Yaddan çıxmış sənətkarlar:


Kriminal 20 Avq 2019 19:24:00 236 0

Yaddan çıxmış sənətkarlar:

Tamaşaçılar onu həmişə istər filmlərdə, istərsə də tamaşalarda gülərüz görüblər. Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Kübra Dadaşovanı deyirəm...   "Cicixanım", " Nazlı", "Gülgəz" kimi onlarca obraza həyat verən aktrisa...

Xeyli sayda teatr tamaşasında, 20-dən çox bədii filmdə rol almış sənətkar bu dünyadan nakam köçdü

Son.az bildirir ki, Modern.az bu dəfə Kübra Dadaşovaya məqalə həsr edib.

Kübra Dadaşova 31 avqust 1957-ci  ildə aktyor ailəsində  doğulu. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirib. O, yaradıcılıq fəaliyyətinə hələ tələbə ikən - 1982-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında başlayıb. Aktrisa dramatik və komik səpkili rolları eyni bacarıqla yaradıb. 

Kubra dadaşova 16 may 2006-cı ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.  Aktrisa 12 fevral 2017-ci ildə 59 yaşında şəkər xəstəliyindən vəfat edib. Aktrisa həmin tarixdən bir gün öncə 2 saylı Sumqayıt şəhər xəstəxanasında əməliyyat olunmuş, əməliyyatdan sonra komaya düşmüş və ayılmayaraq, dünyasını dəyişmişdi. Daha daha əvvəl bir neçə əməliyyat keçirən Kübra xanımın iki ayaq barmağı da amputasiya olunmuşdu. Kübra Dadaşova ilə bağlı xatirələri Modern.az-a hamının aktrisanın qızı kimi tanıdığı, elə özü də aktrisa olan Təhminə Məmmədova danışıb.

"Uşaqla uşaq, böyüklə böyük idi" 

"Aktyor Vüsal Mehrəliyev, Sevinc Mehrəliyeva, Nicat Kazımov və mən Kübra Dadaşovaya "mama" deyirdik.  Çox adam elə bilir ki, o, mənim həqiqi anamdır. Lakin onunla  tanışlığım uşaq yaşlarımda  gerçəkləşib. Yəni o, mənim mənəvi anamdır. Kiçik yaşlarımdan filmlərə çəkilirdim, tanışlıq elə beləcə başlamışdı. Kübra Dadaşovanın mənim anamla çox yaxşı münasibəti var idi.  Əslində fəxr hissi ilə deyə bilərəm ki, "Kübra Dadaşova mənim anamdır", amma istəmirəm kimsə düşünsün ki, yalan danışıram. Düzdür, əvvəllər bir evdə yaşamırdıq, lakin  demək olar ki, vaxtımın çoxu onların evində keçirdi. Kübra xanımın qohumları, yaxınları arasında heç vaxt özümü yad biri kimi hiss etməmişəm, hiss etdirməyiblər".

Təhminə Məmmədova deyir ki, Kübra Dadaşova İçərişəhərdə dünyaya gəlib. Özündən böyük 3  qardaşı olub: "Onun dünyaya gəlişi bir qədər gec baş verib.  Atası Məmmədağa Dadaşov Gənc Tamaşaçılar Teatrını yaradan iki nəfərdən biridir. Anası Minəvvər  Dadaşova əvvələr aktrisa olub. Sonra səhhəti ilə əlaqədar olaraq  aktrisalıqdan imtina etməyə məcbur olub.  Yeri gəlmişkən deyim ki, Kübra xanım o vaxt mənim qızıma öz anasının adını vermək istəyirdi, dedim ikinici bir qız övladım olsa, mütləq onun adı Minəvvər olacaq. Kübra Dadaşovanın qardaşları da incəsənətə bağlı adamlardır. Bir qardaşı Mədəniyyət və İncəsənət Universitetində fotoqraf ixtisasına yiyələnib, hazırda Moskvada yaşayır. İkinci  qardaşı Rauf Dadaşov  respublikanın Əməkdar rəssamıdır. O da uzun müddət kinostudiyada işləyib.  Lap kiçik qardaşı Namiq Dadaşov isə Gənc Tamaşaçılar Teatrında aktyor işləyib, elə orada aktrisa işləyən xanımlardan biri ilə ailə həyatı qurub.  Onun qardaşları mənə doğma dayım kimidir, qızım da onlara baba deyir.  Kübra Dadaşova demək olar ki, Gənc Tamaşaçılar Teatrında böyüyüb.  İstər-istəməz ata-ana aktyor olanda uşağın vaxtının çoxu da teatrda keçir. Elə bu səbəbdən Kübra Dadaşovada az yaşlarından etibarən teatra maraq yaranıb. O, uşaqla uşaq, böyüklə böyük idi. Hətta balaca uşaqlar sirlərini,  sözlərini gəlib ona deyirdilər. Çünki uşaqlarla dost olmağl bacarırdı. Lakin heyif ki, başı sənətinə çox qarşıdığından ailə qurmadı. Mənə deyirdi ki, "onsuz da sən övladım kimisən, qızın da nəvəm sayılır, daha  ailə qurmaq nəyimə lazımdır"".

