Bu qurumlarda 5,4 milyon manat artıq ödəniş aşkarlandı (SİYAHI)


Digərləri 27 Avq 2019 15:49:13 222 0

Bu qurumlarda 5,4 milyon manat artıq ödəniş aşkarlandı (SİYAHI)

21 vəzifəli şəxsə ümumilikdə 20,5 min manat məbləğində inzibati cərimələr tətbiq edilib

Bakı. Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2019-cu ilin birinci yarısında aparılan nəzarət tədbirləri nəticəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyinə görə 756,8 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib, təqsirkar şəxslər hesabına həmin vəsaitin 299,9 min manatının bərpası təmin olunub, digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, 2019-cu ilin birinci yarısında, dövlət büdcəsindən maliyyələşən 2 rayon icra hakimiyyətinə, 1 şəhər sahə ərazi nümayəndəliyinə, 1 təhsil müəssisəsinə, 2 məhdud məsuliyyətli cəmiyyətə, eyni zamanda, bir neçə şəhər və rayonlarda yerləşən büdcə təşkilatlarına ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi üzrə nəzarət tədbirləri həyata keçirilib. Nəzarət tədbirləri çərçivəsində büdcə təşkilatlarında maliyyə qaydalarının pozulmasına yol vermiş vəzifəli şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun inzibati protokollar tərtib edilib, həmin Məcəllənin 410.1-ci və 410.2-ci maddələrinə uyğun olaraq 21 vəzifəli şəxsə ümumilikdə 20,5 min manat məbləğində inzibati cərimələr tətbiq edilib və cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin olunub. Hesabat dövründə mənimsəmə əlamətləri müşahidə olunan nöqsanlara hüquqi qiymət verilməsi və İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə uyğun olaraq icraatın başlanması üçün qərar qəbul edilməsi məqsədilə 4 təşkilat üzrə aşkar edilmiş 266,7 min manat məbləğində artıq ödənişlərə dair sənədlər (Əlavə 1) Azərbaycan Respublikasının prokurorluq orqanlarına göndərilib. Eyni zamanda, 2019-cu ilin birinci yarısında Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən hüquq-mühafizə və prokurorluq orqanlarının məktublarına, məhkəmələrin qərarlarına əsasən 4 təşkilatda (Əlavə 2) aparılmış yoxlamalarla 5440,63 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib, təqsirkar şəxslər hesabına həmin vəsaitin 3295,08 min manatının bərpası təmin olunub, müvafiq sənədlər aidiyyəti üzrə təqdim edilib. 2019-cu ilin birinci yarısında aparılan nəzarət tədbirləri zamanı bir sıra xarakterik nöqsanlar da aşkarlanıb. Belə ki, bəzi hallarda yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmiri üçün ayrılmış vəsaitlərin təyinatına xərclənməsi üzrə aparılan nəzarət tədbirləri ilə yerinə yetirilmiş kimi sənədləşdirilən işlərin həcminin əsassız olaraq artırıldığı, malların (iş və xidmətlərin) satın alınması zamanı qanunvericiliyin tələblərinə zidd olaraq bəzi hallarda satınalma müsabiqələrinin keçirilmədiyi aşkar edilib. Həmçinin, kommunal təsərrüfatı qurumlarında tələb olunan nəqliyyat xərclərinin artırılması və normadan artıq xidməti geyimlərin və iş alətlərinin alınması üzrə artıq vəsait proqnozlaşdırılaraq xərclənmiş, bəzi hallarda alınmış malların (iş və xidmətlərin) dəyəri bank köçürmələri vasitəsi ilə deyil nağd qaydada ödənilmişdir.