Son beş ildə bu ölkədə yol qəzası nəticəsində ölənlərin sayı 34 faiz azalıb


Dünya 27 Avq 2019 08:04:00 253 0

Son beş ildə bu ölkədə yol qəzası nəticəsində ölənlərin sayı 34 faiz azalıb

Son beş ildə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı 34,2 faiz azalıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ölkənin Daxili İşlər Nazirliyinin yaydığı statistik məlumatda baş verən hadisələr nəticəsində 2014-cü ildə ölənlərin sayının 712 nəfərdən ötən il 468 nəfərə qədər azaldığı qeyd olunub. Ölkə yollarında nəqliyyat vasitələrinin sayının çoxalmasına baxmayaraq, bu müddətdə ciddi yol-nəqliyyat qəzalarının sayı 24,1 faiz azalıb. Belə ki, 2014-cü ildə 4895 olan bu rəqəm ötən il 3712 fakt təşkil edib.

Ölkədə yol hərəkəti qaydalarının təkmilləşdirilməsi və təhlükəsizliyin təminatı istiqamətində daim iş aparılır. Davos Dünya İqtisadi Forumunun rəqabətədavamlılıq üzrə hesabatında BƏƏ yolların keyfiyyətinə görə ardıcıl olaraq beş il (2014-2018-ci illər) dünyada birinci yeri tutub. BƏƏ yol hərəkətinin təhlükəsizliyinin yüksəldilməsi üçün intellektual sistemlərin və ən müasir texnologiyaların istifadəsinə görə də aparıcı ölkələrdən biri hesab olunur.