"Çox yaxşı əl qabiliyyəti var idi"  

"Onun bişirdiyi fisincan plovu heç yerdə yeməmişəm. Hər bayramda xüsusi olaraq mənim üçün plov bişirərdi. Bizim ev, yəni Kübra xanmın evi həmişə qonaq-qaralı olub. Elə ata-anası sağ olanda da evlərindən qonaq əskik olmazdı. Kubra xanım özü də süfrəsini dost-tanışa hər zaman açıq edərdi.  Onu da deyim ki, Kübra xanım ata evində qardaşı ilə qalırdı. Mən də tez-tez gedib onlarla qalırdım, ad günlərimin hamısı onlarda  keçib. Toy-bayramda da yaxşı iştirak edərdi, bir sözlə, məclis adamı idi. Məclisin başında Kübra xanım olurdu. Hamı istəyirdi ki, onunla bir stolda otursun. Oynamaqla da arası çox yaxşı idi, toylarda ortalıqdan çıxmazdı". Rayonlara gəzməyə gedəndə ona da deyirdim ki, mənimlə gəlsin. Çünki o qədər maraqlı adam idi ki, yanımdan ayırmaq istəmirdim. Dəniz həvəskarı idi, yığırdı hamımızı aparırdı dənizə. Gecə bir də gördün sənət dostlarını da çağırıb, samovar çayı dəmləyir. Bütün gecə danışmaq, gülmək... qonşular da yığışırdı bağa.Yəni belə qonaqpərvər, sevilən insan idi Kübra Dadaşova.

Özünü aktyorlara o qədər sevdirmişdi ki, hamı istəyirdi çıxış etdiyi səhnədə Kübra Dadaşova da oynasın. Hər tamaşanın ləzzəti, şirinliyi idi Kübra Dadaşova. Heç kimə paxıllıq etməzdi, hamı ilə yaxşı yola gedirdi. Xarakterik rollar oynayırdı adətən. Komik rolları daha çox idi, amma onu da deyim ki, drammatik rolları da pis canlandırmırdı.  Bir sözlə, işinə vurğun biri idi. Deyirdi ki, "əlimən başqa iş gəlsə, bu sahədə maaş azdır deyə, işimi buraxaram. Lakin  nə edim ki, əlimdən ancaq artistlik gəlir". Ən sevdiyi rollar "Mahmud və Məryəm", "Pirverdinin xoruzu" filmlərindəki obrazlar idi.  O rollarından tez-tez, həm də maraqla danışırdı".  "Əməkdar artist adı alanda o qədər də sevinmədi..." "İnsana gərək vaxtında ad verilə. Artıq bir müddətdən sonra yaşlananda Əməkdar artist adı almaq sıradan bir hal olur. Əməyə vaxtında qiymət vermək lazımdır. Xəstə vaxtlarında  Kübra Dadaşovaya Əməkdar artist adını verdilər.  Artıq ona sevinəcək gücü də qalmamışdı.  O  ad daha gənc yaşlarında verilməli idi, xəstələnib, yaşlananda yox.  Mənə deyirdi ki, "sən mənim kimi olma, tez ad al". İstəyirdi ki, mənə verilən qiyməti görsün. Mənimlə, nəvəsi - yəni qızımla bağlı çoxlu arzuları var idi. Deyirdi ki, "sizi yüksəklərdə görmək istəyirəm, bacardıqaca qabağa gedin".

