İnsan faktoru meşə yanğınlarına səbəb olan əsas amillərdəndir


Digərləri 21 Avq 2019 18:54:00 222 0

İnsan faktoru meşə yanğınlarına səbəb olan əsas amillərdəndir

"Biz yanğınların qarşısının alınması, günahkar şəxslərin ortaya çıxarılması və onların ən azından həm ictimai tənbeh olunması, həm də qanun qarşısında cavab verməsi üçün müvafiq qurumlarla birlikdə əlimizdən gələni edəcəyik".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə bildirib.

Direktorun sözlərinə görə, hər il dünyada baş verən meşə yanğınları insan tələfatı, minlərlə hektar meşə sahəsinin, yaşıllığın məhvi ilə nəticələnir. İnsanların məsuliyyətsizliyi ucbatından uzun illər ərzində qorunub saxlanmış meşələr, nadir ağaclar bir anda məhv olur. Şükürlər olsun ki, bizdə bu cür genişmiqyaslı yanğınlar baş vermir, insan tələfatı olmur:

"Meşə yanğınlarından bəhs edərkən xüsusilə vurğulanmalıdır ki, bu sahədə baş verən 10 yanğından 9-u odla ehtiyatsız davranmadan və ya meşədə istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən baş verir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, qalanmış tonqallar və bu tonqalların tam söndürülmədən nəzarətsiz qoyulması, söndürülməmiş kibritin, siqaret kötüyünün yerə atılması, maşınların mühərrikindən çıxan qığılcımlar da meşə yanğınlarına səbəb olan əsas amillərdəndir.

Azərbaycan təbiətinin gözəlliyi haqqında danışmaq, əlavə bir söz demək düşünürəm ki, yersizdir. Çünki bu barədə çox danışılıb və bu gün də danışılır. Biz çox böyük qürurla təbiətə "ana təbiət" deyirik amma çox təəssüf ki, "ana" dediyimiz təbiəti ana məhəbbəti ilə sevmirik.

Son zamanlar baş verənlər, insanların yaşıllıqlara laqeyd münasibəti, ətraf ərazilərin məişət tullantıları ilə çirklənməsi, eləcə də də bu günlərdə müxtəlif yerlərdə baş verən ardıcıl yanğınlar onu göstərir ki, biz təbiətimizə qarşı yenə də səhlənkarıq".