100 illik sirr: Radio qanlı müharibədə necə qalib gəldi?


Digərləri 24 Avq 2019 16:18:00 237 0

100 illik sirr: Radio qanlı müharibədə necə qalib gəldi?

Hələ 1892-ci ildə Peterburqda Fransa və Rusiya arasında hərbi konvensiya imzalanmışdı. O sənədə əsasən, "Üçlər ittifaqı"na daxil olan dövlətlərin hansınınsa hücum edəcəyi təqdirdə, iki ölkə, yəni Fransa ilə Rusiya bir-birinə yardım etməyə borclu idi.

Müharibə başlansa, Rusiyanın 15 gün ərzində alman cəbhəsinə 800 minlik ordu çıxarıb, təcili hücuma başlamaq kimi bir öhdəliyi vardı. Az sonra, hətta Almaniya əleyhinə əsas zərbənin istiqaməti də müəyyənləşdirildi: Şərqi Prussiyada Narevdən Aldenşteynə tərəf. Hücuma 15-ci gün keçmək öhdəliyi o demək idi ki, əməliyyatda rus ordusunun yalnız 30 faizi iştirak edə bilərdi; ordunun tam toplanması üçün 40 gün lazım idi.

Haşiyə: Üçlər İttifaqı - 1882-ci ildə yaranmış, Almaniya, Avstriya-Macarıstan və İtaliyanın daxil olduğu hərbi-siyasi blok; Avropanın düşmən düşərgələrə bölünməsinin əsasını qoyub, Birinci Dünya müharibəsinin başlanmasında müstəsna rol oynayıb. Üçlər İttifaqının əsas təşkilatçısı 1879-cu ildə hərbi ittifaqa girmiş Almaniya və Avstriya-Macarıstan olub. 1882-ci ildə Almaniya, Avstriya-Macarıstan və İtaliya məxfi müttəfiqlik sazişi imzaladı. Onlar tərəflərdən birinə qarşı yönələn heç bir razılaşmada, müqavilədə və sazişdə iştirak etməmək; siyasi və iqtisadi məsələlər barədə bir-birilə məsləhətləşmək; bir-birinə yardım göstərməyə dair 5 illik öhdəlik götürdülər. Müqavilə 1912-ci ilədək dəfələrlə uzadılıb.

Sonradan hərb tarixinin tədqiqatçıları bunun çox səhv qərar olduğu barədə qənaətə gəlmişdilər. Tarixçilərin diqqətindən yayınan başqa bir səhv də bu idi ki, ordu şifrləmə bürosunun rəisi polkovnik Andreyev müharibə zamanı istifadə etmək üçün nəzərdə tutulan yeni şifrəni birləşmələrə qabaqcadan göndərməkdən ehtiyat edirdi. Polkovniki başa düşmək olardı: o, şifrin Almaniya və Avstiya-Macarıstanın əlinə keçəcəyindən qorxurdu və bu şübhəsi qəti əsassız deyildi. Hər necə olsa, onun gördüyü bu ehtiyat tədbiri sonradan çox acınacaqlı nəticələrə səbəb oldu.

Almaniya Rusiyaya 1914-cü il avqustun 1-də, Fransaya isə avqustun 3-də müharibə elan etdi və ertəsi gün Paris üzərinə hücuma başladı. Vəziyyət fransızlar üçün çox dramatik idi. Avqustun 5-də fransız hökumətinin təcili kömək barədə müraciəti Rusiya rəhbərliyinə təqdim olundu. Fransa səfiri Paleoloq Rusiya idarələrinin kandarını sökür, Şərqi Prussiyada hücumun tezləşdirilməsi üçün Fransanın necə ağır vəziyyətə düşdüyünü müxtəlif ranqlı məmurlara söyləyirdi.

Avqustun 10-da Baş qərargah Şimal-Qərb cəbhəsinə ilk direktivini göndərir: "Əldə olan səhih məlumatlara əsasən, Almaniya bizim cəbhədə məhdud sayda qoşun saxlayaraq, əsas qüvvələrini Fransaya qarşı yönəldib... Müttəfiqlik öhdəliyimizdən çıxış edərək, biz də fransızlara yardım göstərməliyik... Ali Baş komandan belə hesab edir ki, Şimal-qərb cəbhəsinin orduları təcili olaraq, hazırlığa başlamalıdırlar ki, ən yaxın zamanda xaç çəkib, sakit və planlı hücuma keçməlidirlər".

