Nazirlik rəsmisi: Yanğının söndürülməsində mümkün olan bütün vasitələrdən istifadə olunur


Digərləri 21 Avq 2019 13:14:00 199 0

Nazirlik rəsmisi: Yanğının söndürülməsində mümkün olan bütün vasitələrdən istifadə olunur

Yanğın ümumilikdə 10 hektar sahənin daxilində talalar şəklində 5 hektar əraziyə yayılıb

Bakı. Samir Əli - Təəssüf ki, insanlar təbiətdə olarkən yanğın təhlükəsizliyi qaydalarına əməl etmir və yarana biləcək fəsadları hesablamırlar. Fikirləşmirlər ki, belə məsuliyyətsiz addımların nəticəsində hektarlarla meşə örtüyü məhv olur. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov bildirib. A.Qaraşov deyib: “Hazırda Ekologiya və Təbii Sərvətlər və Fövqəlada Hallar Nazirliklərinin əməkdaşları, FHN-nin aviasiya dəstəsinin iki helikopteri və bir təyyarəsi havadan suçiləmə vasitəsilə yanğının söndürülməsində iştirak edirlər. Yanğının söndürülməsində mümkün olan bütün vasitələrdən istifadə olunur". Nazirlik rəsmisi daha sonra əlavə edib ki, artıq yanğın çərçivəyə alınıb və yaxın zamanlarda yanğının söndürülməsinə nail olunacaq: "Yanğın ümumilikdə 10 hektar sahənin daxilində talalar şəklində 5 hektar əraziyə yayılıb. Baş vermə səbəbinə gəldikdə isə yenə də insan faktorunun üzərində dayanırıq və əhaliyə bir daha müraciət edirik ki, təbiət qoynunda olarkən odla ehtiyatlı davransınlar, meşə sahələrinə, qoruqlara, milli parkların ərazilərinə daxil olarkən yanğın hadisələrinin törədilməsinə yol verməsinlər, yanğına səbəb olacaq hərəkətlərdən çəkinsinlər.