Dünyanın ən ekzotik meyvələri FOTO


Digərləri 21 Avq 2019 22:25:00 226 0

Dünyanın ən ekzotik meyvələri  FOTO

Yalnız qorxaq səyahətçi ekzotik ölkələrə səfər edərkən və xarici forması, qoxusu və adı tanış olmayan hər hansı meyvəni dadmaqdan imtina edər. Alma, portağal kimi ənənəvi meyvələrə alışmış turistlər manqostin, durian və salak kimi ekzotik meyvələri yeməkdə tərəddüd edirlər. Amma məhz bu ekzotik kəşflər sizin bütün səyahətinizin ən yaddaqalan səhifələrindən biri olacaq.

Son.az AZƏRTAC-a istinadən müxtəlif ölkələrdəki ən maraqlı ekzotik meyvələri sizə təqdim edir.

Durian

Durian meyvələri düzgün olmayan dairəvi şəkildədir və çox iti iynələri var. Qabığının altında isə unikal dadı olan ləti var. "Meyvələrin kralı" adlanan bu nemətdən kəskin ammonium qoxusu gəlir. Bu qoxu o qədər kəskindir ki, həmin meyvəni təyyarədə daşımaq və ya otel nömrələrinə aparmaq qadağandır. Bununla bağlı, otellərin girişində müvafiq xəbərdarlıq lövhəsi və plakatlar da asılır. Tailandın bu ən kəskin qoxulu və ekzotik meyvəsi vitaminlərlə və qidalandırıcı maddələrlə zəngindir.

Bu meyvəni sərbəst şəkildə, xüsusən mövsümdən kənar seçməyə cəhd göstərməyin. Bunun üçün satıcıya müraciət edin. O, meyvəni doğrayacaq və onu şəffaf paketə qoyacaq. Yaxud durianı super-marketdə qablaşdırılmış şəkildə də ala bilərsiniz.

Meyvəni yeməzdən əvvəl içərisindəki ləti barmağınızla yüngülcə əzin. O, kərə yağı kimi yumşaq olacaq və xoşagəlməz qoxunu hiss etməyəcəksiniz. Durianın ləti orqanizmə güc verir. Taylar hesab edirlər ki, durian bədəni də isidir. Məşhur Tailand atalar sözündə deyilir ki, onun istisi yalnız manqostinin verdiyi sərinliklə müqayisə edilə bilər. Bu meyvəni Tailand, Filippin, Vyetnam, Malayziya, Kamboca kimi regionun ekzotik ölkələrində dadmaq olar.

Manqostin

Bu meyvəni həmçinin, manqostan da adlandırırlar. Qalın bənövşəyi qabığı və dairəvi iynəli yarpaqları olan manqostin qabığı soyulmuş portağalın dadını verir və turşməzədir. Onun daxilində altı və daha çox dilim var. Dilimlərin sayı çox olduğunda toxumlar da azalır. Manqostini düzgün seçmək üçün ən bənövşəyi rəngli meyvəni götürür və onu yavaşca sıxırlar. Qabığı sərt olmamalıdır. Əgər meyvənin qabığı müxtəlif yerlərdə kələ-kötür olursa, o zaman onu yetişmiş hesab etmək olar. Manqostini soymaq üçün bıçaq və ya barmaqla qabığında deşik açırlar. Dilimləri əlinizlə götürməyə cəhd etməyin. Çünki, onlar o qədər kövrəkdir ki, barmaqlarınız arasında əzilə bilər. Amma bu meyvəni daşımaq çox da çətin deyil.

Manqostinin dadına Myanma, Tailand, Vyetnam, Kamboca, Malayziya, Hindistan, Filippin, Şri-Lanka, Kolumbiya, Panama və Kosta-Rikada baxmaq olar. Onun mövsümü isə aprelin ortalarından oktyabrın ortalarına qədərdir.

Cekfrut

Bu meyvənin digər adı hind çörək ağacı, kanundur. Sarı-yaşıl qabığın altında tikanlı qalın meyvəsi olan cekfrutun şirin dadı və düşes armudunun ətrinə bənzər qəribə qoxusu var. Onun senqmentləri bir-birindən ayrı şəkildə paketlərdə satılır. İçərisindəki yumşaq hissəni təzə olduğunda yeyir, yetişməmiş tərəfini isə bişirlər. Cekfrutu digər meyvələrlə birlikdə dondurmaya və kokos südünə əlavə edirlər. Onun toxumlarını isə bişirilmiş halda yeyirlər.

Bu meyvəni Filippin, Tailand, Vyetnam, Malayziya, Kamboca və Sinqapurda yemək olar. Onun mövsümü isə regionlardan asılı olaraq yanvardan avqusta qədərdir.

Liçi

Bu meyvənin digər adı litçi, yaxud Çin gavalısıdır. Ürəkşəkilli və ya dairəvi meyvənin salxımlı barı var. Onun parlaq qırmızı qabığının altında şəffaf, sulu və şirin lət gizlənir. Mövsümlərarası dövrdə Asiya ölkələrində bu tropik meyvəni konservləşdirilmiş şəkildə və plastik paketlərdə satırlar.

Liçinin dadına Tailand, Kamboca, İndoneziya, Avstraliya və Çində baxmaq olar. Meyvənin mövsümü isə maydan iyula qədərdir.

Manqo

Tropik ölkələrin ən populyar meyvələrindən biri də manqodur. Onun iri, yumurtaya bənzər və ya şarşəkilli formaları var. Meyvənin içərisi sarı və narıncıdır, həmçinin sulu və şirindir. Manqonun qoxusu ərik, qızılgül, qovun, limonun ətrini verir. Onun kal vəziyyətdə yığılan yaşıl meyvələrini qidaya əlavə edir, duz və bibərlə yeyirlər. Meyvəni iti bıçaqla təmizləmək daha rahatdır.