Xaç çəkmək məsələsi asan idi, onu ruslar yaxşı bacarırdılar deyə, hücuma tez keçdilər. Hərçənd ki, Rusiya Baş qərargahının rəhbərliyində çalışan Yanuşevski və Jilinski avqustun 13-də belə bir bəyanat vermişdilər: "Şərqi Prussiyaya tələsik hücum uğursuzluğa məhkumdur, çünki qoşunlar çox dağınıqdır, daşınma isə bir yığın əngəllə qarşılaşır".

O vaxt alman qüvvələrinin, xüsusilə də topların sayı bir dəfə yarım artıq idi; bu üstünlük silah-sursat sarıdan daha çox hiss olunurdu. Lakin almanların strateji kəşfiyyatı çox bəsit fəaliyyət göstərirdi. Faktiki olaraq, ilk böyük toqquşmayadək alman ordusunun komandanlığı düşmən barədə heç bir məlumata malik deyildi.

Avqustun 17-də sübh çağı Rennenkampfın komandanlıq etdiyi ordu 70 kilometrlik bir cəbhə ilə Şərqi Prussiyaya girdi. Avqustun 20-də isə say və artilleriya baxımından üstünlüyə malik olan alman diviziyaları rus ordusunun Qumbinendəki qruplaşması üzərinə hücum etdi. Almanların qoşunu sıx dəstələrlə, mahnı oxuya-oxuya irəliləyir, lap ön sırada at belində zabitlər gəlirdi. Təbii ki, bu özünə arxayınlığın cəzası çox gözlətmədi - ruslar əla atıcılıq məharətlərini göstərməyə fürsət tapdılar.

Qumbinen yaxınlığındakı döyüşdə almanların 8-ci ordusu darmadağın edildi. Ordu komandanı fon Pritvits Şərqi Prussiyanı qoyub, Visla çayından o üzə keçmək, baş komandanlıqdan kömək istəmək qərarına gəldi. Vəziyyət həqiqətən gərgin idi: rus ordusu Şərqi Prussiyadan birbaşa hücuma keçsəydi, Berlinə kimi gedəcəkdi.

Pritvits və onun qərargah rəisi Valderzeyeni istefaya göndərirlər. İstefadan geri çağırılan general Gindenburq və 8-ci ordunun yeni qərargah rəisi Lüdendorf təcili olaraq Şərqi Prussiyaya yola düşür. Ən başlıcası isə səhra baş qərargahının rəisi və alman ordusunun faktiki rəhbəri fon Moltke şərq cəbhəsini qərbdəki qoşunlar hesabına gücləndirməyə qərar verir. Ora daha iki korpus və süvari diviziyası göndərilir, ehtiyatda olan daha bir korpus isə hazır vəziyyətdə hadisələrin inkişafını gözləyir. Bütün bunlar qərb cəbhəsinin həlledici döyüşü - Marna döyüşü ərəfəsində baş verir.

Bu prosesin nəticələri sentyabrın əvvəlində, "Marna" möcüzəsi baş verəndə aydın oldu: almanlar Parisin darvazası qarşısına yetişmişdilər, lakin son zərbəni endirmək üçün cəmi iki korpus çatmadı.

Uinston Çörçill 1930-cu ilin mayında "Deyli Teleqraf" qəzetində dərc etdirdiyi məqaləsində yazırdı: "Qumbinen barədə çox az adam eşidib və heç kəs bu misilsiz qələbənin oynadığı rolu layiqincə qiymətləndirə bilməyib. Rusların əks-hücumu, Makenzenin verdiyi ağır itkilər almanların 8-ci ordusunda panika yaratdı və bu ordu yaralılarını da ölülərini də meydanda buraxıb geri çəkilməklə, Rusiyanın gücü qarşısında əzildiyini etiraf etdi..."

Bəs, bu vaxt Şərqi Prussiyanın özündə nə baş verirdi?

Rennenkampf Qumbinendə general Makenzeni darmadağın edəndən sonra, 17-ci korpus möhkəm artilleriya atəşi altında qaldı və şəxsi heyətin 30 faizini itirəndən sonra panika içində geri çəkildi. Sonra da, Makenzeni təqib edib, Şərqi Prussiyadan çıxarmaq əvəzinə, qətiyyətsizlik göstərib, dayandı.

(adsgarden = window.adsgarden || []).push({});