Paşinyanın ayaqları altındakı mina


Dünya 23 Avq 2019 07:41:00 245 0

Paşinyanın ayaqları altındakı mina

Baş nazirin qızıl yatağı ilə bağlı qərarı Ermənistanı ikiyə böldü

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Amulsar qızıl yatağı ilə bağlı qalmaqal erməni cəmiyyətini ikiyə bölüb. Bir qisim yatağın işlənməsi işlərini dayandırmağı çağırır, əks təqdirdə Sevan (Göyçə) gölü, eləcə də, Cermux kurort şəhərciyi və onun mineral suları üçün mümkün fəlakətli nəticələrə gətirib çıxaracağı təhlükəsinin yaranacağını iddia edir. Digər bir qisim isə hesab edir ki, təhlükənin artması ətraf mühitə və ekologiyaya hər hansı bir təsir etməyəcək. Ötən gün baş nazir Nikol Paşinyan sosial şəbəkədə bir saatlıq canlı yayımda yatağın işlənməsini müdafiə etdiyini bəyan edib. Bu yataq 2000-ci illərdə açılıb və 40 ton təmiz qızıl ehtiyatı ilə Ermənistanda ikincidir. Onun emalı ilə Britaniya-ABŞ şirkəti - Lidian-Armenia məşğul olur. "Nezavisimaya qazeta" yazır ki, baş nazir canlı yayımdakı çıxışında çoxluğu qızıl yatağının işlənməsinə inandıra bilməyib. Bu isə o deməkdir ki, Paşinyanın "xalq hökuməti" adlandırdığı hökumət xalqın ciddi bir hissəsinin narazılığı ilə üzləşə bilər. 

Amulsar problemi erməni mediasında da ciddi müzakirə olunur. "1in.am" yazır ki, bu problem bir növ sərhəd xətti anlamına gəlib və baş nazir də bu xətti keçərək inqilabi illüziya və ictimai gözləntiləri keçmişdə qoymuş olub. "1in.am" deputat Arman Babacanyanın sosial şəbəkədə yazdığı statusu dərc edib. Deputat yazır ki, "beləliklə də, Paşinyanın idarəçiliyini şərti olaraq iki mərhələyə bölmək olar - Amulsar yatağı ilə bağlı mövqe ortaya çıxana qədər və ondan sonrakı dövr. Baş nazir bu problem naminə böyük qurbana getməyə, öz siyasi kapitalını və ictimai etimadı at üzərinə çıxarmış olub. Bir çoxları vəziyyətin necə ciddi olduğunu təsəvvür edə bilmirlər. Nikol Paşinyan istənilən an partlaya biləcək minanı ayaqları altına qoyub. Bu isə o dərəcədə təhlükəlidir ki, əvvəlki rejimə və revanşistlərə qarşı mübarizə əvvəlki tək ictimai konsolidasiyanı təmin edə bilməyəcək. Yenə də baş nazirlik müddətinin sonu olsa idi, başa düşülərdi. Paşinyana etimad baş nazir olduqdan cəmi bir il sonra sürətlə itməyə doğru gedir". Sonda isə qeyd edilir ki, "baş nazir özünün idarəçiliyi müddətində ən kobud səhvini buraxmış olub. Nəticəsi isə həddən artıq ağır ola bilər. Amulsar problemi faktiki olaraq bu hakimiyyətin transformasiyası üçün katalizatora çevrilib. Nikol Paşinyan hakimiyyəti avtoritarizmə doğru hərəkət edir və bu günlərdə baş verən hadisələr də bunun əlamətləridir".

Saytda dərc olunan başqa bir məqalədə vurğulanır ki, "Amulsar məsələsi postinqilab dövrü Ermənistanında yeni daxili siyasi sərhədləri müəyyən edib, yeni yolun başlandığı daxili siyasi inkişafın göndərilmə nöqtəsinə çevrildi". Müəllif bu qənaətə gəlir ki, bu məsələ inqilab meydançasında əməllicə çat yaratmış olub. İlk növbədə Paşinyanın rəhbəri olduğu "Mənim addımım" blokunda bunu bariz görmək mümkündür. 

"Nyus.am" isə yazır ki, Amulsar yatağının işlənməsi ilə bağlı ən optimal variantı Daşnaksütyun Partiyası yayıb. "Amulsar yatağının işlənməsi barədə qərar referendum yolu ilə həll edilməlidir". Bu barədə partiyanın yaydığı bəyanatda deyilir. Bəyanatda bildirilir ki, "Amulsar yatağının işlənməsi ilə bağlı ictimai gərginlik hakimiyyətin ardıcıl olmayan və əsassız bəyanatları, eləcə də, əhalinin bütövlükdə yüksək gözləntilərinin baş tutmaması ilə izah edilir. Hakimiyyəti ekspert qrupunun yekun fikrini son qərar kimi qəbul etməməyə və əlavə müzakirələr aparılmasına çağırırıq.