Paşinyandan Rusiyaya növbəti zərbə


Dünya 23 Avq 2019 22:44:00 218 0

Paşinyandan Rusiyaya növbəti zərbə

Baş nazir Kremli hədəfə alan təşkilatları maliyyələşdirir, rusofobları vəzifəyə gətirir

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Ermənistan hökuməti dünənki iclasında yekdilliklə bir sıra ictimai təşkilatların maliyyələşdirilməsinə qərar verib. Bu təşkilatlar separatçı Dağlıq Qarabağ bölgəsində yerli idarəetmə orqanlarına keçiriləcək qondarma seçkiləri müşahidə edəcəklər. Baş nazirin aparat rəhbərinin müavini Çovinar Soqomonyan layihəni təqdim edərkən bildirib ki, bu məqsədlə 100 min dollara yaxın vəsait ayrılıb. Bu vəsaitdən bir qisim "İnformasiyalı vətəndaşların birliyi" və antikorrupsiya mərkəzi - Transparanti İnterneşnə ayrılacaq. Hökumətin iclasında çıxış edən baş nazir Nikol Paşinyan bildirib ki, separatçı qurumda keçiriləcək seçkilərə böyük önəm verir. Bu səbəbdən də həmin təşkilatlara dəstək göstərilir. Belə baxanda burada heç nə yoxdur. Lakin erməni nəşrləri adları çəkilən təşkilatların qərbyönümlü olduqlarını, daha dəqiq desək, Corc Soros tərəfindən maliyyələşdirildiklərini xüsusi vurğulayıblar. Qeyd olunur ki, həmin təşkilatlar dəfələrlə anti-Rusiya addımları və bəyanatları ilə seçiliblər.   "EADaily" nəşri yazır ki, anti-Rusiya diskursun əsas generatoru qismində bir neçə təşkilat çıxış edir - Artur Sakuntsun lideri olduğu Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi, Levon Barseqyanın rəhbəri olduğu "Asparez" jurnalistlər klubu, Qloballaşma və regional tədqiqatlar Mərkəzi (təşkilatın rəhbəri Stepan Qruqoryandır, onun Rusiyaya girişinə qadağa qoyulub) və Daniel Oannisyanın rəhbəri olduğu İnformasiyalı vətəndaşlar İttifaqı, eləcə də, Transparency Internationalın erməni filialı. Adları çəkilən təşkilatların rəhbərləri dəfələrlə Rusiya əleyhinə bəyanatlar səsləndiriblər. Onların anti-Rusiya ritorikası "məxməri inqilab"dan sonra bir qədər səngidi. Səbəb də odur ki, yeni baş nazir onların bir çoxunu öz komandasına daxil etdi. Lakin indi getdikcə bu prosesin əksi baş verir. N.Paşinyan "Soros" kadrlarından imtina etməyə başlayıb. Müşahidəçilərin qənaətincə, amerikalı milyarder Corc Sorosun maliyyələşdirdiyi bu şəxslərdən yaxa qurtarmaq elə də asan deyil. Baş nazir ciddi müqavimətlə üzləşib. Nəşr yazır ki, N.Paşinyanın separatçı qurumda keçiriləcək seçkiləri müşahidə edəcək Soros təşkilatlarına vəsait ayırması onu deməyə əsas verir ki, həmin müqavimət artıq öz bəhrəsini verməkdədir.

Hazırda Rusiya ilə Ermənistan arasında əsas gərginlik həm də 2008-ci ilin mart hadisələri ilə bağlıdır. Həbslər və səslənən ittihamlarda Rusiya hədəf kimi götürülür. Mühafizəkar Partiyanın lideri Mikael Ayrapeytan "1in.am"a müsahibəsində bildirib ki, bu qətliamın üstü yalnız Ermənistan Rusiyanın orbitindən uzaqlaşandan sonra açılacaq. Rusiya-Ermənistan münasibətlərindəki gərginlik Ermənistanda barəsində cinayət işi qaldıran keçmiş ədliyyə generalı Miqran Poqosyanla da bağlı artır. Moskva bu şəxsi təhvil verməkdən imtina edib. Politiloq Levon Şirinyan sayta müsahibəsində bildirib ki, Rusiya bu qərarı ilə Ermənistanı aşağılayır. Bildirir ki, "siz heç nə edə bilməzsiniz".

