Füzuli və Cəbrayıl rayonlarını ermənilərə


Siyasət 24 Avq 2019 12:59:00 226 0

Füzuli və Cəbrayıl rayonlarını ermənilərə

26 il əvvəl idi. 1993-cü ilin iyun ayı. Dağlıq Qarabağdakı erməni birləşmələri və Ermənistandan gətirilmiş minlərlə "könüllü", əslindəsə muzdlu aran Qarabağ boyunca hücuma keçmişdilər. Onların hücumu iki ay əvvəl hazırlanmışdı və məqsədləri də Füzuli, Cəbrayil, Biləsuvar rayonlarını ələ keçirmək, daha da irəliəməkdi. Mümkün qədər irəli, mümkün qədər çox azərbaycanlı qırmaq, şəhərləri və kəndləri məhv etmək.

Azərğbaycanın durumu çox ağırdı o zaman. Nizami ordu, normal hərbi idarəetmə sistemi, hətta əmrlərin yerinə yetirilməsi mexanizmi yoxdu.

Heydər Əliyevin viran qalan, parçalanma və dağılma təhlükəsi ilə üzləşmiş Azərbaycanı yaralı vücud kimi qəbul etməsindənsə cəmi iki ay keçmişdi.

Anarxik dəstələr toplusu olaraq Müdafiə Nazirliyinə əksəriyyəti əsla tabe olmayan, hər birini əlahiddə "dahi komandir"in idarə etdiyi silahlı birləşmələr və başıpozuq dəstələrdən ibarət olan "ordu" ilə nə etmək olardı?

Heç nə.

Vəziyyət əsl faciə, fəlakət idi. Vəziyyət o yerə çatmışdı ki, ayrı-ayrı siyasi partiyaların silahlı dəstələri rayonlara nəzarət edirdilər. AXCP, AMİP, Müsavat", "Boz qurd" - bu partiyaların hər birinin ayrı silahlı dəstəsi, silahlıları, məramları və məqsədləri vardı.

Həmin dəstələr arasında bəzən açıq qarşıdurmalar, toqquşmalar da olurdu.

Belə şəraitdə ermənilər irəliləməyə qərar verdilər.

Çünki qarşılarında ümumi və səlis komandanlığa tabe olan ordu yox, əlahiddə, pis idarə olunan dəstələrin olduğunu bilirdilər.

Döyüşlərdə düşmənə qarşı şücaətlərin sayı yoxdu - amma ayrı-ayrı könüllülərin, qanını qaşığa yük edən cəsurların, qazilərin hesabına.

Bir də şəhərlərdə "oblava"lar zamanı zorla tutulub avtobuslarla birbaşa ön cəbhəyə göndərilmiş hazırlıqsız gənclərin cəsarəti bahasına.

Şəhidlərin və ölümü gözə alıb bir addım geri çəkilməyənlərin, səngərdə son məkan tapanların hesabına düşməni dayandırmaq oldu.

Fəqət, Füzuli və Cəbrayıl rayonları işğal olundu.

Səbəblər iki ay əvvəlki dövrdə, AXC-Musavat ikiliyinin, hakimiyyət və idarəetmə sistemini total biveclik, yarıtmazlıq səviyyəsinə endirmiş şəxslərin birbaşa məsuliyyət daşıdıqları situasiya idi.

Həmin durumu iki ay yox, iki ilə də normal hala salmaq mümkün deyildi.

Bu, iki rayonun işğalının vəsilələri arasında, sadəcə, biridir.

Azərbaycanın dağınıq silahlı dəstələrini qismən də olsa, bir araya gətirməklə düşmənin hücumlarının qarşısı alındı, cəbhə xətti sabitləşdi və kliniki koma vəziyyətinə düşmüş orqanizmə bənzəyən Azərbaycanın diriliş, varoluş prosesi başlandı.

Füzuli və Cəbrayıl rayonlarının düşmən əlinə keçməsində məsuliyyət daşıyanlardan biri də hazırda de-yure AXCP sədri, de-fakto isə Facebook və YouTube bloqeri olan Əli Kərimlidir.

Ə.Kərimli dünən Facebook-dakı səhifəsində illüziyalara və komplekslərə meylli məntiqinin məhsulunu paylaşıb. Onun iddiasında bu fikir də yer alır: "1993-cü ilin iyun ayının 24-də Əbülfəz Elçibəy hakmiyyətinə qarşı dövlət çevrilişi başa çatdı - Milli Məclisin qərarı ilə Əbülfəz bəyin prezident səlahiyyətinə xitam verildi və Heydər Əliyev prezident səlahiyyətini öz üzərinə götürdü. Az sonra "AXC batalyonları" adı ilə torpaqlarımızı uzun illər öz qanı, canı bahasına qoruyan 33 batalyonu tərxis etdi və bununla da ermənilərin daha 6 rayonumuzu işğal etməsinə şərait yarandı".

