Nazirlik əhaliyə XƏBƏRDARLIQ etdi


Digərləri 27 Avq 2019 14:47:00 230 0

Nazirlik əhaliyə XƏBƏRDARLIQ etdi

Avqustun 26-sı gündüz ölkə ərazisində hava şəraiti nisbətən sabit olub, əsasən yağmursuz keçib. Lakin avqustun 26-sı axşamdan 27-si səhərədək bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb. Düşən yağıntının miqdarı 1-9, Sədərəkdə 14 mm olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, həftənin birinci yarısında hava şəraitini şimaldan hərəkət edən antisiklon təyin edəcək. Əksər rayonlarda havanın yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında səhər və axşam saatlarında yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Böyük Qafqazın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə nisbətən aşağı enəcək, Aran rayonlarında 32-37, dağlıq rayonlarda 21-26 dərəcə isti olacağı gözlənilir.

Həftənin son günlərində isə hava şəraitinin qeyri-sabit keçəcəyi, avqustun 30-da ölkə ərazisində şimşək çaxacağı, arabir yağış yağacağı, avqustun 31-i, sentyabrın 1-də bəzi yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Havanın temperaturu tədricən aşağı enəcək. Aran rayonlarında 25-30, dağlıq rayonlarda 15-20 dərəcə isti olacaq. Şərq küləyi üstünlük təşkil edəcək, ayrı-ayrı günlərdə arabir 20-25 m/s-dək güclənəcək.