Din xadimləri də sosial şəbəkələrdən aktiv istifadə etməlidirlər - Komitə sədrinin müavini (FOTO)


Digərləri 23 Avq 2019 15:46:00 210 0

Din xadimləri də sosial şəbəkələrdən aktiv istifadə etməlidirlər - Komitə sədrinin müavini (FOTO)

"Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda ikigünlük seminar-müşavirə keçirilib.

Bakı. Qəbələdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qəbələ Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda ikigünlük seminar-müşavirə keçirilib. Dindarlar, dini icma sədrləri, gənclər və ictimaiyyətin digər nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Qəbələ Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Absalam Hüseynov Azərbaycanda hər zaman bütün dinlərə və fərqli mədəniyyətlərin daşıyıcılarına qayğı ilə yanaşıldığını bildirib. Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı nümunəvi dövlət-din münasibətləri, milli-mənəvi dəyərlərimizin qorunması, tolerant və multikultural ənənələrin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən, o cümlədən din xadimlərinin sosial şəbəkələrdən aktiv istifadə etməsinin vacibliyindən danışıb. Bildirib ki, günümüzdə dövlətimizin din siyasəti ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi demokratik dövlət quruculuğu siyasətinə əsaslanır. Ulu öndərin siyasi varisi, layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə insan hüquq və azadlıqlarına, xüsusilə vicdan və dini etiqad azadlığının bərqərar olmasına, milli-mənəvi dəyərlərimizin qorunmasına, insanların, xüsusən də gənclərimizin dəyərlərimizə sadiq yetişməsinə böyük önəm verilir. Ölkəmizdə hökm sürən multikulturalizm və dinlərarası tolerantlıq mühitinə qarşı əsas təhdidlərdən birinin dini radikalizm olduğunu qeyd edən Komitə rəsmisi bunun yaranma səbəblərindən biri kimi İslam dini haqqında məlumatsızlığın, yad dini ideologiyaların yayılması cəhdlərini göstərib. O, dini ekstremizm və dini radikalizmlə mübarizədə və bu kimi mənfi halların yayılmasında sosial şəbəkələrin roluna toxunub. Sosial medianın vətəndaş cəmiyyətinin formalaşması üçün başlıca faktorlardan biri olduğunu deyib. Sədrin birinci müavini diqqətə çatdırıb ki, din pərdəsi altında gizlənmiş, İslamı gözdən salan qüvvələrin çirkin əməlləri üçün sosial media imkanlarından çox effektli şəkildə istifadə edirlər.