"Azərbaycan daim bizim qəlbimizdə olacaq" VİDEO FOTO


Digərləri 21 Avq 2019 23:00:00 217 0

"Azərbaycan daim bizim qəlbimizdə olacaq"  VİDEO  FOTO

Respublikamızda turizm sahəsinin hərtərəfli inkişafına yönələn dövlət siyasəti bölgələrə turist axınını sürətləndirib. Turistlərin rahatlığı üçün regionlarda müasir infrastrukturun yaradılması, xidmət keyfiyyətinin yüksəldilməsi nəticəsində ölkəmizə gələn xarici turistlərin sayı ildən-ilə artır. Bu günlərdə Lənkəran şəhərinə təşrif buyurmuş polşalı turistlər bölgənin gəzməli-görməli yerləri ilə yanaşı, folklor nümunələri ilə də tanış olublar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yay turizm mövsümündə cənub bölgəsinə turistləri cəlb etmək məqsədilə bir-birindən maraqlı layihələr həyata keçirilir. Avropanın və dünyanın müxtəlif yerlərindən ölkəmizə gələn turistlər cənub bölgəsini də görmək arzusunda olurlar.

Cənub zonasına üz tutan 15 nəfər polşalı turist bölgənin folkloru ilə tanış olmaq üçün Lənkəran rayonuna gəlib. Bu məqsədlə Lənkəran Turizm İnformasiya Mərkəzi tərəfindən onlar üçün maraqlı turlar təşkil edilib.

Polşalı qonaqlar şəhərin görməli yerlərinə baş çəkdikdən sonra bölgənin adət-ənənələri və zəngin folkloru ilə də yaxından tanış olublar. Xarici qonaqlar rayonun Separadi kəndində məşhur "Nənələr" folklor kollektivinin üzvləri ilə görüşüb, yerli sakinlərin adət-ənənələri, mətbəx mədəniyyəti, yaşayış şəraiti barədə ətraflı məlumat alıblar. "Nənələr"in ifasında səslənən qədim el mahnıları turistlərin zövqünü oxşayıb.

Polşalı turist Rişad Balşiniski təəssüratlarını bölüşərək deyib: "Sizin dadlı yeməklərinizlə, gözəl təbiətinizlə, gülərüz insanlarınızla, folklorunuzla tanış olduq. Çox xoşbəxtəm ki, bura gəldim, belə zənginliyi gördüm. Hər şeyi bəyənirik. Ümid edirəm ki, bir daha buraya gələcəyəm. Hər şey üçün təşəkkür edirik".

Alisiya Opalinska da gördüklərindən məmnundur. "Biz sizin ölkənizi çox bəyəndik. Polşanın iqlimi sizin ölkənin iqlimindən fərqlidir. Sizin çox gözəl folklorunuz da var. Nənələr yaşlarına baxmayaraq çox gözəl oxudular. Öz ölkəmizdə burada gördüklərimiz haqqında danışacağıq. Azərbaycan daim bizim qəlbimizdə olacaq. Hər şey üçün sizlərə təşəkkür edirik", - deyə o bildirib.

Lənkəran Turizm İnformasiya Mərkəzi tərəfindən bölgəyə gələn əcnəbi qonaqlar üçün bu formatda turlar tez-tez təşkil olunur.