Dünyanın ən ekzotik meyvələri: ikinci hissə FOTO


Digərləri 23 Avq 2019 21:59:00 204 0

Dünyanın ən ekzotik meyvələri: ikinci hissə  FOTO

Son.az AZƏRTAC-a istinadən dünyanın müxtəlif ölkələrinin bazarlarında satılan qeyri-adi meyvələri təqdim edir.

Magik meyvə

Bu əcaib giləmeyvənin digər adı şirintəhər puteriyadır və o, tamamilə haqlı olaraq ekzotik meyvə adlanır. Əslində, puteriyanın dadı heç nə ilə fərqlənmir. Sadəcə, bu giləmeyvəni yeyən adam bir saat ərzində nə yeyirsə-yesin, ona elə gəlir ki, dadı şirindir. Məsələ bundadır ki, magik giləmeyvənin tərkibindəki xüsusi zülal - mirakulin dad reseptorlarını aldadır. Həqiqətən şirin olan məhsullar isə adama dadsız gəlir.

Puteriyanın dadına Qərbi Afrika, Puerto-Riko, Tayvan, Yaponiya, Avstraliya və Cənubi Floridada (ABŞ) baxmaq olar. Onun mövsümü ilboyu davam edir.

Tamarind

Tamarind, yaxud Hindistan xurması paxlalar fəsiləsinə aid olsa da, meyvə kimi də yeyilir. 11 santimetrə qədər uzunluğunda olan qəhvəyi rəngli bu meyvənin turşaşirin dadı var. Ondan ədva kimi də istifadə olunur. Tamarind qəlyanaltı, desert və müxtəlif içkilərin hazırlanmasında istifadə olunan məşhur Vuster sousunun tərkibinə daxildir. Tamarind qurusundan şirniyyat hazırlanır. Turistlər Hindistan xurması əsasında hazırlanmış ət yeməkləri üçün sous və kokteyllər üçün siropları alıb özləri ilə vətənə aparırlar.

Bu meyvəni Tailand, Avstraliya, Sudan, Kamerun, Oman, Kolumbiya, Venesuela və Kanadada yemək olar. Onun mövsümü oktyabr ayından fevral ayına qədərdir.

Marula

Təzə marulanı ancaq Afrika qitəsində görmək olar, çünki yetişən kimi qıcqırmağa başlayır. Yetişmiş marula sarı rəngində olur və gavalını xatırladır. Ətli hissəsi ağ rəngdə, çəyirdəyi bərkdir. Qıcqırmamışdan əvvəl xoş ətirli və turşməzə olur.

Bu meyvənin dadına Cənubi Afrikada, o cümlədən Mavriki, Madaqaskar, Zimbabve və Botsvanada baxmaq olar. Mövsümü mart ayından başlayır.

Sitron

Bu meyvə sedrat və Korsika limonu da adlanır. Uzunsov meyvə, demək olar, qabıqdan ibarətdir. Dadına görə limonu, ətrinə görə bənövşəni xatırladır. Bu meyvədən yalnız kompot, jele və sukatların hazırlanmasında istifadə etmək olar. Korsika limonunu çox vaxt dekorativ bitki kimi dibçəkdə əkirlər.

Onu Çin, Yaponiya, Malayziya, İndoneziya, Tailand, Vyetnam və Hindistan bazarlarında görmək olar. Mövsümü oktyabr ayından dekabr ayınadəkdir.

Pepino

Pepinonu şirin xiyar, qovun armudu da adlandırırlar. Formal olaraq giləmeyvə olsa da, çox iridir. Meyvələrinin ölçü, forma və rəngi müxtəlifdir, bəziləri qırmızı və ya bənövşəyi cizgiləri olan tünd sarı rəngindədir. Ətli hissəsinin dadı qovun, balqabaq və xiyarı xatırladır. Yetişməmiş pepino nə qədər dadsızdırsa, yetişib ötmüş pepino da eynən onun qədər dadsızdır.

Bu meyvənin dadına Peru, Çili, Yeni Zelandiya, Türkiyə, Misir və İndoneziyada baxmaq olar. Onun mövsümü ilboyu davam edir.

Mameya

Başqa adı sapotadır. Dəyirmi formalı kiçik meyvəsi var. Ətli hissəsi narıncı rəngindədir. Ərik dadı verir. Onu piroq və tortlara əlavə edir, konservləşdirir, yetişməmiş meyvələrindən jele hazırlayırlar.

Bu meyvənin dadına Kolumbiya, Meksika, Ekvador, Venesuela, Antil adalarında, habelə ABŞ-ın Florida ştatı və Havay adalarında, Cənub Şərqi Asiyada baxmaq olar. Mövsümü sentyabr ayından noyabr ayına qədər davam edir.

Narahilla

Bu meyvəni narahilya, lulo, And dağlarının qızıl meyvəsi də adlandırırlar. Görkəminə görə tüklü pomidora bənzəyir, dadına görə ananas və çiyələyi xatırladır. Onun şirəsindən və ətindən meyvə salatları, dondurma, yoğurt, biskvit, şirin sous və kokteyllərin hazırlanmasında istifadə olunur.

Dadına Venesuala, Panama, Ekvador, Kosta-Rika və Çilidə baxmaq olar. Mövsümü sentyabr ayından noyabr ayınadək davam edir.

Xama alması

Digər adları annona, quanabana və qravioladır. Planetimizdə bitən ən böyük tropik meyvələrdən biridir. Bir meyvənin çəkisi 7 kiloqrama çata bilər. Forması oval və ya ürəkşəkilli, yumşaq tikanlarla örtülmüş qabığı sərtdir. Kremvari-ağ rəngində olan əti xoş turşməzə dadı olan limonadı xatırladır. Kokteyl, şirə, püre, şərbət və dondurmanın hazırlanmasında istifadə olunur. Qara rəngli toxumları zəhərlidir.

Dadına Bermud və Baham adalarında, Meksika, Peru və Argentinada baxmaq olar. Mövsümü ilboyu davam edir.

Noni

Hindistan tutu, pendirli meyvə, donuz alması da adlandırılır. Kartof və ya iri gavalı boyda olan bu meyvənin qabığı yarımşəffafdır. Noni yetişən zaman onun yaşıl rəngi sarımtıl ağ rəngə çevrilir. Onun kəskin ətri, acı dadı var. Buna görə də bəzən onu "qusdurucu meyvə" adlandırırlar. Xalq arasında nonini xəstəliklərin yarısının dərmanı adlandırırlar. Bəziləri onu ən faydalı ekzotik meyvə hesab edirlər.

Bu meyvəyə Malayziya, Polineziya, Avstraliya, Cənub Şərqi Asiyada təsadüf etmək olar. Mövsümü isə ilboyu davam edir.

Jabotikaba

Bu meyvə cabotikaba, Braziliya üzüm ağacı da adlandırılır. Üzüm gilələrinə və ya qarağata bənzəyən meyvələri salxım şəklində ağacın gövdəsində və əsas budaqlarında bitir. Qabığı acıdır. Onun ətindən şirə, jele və marmelad hazırlayırlar.

(adsgarden = window.adsgarden || []).push({});