"Ona söz verdim ki, sevdiyi şəxsin adını heç kimə deməyəcəm" "Hamının həyatında böyük sevgi yaşanır. Kübra Dadaşova da vaxtında bir nəfəri çox sevib. Mən ona söz vermişdim ki, həmin şəxsin kimliyini heç kimə deməyəcəm. O adam da sənət adamı idi. Düzünü deyim, Kübra xanımın sevgisi qarşlıqsız deyildi. Həmin şəxs də onu çox sevirdi. Lakin həyat elə gətirdi ki, onlar bir araya gələ bilmədilər. İstəmirəm o məsələni açıq şəkildə danışım. Çünki kimlərsə onun adına ləkə gətirə bilər, başqa cür qabarda bilər sevgisini".

Yaddaşlarda gözəl aktrisa kimi qalmaq istəyirdi...  

"Mənfi cəhəti tez özündən çıxmağı idi. Tez əsəbləşirdi, lakin tez də sakitləşirdi . Ümumiyyətlə, ondan küsmək mümkün deyildi. Çox mehriban, həyat dolu insan idi.  Lakin təəssüf ki, şəkər xəstəliyi onu son vaxtlar pis vəziyyətə qoymuşdu, heç kimlə görüşmək istəmirdi, hər şeydən uzaqlaşmışdı. Jurnalistlər xəstə olandan sonra ondan müsahibə almaq, görüşmək isəyirdilər. Deyirdi "istəmirəm ki, insanlar bu halımı görsünlər, qoy yaddaşlarda necəyəmsə, əbədi olaraq da elə qalım".

Televiziyada çalışan jurnalistlər dəfələrlə müraciət etdilər ki, sizin haqqınızda veriliş hazırlamaq istəyirik. Deyirdi ki, lazım deyil, çox əsəbləşirdi.  "İstəmirəm kimsə mənə görə pul yığsın, harasa müalicə üçün göndərsin. Əgər yaradıcılığım haqqında yazmaq istəyirlərsə yazsınlar, ancaq kömək lazım deyil" deyirdi. Açığı uzun müsahibə verəcək gücdə də deyildi, görüntü də istəmirdi. Sadəcə bəzən qısa açıqlamalar verə bilirdi".

17 il ölümlə çarpışdı  

Təhminə Məmmədova deyir ki, Kubra xanım şəkər xəstəliyinə  tutulanda ilk zamanlarda özünün xəbəri olmayıb: "Yavaş-yavaş  gördü ki, gəzə bilmir, halı özündə deyil. Zamanla dərisində ləkələr əmələ gəlməyə başladı, deyim ki, özünə, səhhətinə qarşı çox etinasız idi. Bədənində ləkələr əmələ gəlirdi, deyirdi "heç nə olmaz, ötüb gedər". Gördüm ki,artıq qanqrena yaranır, məcburən onu həkimə apara bildim. Xəstəxanaya gedəndə həkimlər dedi ki, "bir az da gec gəlsəydin, qanrena qanına keçib səni öldürə bilərdi". Güc-bəla ilə onu ayağa qaldıra bildik. Onda şəkər o qədər yüksək həddə idi ki, aşağı salmaq mümkün deyildi. Xəstəlik onu o hala saldı ki, ayağı çürüməyə başladı.  Həkimə getməkdən çox qorxurdu, hər dəfə onu  xəstəxanaya zorla aparırdım. İstəmirdi, qəbul edə bilmirdi ki, xəstədir.  Son günlərində anladı ki, vəziyyəti ağırdır, onda razı oldu həkimə getməyə".

(adsgarden = window.adsgarden || []).push({});