“Prinsip yaranıb ki, qızı oxumayıbsa, mən niyə oxuyum?!”


Digərləri 20 Avq 2019 16:09:00 207 0

“Prinsip yaranıb ki, qızı oxumayıbsa, mən niyə oxuyum?!”

Dəfələrlə mediada ailəsi tərəfindən təhsillə bağlı problem yaşamış qız uşaqları haqda xəbərləri oxusaq da, ölkəmizdə atanın oğluna universitetə getməyə icazə verməməsi məlumatını ilk dəfə idi ki, gördük. 

Xəbərin qəhrəmanı Orxan Bağızadə dünəndən sosial şəbəkələrdə əsas müzakirə mərkəzinə çevrilib və yüzlərlə maddi və mənəvi dəstək mesajı alıb. O, 336 balla Azərbaycan Dillər Universitetinin Tərcümə (rus-fransız) fakültəsinə qəbul olsa da, atası övladının təhsil almasını istəmədiyi üçün onun attestatını gizlədərək qəbul prosesinə mane olmağa çalışır. Bəs bir valideyn övladının qəbul olunduğu universitetdə oxumasını niyə istəməsin?

Son.az xəbər verir ki, bu və bu kimi suallara cavab tapmaq üçün qafqazinfo Orxanın yanına, elə qəbul olunduğu ADU-ya yollanıb. Sayt əməkdaşını girişdəcə qarşılayan Orxanın sevinci hər halından hiss olunur. 

Universitetdə sənəd qəbulu prosesi getdiyi üçün istər dəhlizdə, istərsə də, həyətdə sıxlıq var. Həyəcanla övladlarını izləyən valideynlərdən icazə alıb özümüzə çəkiliş üçün yer edirik. Sevinclə universiteti süzən Orxan bunun çoxdankı xəyalı olduğunu deyir:

"Düzü, çox ağır iki il keçirdim. Ancaq nəticəsini indi görürəm. Bir az emosianal insanam. Sevincimdən tullanıb-düşmək, ora-bura qaçmaq istəyirəm. İçimdə böyük sevinc var".

- Atanızın oxumağınızı bu qədər istəməməsinə səbəb nədir?

- Kodlaşdırmanı edib evə gedəndə düşünürdüm ki, onlar da sevinəcək, fəxr edəcəklər. Deyəcəklər ki, axır ki, bu ailədən də oxuyan çıxdı. Çünki mənə kimi qardaşlarımın oxumağa həvəsi olmayıb, az bal toplayıblar. Ancaq tam əksi oldu. Atam dedi ki, əsgərliyə getməliyəm, oxumamalıyam. Atamın ikinci evləndiyi xanımın qızı illərdir hazırlığa getsə də, universitetə qəbul ola bilməyib. İndi prinsip yaranıb ki, onun qızı oxumayıbsa, mən niyə oxumalıyam?!

Atam son olaraq dedi ki, əgər oxumaq istəyirəmsə, evdən getməliyəm. Mən də getdim. Ancaq bütün sənədlərim evdə idi. İstədim, vermədilər. Polisə müraciət etdim, onda da məni günahkar çıxartdı ki, evdən oğurluq etmişəm. Halbuki mən evdən çıxanda üstümdə bir kitablarım olan çantam var idi, bir də 1 manat pulum. 

"Həqiqətən, insan əziyyət çəkib bir şeyi çətinliklə əldə edəndə daha da həvəslənir"

- Bəs ailədə sizə dəstək olacaq başqa kimsə yoxdur? Elə götürək qardaşlarınızı.

- Universitetə qəbul olunduğumu öyrənəndə xalamgildəydim. Onlar bu xəbərə çox sevindi. Qardaşlarımdan biri 8 aydır ki, əsgərdədir, digəri də Rusiyada. Danışmışıq ki, gələndən sonra mənə dəstək olacaq. Hazırda universitetin təhsil haqqının yarısını (500 manat) kredit götürüb mənə verib, onu da özüm ödəyəcəm. Ancaq hələ də sənədlərimi ala bilməmişəm. Universitet rəhbərliyi, Prorektor Tamam xanım, Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzinin əməkdaşlarının mənə böyük köməyi dəyib. Təhsil Nazirliyi problemi həll etməyə çalışır.

- Ödənişli əsaslarla qəbul olmusuz. Bu səbəbdən də sizə dəstək olmaq istəyən xeyli insan var. Zəng edənlər olub?

- 400 manata yaxın maaş alıram. Hesabladım ki, ödənişimi 12 aya böləndə hər aya 85-86 manat edir. Hər ay kənara pul atsam, rahatlıqla ödəyə biləcəm. Bəli, zənglər çoxdur. Hər kəsə dəstəyi üçün minnətdaram. Ancaq mən özüm işləyirəm və anladım ki, həqiqətən insan əziyyət çəkib bir şeyi çətinliklə əldə edəndə daha da həvəslənir. Amma indi hər şeyimi biri ödəsə, həvəsim də tez öləcək. 

"Qəbul imtahanına işdən icazə alıb getmişəm"