Adı olmayan yeni və təhlükəli "yay xəstəliyi":


Digərləri 24 Avq 2019 18:48:00 195 0

Adı olmayan yeni və təhlükəli "yay xəstəliyi":

Halsızlıq, ürəkbulanma, diareya... Son günlər paytaxtda əhali arasında bu əlamətlərdən şikayətlənənlərin sayı artır. 

Son.az bildirir ki, Sputnik Azərbaycan həm uşaqlar, həm böyüklər arasında yayılmış bu xəstəliyin səbəbini araşdırıb.

Terapevt Emin Dadaşzadə açıqlamasında bildirib ki, bu əlamətlər hansısa kəskin virus infeksiyasının göstəricisi deyil. E. Dadaşzadə bunun mövsümi müşahidə olunan xəstəlik olduğunu söyləyib. O bildirib ki, hər il yay fəslində buna bənzər əlamətlərlə müraciət edən xəstələrin sayı artır. Səbəb isə isti yay günlərində bakteriyaların aktivləşməsi, orqanizmdə inkişafı üçün əlverişli şəraitin yaranmasıdır: "Sadaladığınız əlamətlərlə hər gün bir neçə xəstə bizə müraciət edir. Buna səbəb hansısa virus infeksiyasının yayılması deyil.

Xəstəlik bakteriyaların orqanizmə daxil olması ilə bağlıdır. Ona görə də insanlar yayda qidalanmalarına daha diqqətli yanaşmalıdırlar. Unutmaq olmaz ki, ən passiv bakteriyalar belə isti havada aktivləşir.

Onların müxtəlif yollarla orqanizmə keçmək riski böyükdür. Bəzən belə bakteriyalar içdiyimiz su, qəbul etdiyimiz qida ilə də orqanizmimizə keçə bilər. Çünki isti yay fəslində bakteriyalar üçün əlverişli mühit yaranır.

İnsanlar qida qəbul edərkən gigiyenik qaydalara əməl etməlidirlər. Əllər qışla müqayisədə isti havada tez-tez sabunla yuyulmalıdır. Meyvə-tərəvəz bol su ilə yuyularaq istifadə edilməlidir. Bununla yanaşı, qəti şəkildə tez xarabolan, vaxtı keçmiş qidalar qəbul etmək olmaz. Çimərlik mövsümü olduğundan bəzən insanlar özləri ilə apardıqları qidanı bir neçə saat isti havada saxlamalı, sonra qəbul etməli olurlar. Bu, qətiyyən yolverilməzdir. Bu zaman bakteriyalar mədə-bağırsaq yolu ilə orqanizmə daxil olaraq zəhərlənməyə səbəb olur".

E.Dadaşzadə isti havalarda fast-fud qidalanmadan qəti şəkildə çəkinməyi tövsiyə edir: "Halsızlıq, ürəkbulanma, diareya zəhərlənmənin əlamətləridir. Törədiciləri isə bakteriyalardır. Ümumiyyətlə, yay fəslində bakteriyaların tez inkişaf etdiyi qidalardan uzaq durmaq məsləhətdir. İsti havalarda insanlar tərəvəz, ağartı məhsullarına üstünlük verməlidirlər. Belə havada ən çox zəhərlənmə halları fast-fudlarla qidalanmadan, köhnə və natəmiz qida qəbul etməkdən yaranır. Bu cür əlamətləri olan xəstələr bəzən ev şəraitində özlərini müalicə edirlər. Halbuki bəzən bakteriyaların orqanizmə düşməsi çox ciddi xəstəliklərə səbəb ola bilər. Mütləq belə xəstələr həkim müayinəsindən keçməli, nəbzləri yoxlanmalı, mədə-bağırsaqları təmizlənməlidir ki, bakteriyalar orqanizmdən xaric olunsun. Əks halda hətta ölüm də qaçılmazdır".

(adsgarden = window.adsgarden || []).push({});