Yalan, uydurma olar, amma hər şeyin bir həddi var - yalanın da.

Əbülfəz Elçibəy hakimiyyətinə qarşı dövlət çevrilişini elə həmin hakimiyyətin "etibarlı adam"larından biri, sonra da düşməni Surət Hüseynov gerçəkləşdirmişdi.

Silahlı dəstələr, "batalyonlar" hücuma hazırlaşdığı şübhə doğurmayan ermənilərin qarşısına yox, Bakıya yürüş edirdilər.

Surət Hüseynovun "Bakıya gələcəm, sizi Azadlıq Meydanında asacam!" sözlərini Əli Kərimli nə tez unutdu?

Axı Azərbaycan o günləri, Əbülfəz Elçibəyin prezident postundan könüllü imtinasını və sonra da Kələkiyə yollanmasını, Əli Kərimlinin Prezident Aparatının binasından qaçmasını, AXC-Müsavat duetinin nazirlərinin bir qisminin ümumiyyətlə, aradan çıxmasını, az qisminin də "fəaliyyətimi dondururam" deyərək kənara çəkilməsini unutmayıb.

Əsl dərəbəylik, başıpozuqluq, hərc-mərclikdi o dönəmdə. İş o yerə çatmışdı ki, Bakıda maşınlarda şütüyən silahlılar xoşlarına gəlməyən adamı küçədə saxlayır, qarət edir, döyür, bəzən də güllələyirdilər.

Əli Kərimli "AXC batalyonları"ndan bəhs edir. Bəli, həmin dəstələrdə yüzlərlə, minlərlə qəhrəman soydaşımız vardı. Şəhidliyə qovuşanları haqq dərgahında, qalanları da qazilik zirvəsində. Lakin o dəstələrin komandirləri və xüsuüsilə də həmin komandirlərin kimlərin, hansı əmrləriylə hərəkət etdikləri nədən deyilmir?

Heydər Əliyev də xalqın israrlı çağırışlarından və Əbülfəz Elçibəyin çoxsaylı müraciətlərindən sonra Bakıya gəlmiş, məhv ərəfəsindəki Azərbaycanın özü boyda problemlərinin həllinə başlamışdı.

Əli Kərimli nə tez unutdu Bakıda parlamentin və Prezident Aparatının önünə yığılmış yüz minlərlə soydaşımızın "Heydər baba, qurtar bizi!", "Xilaskar gəldi!" şüarlarını?!

Ən əsası isə söhbət hansı "33 batalyon"dan gedir? Arif Paşayevin, Allahverdi Bağırovun və digər şəxslərin tabeliklərində silahlı dəstələri, o cümlədən ilk könüllü "Şıx batalyonu"nunu da saydıqda, 23 batalyon vardı.

Həmin "batalyon"ların da tam əksəriyyəti AXC-yə tabe deyildi. Bunu Əli Kərimli bilir, amma gənc nəslə ünvanlanmış "xitab"ında həmişəki kimi, reallıqla uydurmaları əvəzləyir. AXCP sədri funksiyalarını bloqerlik fəaliyyəti ilə nizamlayan Ə.Kərimli etiraf etməyə cəsarət tapmır ki, "çevriliş" kimi qələmə verdiyi xilas prosesi olmasaydı, onun halı Surət Hüseynovun silahlılarının girovluğunda nə olardı.

Əli Kərimli "batalyon"lardan danışır.

Utanmalı, susmalıdır.

Həmin dəstələrdə vuruşanlar, indi qazi olanlar xatırlayırlar təminatın biabırçılıq həddindəki səviyyəsini, silah və sursatın satıldığını, səngərdəki əsgərlərə güllə daşımağın belə, "unudulduğu"nu. Azərbaycan Əli Kərimli və bu şəxs kimilərin hakimiyyətdə olduğu illərin acısını çox sənələr çəkdi, amma sonra irəliləyiş, inkişaf və qüdrətə varma başladı.

Səngərlərdə də "batalyonlar", könüllülər yox, Azərbaycan ordusunun əsgərləridir.

... Bu fotoya diqqətlə baxın, Əli Kərimli.  O illərdə taleyi və varlığı ilə oynadığınız, həyatını məramlarınıza qurban dediyiniz insanlarımızdan ikisidir.

Bu cocuğun gözlərinə diqqətlə baxın.

Azərbaycandır baxan o nəzərlərdə...

Elçin Alıoğlu Son.az