Manqonu Filippin, Hindistan, Tailand, İndoneziya, Myanma, Vyetnam, Çin, Pakistan, Meksika, Braziliya və Kubada yemək olar. Onun mövsümü isə ilboyudur. Tailandda manqonun ən çox bar verdiyi aylar martdan mayadək, Vyetnamda yanvardan mayadək, İndoneziyada isə, sentyabrdan dekabra qədərdir.

Papayya

Sarı-yaşıl qabığı olan bu iri meyvənin silindrik forması var və onun barı 20 santimetr uzunluqdadır. O, dadına görə qovunla balqabağı daha çox xatırladır. Yetişmiş papayya parlaq narıncı rəngə malikdir və içərisində çox yumşaq ləti var. Bu meyvə qida həzminə kömək edir. yetişməmiş papayyanın isə acılı tay salatına əlavə edirlər, qızardırlar və yaxud pörtlədilmiş ətə vururlar.

Bu meyvəni Hindistan, Tailand, Şri-Lanka, Bali, İndoneziya, Filippin, Meksika, Braziliya və Kolumbiyada yemək olar. Onun mövsümü isə ilboyu davam edir.

Lonqan

Bu meyvənin digər adları lam-yay, yaxud "əjdaha gözü"dür. Dairəvi və çəhrayı rəngdə olan lonqan zahirən kiçik kartofa bənzəyir. O, çox dadlı və sulu olmaqla bərabər, həm də çoxlu kaloriyə malikdir. Qabığını soymaq asandır və onun altındakı parlaq ağ və ya çəhrayı lət yumşaq jeleni xatırladır. Meyvənin ortasında böyük qara dənəsi var. Lonqan sağlamlıq üçün çox faydalıdır. Lakin onu həddindən artıq yemək olmaq. Çünki, bu meyvə bədəninin hərarətini artırır.

Lonqanın dadına Tailand, Vyetnam, Kamboca və Çində baxmaq olar. Onun mövsümü isə, iyunun ortalarından sentyabra qədərdir.

Rambutan

Rambutan ən məşhur tropik meyvələrdən biridir və daha "tüklü" olması ilə fərqlənir. Onun qırmızı qabığının altında çox ləzzətli və yarımşəffaf dilimləri var. Meyvəni yemək üçün onun ən mərkəz hissəsindəki ləti çıxarmalısınız. Rambutanı həm təzə dərilmiş, həm də şəkərlə konservləşdirilmiş halda yeyirlər. Onun bişirilməmiş toxumları zəhərlidir. Qızartdıqda isə, onlar zərərsiz olur. Meyvəni seçdikdə rənginə diqqət etmək lazımdır: daha çəhrayı rəngdə olanlar çox yetişmiş sayılır.

Rambutanın dadına Malayziya, Tailand, İndoneziya, Filippin, Hindistan, Kolumbiyanın bir hissəsi, Ekvador və Kubada baxmaq olar. Onun mövsümü isə aprelin ortalarından oktyabrın ortalarına qədərdir.

Pitayya

Bu meyvənin digər adları pitahayya, lun yan, "əjdaha meyvəsi" yaxud draqonfrutdur. Pitayya Hilosereuskimilər növündə kaktuslu meyvədir. Onun görünüşü çox gözəldir: parlaq çəhrayı rəngli bu meyvə iri alma ölçüsündə və bir az uzantılı formadadır. Meyvənin qabığı yaşıl rəngli kənarları olan kələ-kötür örtüyə və iri xallara malikdir. Qabığını eynilə portağalın olduğu kimi soymaq olur, içərisində isə ağ, qırmızı və ya bənövşəyi lət və çoxlu dənələri var. Bu meyvədən kokteyllərdə daha çox istifadə edirlər.

Pitayyanı Filippin, Tailand, Vyetnam, İndoneziya, Şri-Lanka, Malayziya, Çin, Tayvan, ABŞ, Avstraliya, İsrail və Yaponiyanın bir hissəsində yemək olar. Onun mövsümü də ilboyu davam edir.

Karambola

Meyvənin digər adları "tropik ulduzlar", starfrut və kamrakdır. Onun sarı və yaşıl meyvələri ölçüsünə və formasına görə, şirin bibəri xatırladır. Orta hissəsi isə ulduz formasında olduğu üçün karambolanı çox vaxt ulduz meyvəsi adlandırırlar. Yetişmiş meyvələri sulu, xəfif gül dadlı və şirindir. Yetişməmiş meyvələrdə isə çoxlu miqdarda C vitamini var. Salat və kokteyllərə əlavə edilən bu meyvəni təmizləmək lazım gəlmir.

Karambolanın dadına Borneo adasında, Tailandda və İndoneziyada baxmaq olar. Onun mövsümü isə ilboyu davam edir.

Pomelo

Bu meyvənin çoxlu başqa adları var - pomela, pamela, pompelmus, Çin qreypfrutu, şeddok və s. Sitrus meyvəsi böyük və içərisi ağ, çəhrayı və ya sarı olan qreypfruta bənzəyir. Lakin onun dadı daha şirindir. Bu meyvəni kulinariya və kosmetologiyada geniş tətbiq edirlər. Pomelonu aldığnız zaman qoxusuna diqqət etmək lazımdır: onun ətri nə qədər güclü və zəngin olarsa, meyvənin ləti daha təzədir.

(adsgarden = window.adsgarden || []).push({});