci ildə raketdən müdafiə sistemlərinin məhdudlaşdırılması haqda Müqavilədən birtərəfli qaydada çıxmasına cavab olaraq işlənib hazırlanmaqda olan silahla bağlı idi",-rusiyalı diplomat bildirib.

Daimi nümayəndənin sözlərinə görə, insident rayonunda radiasiya fonu hazırda norma daxilindədir. Sınaq rayonunda ekoloji fəlakətin baş verdiyi haqda məlumatlar isə sənədlərlə təsdiqlənmir.

Rusiyalı diplomatın açıqlaması sınaqların həqiqətən "Burevestnik" raketinin mühərriki üzərində aparıldığına dair təxminləri gücləndirir. ABŞ-la SSRİ arasında imzalanmış raketdən müdafiə sistemlərinin məhdudlaşdırılmasına dair Müqavilə tərəflərin bir-birinə nüvə zərbəsi endirməsi riskini azaltmağa hesablanmışdı. Müqaviləyə əsasən tərəflər əsas hərbi-sənaye mərkəzləri və iri şəhərləri üzərində hava məkanını raketdən müdafiə qalxanı ilə qorumamalı idi. Bu isə o demək idi ki, əgər tərəflərdən biri digərinə nüvə zərbəsi endirməyi qərara alsa cavab zərbəsinin qaçılmaz olacağını nəzərə alsın.