ASCO-ya məxsus gəmi Qara dənizdə müntəzəm fider konteyner xətti üzrə daşımalar həyata keçirəcək
Digərləri 22 Avq 2019 13:55:00 194 0
Gürcüstanın paytaxtı Tbilisidə “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin işçi qrupunun iclası keçirilib.
Bakı.
Gürcüstanın paytaxtı Tbilisidə “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin işçi qrupunun iclası keçirilib.
Trend-in məlumatına görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyevlə yanaşı, Gürcüstan, Qazaxıstan və Rumıniyadan olan dəmiryolu və dəniz nəqliyyatı şirkətlərinin nümayəndələrinin də qatıldığı yığıncaqda Qara dənizdə Gürcüstanın Batumi və Rumıniyanın Konstansa limanları arasında ASCO gəmisi vasitəsilə konteyner daşımalar xəttinin yaradılması məsələsi müzakirə olunub və bununla bağlı qərar qəbul edilib.
Bu xətt üzrə əsas yük kimi Avropa-Çin-Avropa və Avropa-Mərkəzi Asiya-Avropa istiqamətlərindən tranzit yüklərin daşınması nəzərdə tutulub. Gözləntilərə görə, adıçəkilən istiqamətlər üzrə Qara dənizdə konteyner xətti ilə yüklərin çatdırılması müddəti azalacaq. Bu da Qara dəniz üzərindən də keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Middle Corridor) cəlbediciliyini və Azərbaycan üzərindən keçən tranzit konteyner daşımalarının həcmini artıracaq.
Qeyd edək ki, ASCO-nun Qara dənizdə fider gəmisinin ilk sınaq səfərinin 2019-cu il sentyabrın 20-dək həyata keçirilməsi nəzərdə tutulur.
Mənbə: az.trend.az