Bizim “Cəbiş müəllim”!


Kriminal 24 Avq 2019 15:24:00 206 0

Bizim “Cəbiş müəllim”!

Son.az Modern.az-a istinadla jurnalist Səfurə Çərkəzqıznın Süleyman Ələsgərovdan bəhs edən yazısını təqdim edir.

O, həkim olmalıydı, hər şey birdən-birə dəyişməsəydi...

"Bəlkə də, səbəbkar rəhmətlik Əliağadı. 1928-ci iliydi. Dağıstanda pioner düşərgəsindəydik. Bizi cərgəyə düzmüşdülər, mən onuncuydum. Qayda beləydi: hər kəs sırada neçənci olduğunu yüksəkdən deməliydi. Növbə mənə çatanda "desyat" dedim. Məndən sonra dayanan oğlansa "odinnadsat"  əvəzinə "desyat odin" dedi. Hamı gülüşdü. Nəzarətçi ona neçə dəfə "odinnadsat" sözünü təkrar elətdirsə də, oğlan tutduğundan əl çəkmədi. Onun qəribəliyi ürəyimə yatdı. Həmin gündən dostlaşdım onunla. O oğlan Əliağa Ağayeviydi. Sonra uzun müddət görüşə bilmədik.   

Tibb Universitetində oxuyurdum. Bir gün təsadüfən  rastlaşdıq, hal-əhval tutduq. Dedi, nə əcəb həkim olmaq sevdasına düşmüsən, sən ki kinoyla, teatrla maraqlanan adamıydın? Dedim, nə bilim, qismətdi də...  

Özü də çilingər işləyirmiş. Birdən qayıtdı ki, bəlkə, gündüzlər oxuyub, gecələr dərnəyə gələsən? Dənizçilərin klubundakı dərnəyi deyirdi. Söz verdim ki, gələcəm. Elə o vaxtdan başladım dərnəyə gedib-gəlməyə. Əliağa özü də gedirdi. Bizimlə rejissor İbrahim Rəhimli məşğul olurdu. Bir müddət sonra bizə rollar verdi. Düz 3 il təbliğat- təşviqat briqadasında işlədik, dənizçilərin qarşısında çıxış elədik. Belə-belə dərsdən soyudum, həkim olmaq fikrini  birdəfəlik  başımdan atdım. Briqadada işləmək mənə əl verirdi. Fərli-başlı pul almasam da, yeyib-içməyim oranın hesabınaydı. Yetim oğlandım, mənə bu da bəsiydi. Sonra bu sənətin aşiqi oldum. 1936-cı ilin mart ayının 9-u Gənc Tamaşaçılar Teatrına getdim"...

...Beləcə, Süleyman Ələsgərovu həmin teatrın səhnəsində görməyə alışdıq.  Düz 65 il...

***

Onu ən çox Cəbiş müəllim kimi sevdik, tanıdıq... Bir aktyor kimi bunun  xoşbəxtliyini, ləzzətini yaşadı.  Amma hərdən - Cəbiş müəllim Süleymanı kölgədə qoyanda buna acığı da tutdu, yaratdığı obrazı qısqandı... 

"Küçəylə gedirəm, dayanıb salam verirlər: "Salam, Cəbiş müəllim, necəsiz?" Deyirəm, a bala, bir mənim öz adımı de görüm. Qalır üzümə baxa-baxa. Heç kəs Süleyman Ələsgərovu tanımır. Yetən "Cəbiş müəllim"  deyib yapışır yaxamdan". 

...Amma rolu ilə məşhur olub tanınmaq hər akyorun qismətinə düşən pay deyil ki!

"Filmin rejissoru Həsən Seyidbəyli elə can qoymamışdı ki, bəhrəsi olmasın. Hər məşqdə mənə dönə-dönə deyirdi ki, Süleyman, Cəbiş müəllim səninçün Huşsuz əmi deyil haa! Huşsuz əmini uşaqlarçün oynamışdım. Xaraktercə Cəbiş müəllimdən çox fərqlənirdi.

...Bir  dəfə də olsun, demirdi ki, xoşumgələn oynayırsan. Film hazır olandan sonra sakitcə oturub baxdı, sonra dedi, əhsən, qiyamətsən!. Bu sözdən sonra mənim canım da rahatlandı.  Sonra  camaat da  tərifləməyə başladı. 1970-ci ildəsə bu obrazım Minskdə keçirilən festivalın qalibi oldu".

Nədənsə, adama elə gəlir ki, Cəbiş müəllim elə Süleyman Ələsgərovun özüdü. Bəlkə, elə özünü oynadığına görə rol bu qədər uğurlu alınıb?

"Oxşarlığımız çoxdu. Mən də sadə adamam, o da. Mənimçün də, onunçün də qanun qanundu.  Hələ bu yaşıma qədər qanundan kənar bir iş görməmişəm. Cəbiş müəllim də vətənini, ailəsini, sənətini sevir, mən də.  Sənətə böyük məhəbbətim var: elə bilirəm, səhnədən getsəm, o saat nəfəsim tükənər".

Amma özünü kinoda bəxti gətirənlərdən saymayıb.  Cəmi bir- iki filmə çəkilib: "Bizim Cəbiş müəllim",  "Köhnə bərə", "İstintaq davam edir",  "O qızı tapın", "Bağ evi"... Rollarının çoxu epizodik olsa da, bundan qətiyyən narazılıq etməyib: 

"Yeri gələndə epizodik rollarımı baş rollara dəyişmərəm. İstədiyim qədər çəkilə bilməməyim məni incidir.  Bununçün nələrdənsə keçmək lazımıydı. Mən bunu bacarmadım".

***

(adsgarden = window.adsgarden || []).push({});