Dünyanın sirlərindən danışan kitab


Digərləri 22 Avq 2019 20:20:00 240 0

Dünyanın sirlərindən danışan kitab

Tədqiqatçılar "Tövhidi-Müfəzzəl" risaləsini müəyyən mənada Qurani-Kərimə bənzətmişlər. Əlbəttə, Qurani-Kərim Allahın müqəddəs kəlamı olmaqla bəşər sözündən qat-qat yüksəkdə durur. Onun ayələrinin böyük bir hissəsi kainatdakı nizam-intizamdan bəhs edir. Allah-Taala göy cisimləri (Günəş, Ay, Yer, ulduzlar), təbiət hadisələri (yağış, zəlzələ, gecə-gündüzün növbələşməsi), bitkilərin və heyvanların artıb-çoxalması, yerin təkindəki faydalı qazıntılar, dağların və dənizlərin quruluşu, hətta fiziki qanunlar (cazibə, ətalət, nisbilik) barədə Qurani-Kərimdə məlumat verir. Bütün bu ayələrin məntiqi nəticəsi olaraq, Allah insanları varlıq aləminin kim tərəfindən yaradıldığı və idarə edildiyi barədə düşünməyə çağırır: "Onun (Quranın) haqq olduğu onlara (müşriklərə) bəlli olsun deyə, Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə (üfüqlərdə, kainatda, göylərin və yerin ətrafında), həm də onların öz daxilində mütləq göstərəcəyik" (Fussilət, 53). Təsadüfi deyil ki, əqaid elmində Allahın varlığının dəlillərindən biri də "nizam bürhanı" adlanır. Yəni kainatdakı nizam-intizam, dəqiq qanunauyğunluq bu nəticəyə gətirib-çıxarır ki, bunlar özbaşına yaranmamışdır və yarana bilməz.

Son.az islam.az-a istinadən bildirir ki, "Tövhidi-Müfəzzəl"də İmam Sadiqin (ə) izlədiyi metod da eynidir. O həzrət varlıq aləmindəki maraqlı və hətta təəccüblü məqamları sayır, bunların səbəbini açıqlayır, əgər bu incəliklər olmasaydı, hansı fəsadların baş verə biləcəyini göstərir, sonda isə dinləyicini məntiqi nəticə qarşısında buraxır: Bu qədər ölçü, nizam və incəlik özbaşına meydana gələ bilməz. Bunları yaradan, aradakı nizamı tənzimləyən qüvvə mütləq vardır və həmin qüvvə Allahdır!

Müfəzzəl ibn Ömər Cüfi deyir ki, bir gün Mədinədə, Peyğəmbərin (s) məzarının kənarında idim. Bu zaman İbn Əbil-Ovca adlı dəhri alim dostu ilə məscidə gəlib bir tərəfdə əyləşdi. O zamanlar "dəhri" adlandırılan dəstənin əqidəsi materialistlərin mövqeyinə yaxın idi. Dəhrilər dünyanın Allah tərəfindən yaradıldığını və idarə olunduğunu inkar edirdilər. Onlar iddia edirdilər ki, kainatın quruluşunda heç bir nizam və tədbir yoxdur, dünyanın hansısa qüvvə tərəfindən yaradıldığını və idarə edildiyini düşünmək yanlışdır. İbn Əbil-Ovca o zamanlar dəhrilərin başçılarından idi.

İbn Əbil-Ovca öz əqidəsini dostuna izah etməyə başlayır və dünyanın özbaşına yaradıldığı barədə danışır. Bu zaman Müfəzzəl özünü saxlaya bilməyib onunla mübahisəyə qalxır və "ey Allahın düşməni!" müraciəti ilə sözünə başlayır. İbn Əbil-Ovca ona bu şəkildə cavab verir:

"Əgər sən Cəfər ibn Mühəmmədin (ə) dostlarından birisənsə, bil ki, o, heç vaxt bizə bu şəkildə müraciət etməyib və bizimlə bu şəkildə müzakirə aparmayıb. O, sənin eşitdiyindən də artıq sözləri bizdən eşidib, amma heç vaxt öz sözlərinə söyüş qatmayıb. O, səbir, vüqar və düşüncə ilə, möhkəm məntiqlə danışır, heç vaxt mübahisəyə qalxmır, tərbiyəsizlik etmir, əhvalını pozmur. Əvəlcə sözlərimizi diqqətlə dinləyir, sübutlarımızı düzgün başa düşməyə çalışır. Bizə imkan verir ki, sözümüzü tam deyək. Biz sözümüzü bitirəndə elə düşünürük ki, onu məğlub etdik. O isə qısa bir kəlamla bütün dəlillərimizi puç edir, bizi məğlubiyyətə uğradır. Onun gətirdiyi sübutlar qarşısında heç nə söyləyə bilmirik. Sən də onun dostlarından birisənsə, bizimlə onun kimi danış!"

(adsgarden = window.adsgarden || []).push({});