"Qolos Armenii" qəzeti isə yazır ki, Ermənistanın Xarici İşlər Nazirliyində ciddi struktur və kadr dəyişiklikləri ola bilər. Bu məlumatı qəzet öz mənbələrinə istinadən yayıb. Məlumata görə, tezliklə XİN-dəki peşəkarların Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın komandasından olan latent rusofoblarla əvəzlənməsi nəzərdə tutulur. Qəzet hazırda Ermənistan hakimiyyətində olan antirus qüvvələrə Vladimir Karapetyan, Levon Xaçaturyan və Viktor Biyaqovun rəhbərlik etdiyini bildirib. Belə ki, bu qrupun üzvü olan Paşinyanın mətbuat katibi Vladimir Karapetyanın tezliklə Ermənistan xarici işlər naziri təyin olunacağı, Biyaqovun isə XİN rəhbərinin müavini Şavarş Koçaryanı əvəzləyəcəyi və Rusiya ilə münasibətləri kurasiya edəcəyi vurğulanıb. Levon Xaçaturyanın isə Sankt-Peterburqa baş konsul olaraq göndəriləcəyi bildirilib. Qeyd edək ki, Biyaqov hazırda Ermənistanın KTMT-dəki Daimi Nümayəndəliyinin rəhbəridir, Xaçaturyan isə Ermənistan xarici işlər nazirinin müşaviridir. Biyaqov həmçinin əvvəllər Ermənistan parlament aparatının xarici əlaqələr idarəsinə rəhbərlik edib və Levon Ter-Petrosyanın həyat yoldaşının qohumudur. Xaçaturyan isə əvvəllər Qazaxıstan, Gürcüstan və Qırğızıstanda səfir kimi çalışıb, 2008-ci ildə Petrosyana açıq dəstək verən üç səfirdən biri olub.

Bundan əlavə, erməni mediasında Paşinyan idarəçiliyinin iflasından bəhs edən analitik məqalələrin sayı-hesabı yoxdur. Liderliyi ələ alan "1in.am" yazır ki, "inqilab eyforiyası baş nazirin qızıl çubuğu kimi artıq keçmişdə qalıb. Problemlər bir-birinin ardınca Ermənistan sakinlərinin başlarına çıxır. Bütün bunların nəticəsidir ki, hakim düşərgədə silkələmələr və fikir ayrılıqları günbəgün artır. Burada hadisələrin sürətli inkişaf ssenarisini gözləmək gərək deyil. Hələ ki, Nikol Paşinyan öz partiyasında qayda-qanun yaratmaq iqtidarında olsa ad, vəziyyət gərginləşmək üzrədir - hər hansı bir investisiya yoxdur, Amulsar problemi, İstanbul konvensiyası, Yerevan zibilin içində üzür, Qərb təzyiq edir, Rusiya etibar etmir. Qarabağ probleminin real həllində hər hansı bir irəliləyiş mövcud deyil. Hakim partiyanın sıraları əriyir və əriməkdə də davam edəcək. Artıq proses gedir". O da xüsusi qabardılır ki, hakimiyyətin inqilabdan sonra cəmiyyəti "ağlara" və "qaralara" bölməsi də mənfi nəticələrini ortaya qoyur. "1in.am" onu da yazır ki, Nikol Paşinyan öz əsas aləti- populizmin alətinə çevrilib. "Populizm hesabına qalib gələn Nikol indi artıq bunun əsirinə çevrilib. Amulsar ətrafında yaşananlar buna bariz nümunədir. Daha dəqiq desək Paşinyanın populizminə olan məntiqi cavabdır", - deyə məqalədə bildirilir.