Beyləqanda 146 məcburi köçkün ailəsi üçün yeni qəsəbə istifadəyə verilib (FOTO)


Digərləri 27 Avq 2019 11:23:37 175 0

Beyləqanda 146 məcburi köçkün ailəsi üçün yeni qəsəbə istifadəyə verilib (FOTO)

Beyləqan rayonu ərazisində 146 məcburi köçkün ailəsi üçün inşa edilmiş yeni qəsəbə istifadəyə verilib.

Bakı. Beyləqan rayonu ərazisində 146 məcburi köçkün ailəsi üçün inşa edilmiş yeni qəsəbə istifadəyə verilib. Bütün zəruri sosial-texniki infrastrukturu olan məhəllənin tikintisi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər çərçivəsində aparılıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bu, ölkə üzrə məcburi köçkünlər üçün salınmış sayca 105-ci qəsəbədir. Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması prioritet istiqamətlərdəndir. Hər il minlərlə məcburi köçkün ailəsi dövlət vəsaiti hesabına inşa edilən yeni qəsəbələrdə mənzil və evlə təmin olunur. Məcburi köçkünlərin mənzil, təhsil, sağlamlıq problemlərinin həllinə Birinci vitse-prezident Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir, bu sahədə mühüm işlər görülür. Yeni qəsəbəyə Beyləqan rayonu ərazisində məktəblərdə və digər ictimai binalarda müvəqqəti məskunlaşmış, uzun müddətdir ən ağır şəraitdə yaşayan məcburi köçkünlər köçürüləcəklər. Bu məqsədlə rayon mədəniyyət evində Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin müvafiq komissiyasının üzvlərinin, ictimaiyyətin və KİV nümayəndələrinin iştirakı ilə püşkatma keçirilib. Avqustun 27-dən məcburi köçkünlərin yeni qəsəbədəki evlərə köçürülməsinə başlanılacaq. Yeni qəsəbə Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun (MKSİF) sifarişi əsasında layihələndirilib və inşa olunub. Ayrılmış 30 hektar torpaq sahəsində tikinti işlərinə 2018-ci ilin avqust ayında başlanılıb. Qəsəbədəki evlərin 12-si birotaqlı, 73-ü ikiotaqlı, 54-ü üçotaqlı, 7-si dördotaqlıdır. Bundan başqa, qəsəbədə 150 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, həkim məntəqəsi də inşa edilib, müvafiq mühəndis-kommunikasiya şəbəkələri yaradılıb, abadlıq və yaşıllaşdırma işləri görülüb.