Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı - Gömrük nəzarəti tətbiq edilməyəcək (FOTO)


Digərləri 20 Avq 2019 16:20:00 206 0

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı -  Gömrük nəzarəti tətbiq edilməyəcək (FOTO)

Naxçıvan Muxtar Respublikasına və əks istiqamətdə səyahət edən sərnişinlərin əl yükləri və baqajlarına gömrük nəzarəti tətbiq edilməyəcək.

Bakı. Elçin Mehdiyev - Artıq gömrük-keçid məntəqələrində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindən İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikasına və əks istiqamətdə səyahət edən sərnişinlərin əl yükləri və baqajlarına gömrük nəzarəti tətbiq edilməyəcək. Dövlət Gömrük Komitəsindən Trend-ə bildirilib ki, sərnişinlərin rahatlığının təmin edilməsi, sərhədkeçmə prosesinin sürətləndirilməsi və avtobusların mənzil başına daha tez çatmasını təmin etmək məqsədilə gömrük nəzarətiDövlət Gömrük Komitəsi sədrinin sərəncamına əsasən, avqustun 19-dan etibarən Bakı Beynəlxalq Avtovağzalında yaradılan gömrük nəzarəti zonasında həyata keçiriləcək. Bu məqsədlə, Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən pilot layihə çərçivəsində, Bakı Beynəlxalq Avtovağzalında gömrük nəzarətinin tətbiqi üçün zəruri avadanlıqlar quraşdırılıb və layihənin icrasına ixtisaslı gömrük əməkdaşları cəlb edilib. Əvvəllər sərhədi keçən avtobuslar hər iki ölkənin gömrük postlarında ümumilikdə 4 dəfə gömrük nəzarətindən keçir və sərnişinlərin əl yükləri dəfələrlə yoxlanılırdı. Bu da vaxt itkisi ilə yanaşı, sərnişinlər üçün diskomfort vəziyyət yaradırdı. Son bir il ərzində İran İslam Respublikasının gömrük xidmətinin sədri ilə Bakıda və Naxçıvanda keçirilən ikitərəfli görüşlərdə Dövlət Gömrük Komitəsinin sədri. gömrük xidməti general-leytenantı Səfər Mehdiyev tərəfindən bu məsələnin həlli istiqamətində dəfələrlə müvafiq təkliflər irəli sürülüb. Eyni zamanda, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən İran İslam Respublikasının müvafiq qurumları qarşısında məsələ qaldırılıb. Aparılan danışıqların və görülən tədbirlərin nəticəsi olaraq, 13 iyun 2019-cu ildə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında beynəlxalq avtomobil əlaqələri sahəsində birgə komissiyanın növbəti iclasında Bakı-Naxçıvan-Bakı marşrut xətti üzrə hərəkətdə olan avtobuslardakı əl yüklərinin sərhəd-keçid məntəqələrində yoxlanma prosedurlarına dəyişikliyə dair razılıq əldə olunub.