ABŞın ən nüfuzlu naxçıvanlı iş adamı bütün SİRRİNİ AÇDI


Digərləri 27 Avq 2019 13:39:00 284 0

ABŞın ən nüfuzlu naxçıvanlı iş adamı bütün SİRRİNİ AÇDI

Amerikanın ən nüfuzlu gənc iş adamlarından olan həmyerlimiz Amir Allahverdi ilə bir neçə ay öncə müsahibə etmişdik. Bu dəfə Amirlə Bakıda görüşdük. Söhbət zamanı əslən naxçıvanlı olduğunu da öyrəndik.

Son.az Amir Allahverdinin Publika.az-a müsahibəsini təqdim edir:

- Ulu babam Naxçıvan bəylərindən olub. Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparıb. Cümhuriyyət dağılandan bir neçə il sonra sovet hakimiyyəti babamı Sibirə sürgünə göndərir. Babamın dörd həyat yoldaşı olub, biz ən kiçik xanımından olan nəticələriyik. Bütün ailə quru canını götürüb Sibirə sürgün olunur. O vaxt da xanımların üzərində ağır qızıl boyunbağılar və bilərziklər olardı. Qatarda qızıllarını tacirlərə satıb Sibir üçün çörək pulu toplayırlar. Sonra isə Sibirdən Qazaxıstanın səhralarına sürgün olunurlar. Oradan da Özbəkistana köçüb məskən salırlar.

- Amma siz Bakıda doğulmusunuz.

- Bəli, Bakıda doğulub, Daşkənddə böyümüşəm. Elə karyeram da Daşkənddən başlayıb.

- Vətənə tez-tez gəlirsiniz?

- Hava isinən kimi gəlməyə çalışıram.

- Səfərləriniz bizneslə bağlıdır?

- Qətiyyən yox. Doğrudur, tez-tez təklif alıram. Amma razılaşmıram.

- Səbəb?

- Soykökümü, vətənimi çox sevirəm, amma Amerika mentalitetində formalaşmışam. Söhbət bu gündən gedirsə, ölkəmin insanlarına istənilən yardımı etməyə hazıram. Amma biznes birliyi qurmaq üçün hələ hazır deyiləm.

- Özünüzdən tez çıxırsınız?

- Belə bir deyim var "Mülayim insanın qəzəbindən qorx". Ümumiyyətlə, emosional insanam, amma məni özümdən çıxarmaq məsləhət deyil. Günün 99 faizini şən əhvalda keçirirəm. Hətta başıma pis hadisə gəlsə belə pozitivliyimi itirmirəm. Əhvalımı yüksəltməyi bacarıram.

- Bu nə dərəcədə mümkündür?

- Sevdiyiniz mahnını dinləyin, gözəl film seyr edin. Dostlarınıza zəng edin, bir lətifə danışıb əhvalınızı qaldırsınlar. Dostlar niyə lazımdır? Kədərinizi paylaşıb sizi stresdən çıxarmaq üçün... Ümumiyyətlə, əhatənizə pozitiv insanlar toplayın.

- Hərtərəfli, əsl istirahət sizin üçün nədir?

- Bu insanın əhvalından aslıdır. Maldiv adalarına gedib dənizdə çimib günəşlənə də bilərsiniz, yaxud Avropanın tarixi şəhərlərinə səhayət edib yeni dünyalar kəşf edərsiniz. Yay aylarında birinciyə daha çox önəm verirəm.

- Naxçıvanda olmusunuz?

- Təəssüf ki, olmamışam. Amma bu haqda çox düşünürəm. İnsan bir gün gəldiyi torpaqlara dönmək istəyir.

- Ananızın obrazı mənim üçün çox maraqlıdır.

- Təbiətcə mülayim insandır, amma bizi çox sərt tərbiyə edib. Öhdəmizdən gələ bilməyəndə isə atamla qorxudardı. Bu, bizim üçün dünyanın sonu idi. Onun evə gələcəyi vaxtı gözləmək bəzən əbədiyyətə bərabər olurdu. Atam ikiqat sərt davranırdı. Ən əsası valideynlərimin o vaxtkı birliyinə rəğbətlə yanaşıram. Anam bir şeyə icazə vermirdisə, atam da onunla həmfikir olurdu. Bir-birini heç vaxt ələ vermirdilər. Anam isə ümumiyyətlə, atamın qərarlarına qarşı çıxmırdı.

- Əsl Qafqaz ailəsi...

- Bəli. Mən də bu üsulla razıyam. Yeni qurulan ailədə kişinin qərarı sonuncu olmalıdır. Amma qadının sənə övladlar bəxş edib həyatının böyük hissəsini ailənə sərf edirsə, zaman keçdikcə o da söz sahibi olmalıdır. Məsələn, bu gün bizim həyatımızda anamın böyük rolu var. Mən kiçik olanda, hüquqları daha məhdud idi, amma zaman keçdikcə öz nüfuzunu möhkəmləndirdi. Bilirəm ki, öz ailəmi quranda da bu qaydaya əməl edəcəm.

- Biznesdə, işdə qadın tövsiyəsi dinləyirsiniz?

- Gender ayrıseçkiliyi etmək istəmirəm. Ümumiyyətlə, insanların məsləhətini dinləyib özüm doğru bildiyim qərarı verirəm.

- Bəs qadın şərikiniz olub?

- Heç vaxt olmayıb. Nə vaxtsa olacağını da düşünmürəm.