Çinin Şansi istedadlar dərnəyinin nümayəndə heyəti AZƏRTACda olub


Digərləri 19 Avq 2019 21:35:00 280 0

Çinin Şansi istedadlar dərnəyinin nümayəndə heyəti AZƏRTACda olub

Avqustun 19-da Azərbaycan Dövlət İnformasiya Agentliyində Çinin Şansi istedadlar dərnəyinin nümayəndə heyəti ilə görüş olub.

Görüşdə AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov Azərbaycan-Çin münasibətlərinin yüksək səviyyədə olduğunu diqqətə çatdıraraq, ölkələrimiz arasında bir sıra sahələrdə əlaqələrin sürətlə inkişaf etdiyini bildirib.

Azərbaycanın "Bir kəmər, bir yol" təşəbbüsünün reallaşmasında yaxından iştirak etdiyini deyən İdarə Heyətinin sədri AZƏRTAC-ın "Bir kəmər, bir yol" İqtisadi İnformasiya Tərəfdaşlığı platformasının təsisçi üzvü statusunun rəsmən təsdiqləndiyini diqqətə çatdırıb.

Söhbət zamanı AZƏRTAC və Çinin Sinxua xəbər agentliyinin sıx əlaqələrindən məmnunluq ifadə olunub, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 2018-ci ildə Pekində keçirilən birinci Media-Sammiti çərçivəsində iki agentlik arasında informasiya mübadiləsinə dair Əməkdaşlıq Sazişinin imzalandığı xatırlanıb. Həmçinin bildirilib ki, Sinxua agentliyinin nazir statusunda baş redaktoru Hi Pinqin başçılıq etdiyi nümayəndə heyətinin ötən il Azərbaycana səfəri iki ölkənin informasiya agentlikləri arasında əməkdaşlığın inkişafına yeni təkan verib.

Diqqətə çatdırılıb ki, AZƏRTAC öz xəbərlərini bir sıra dillərlə yanaşı, Çin dilində də yayır. Bu, Azərbaycanda Çinə, Çində isə Azərbaycana marağı daha da artırır. Bundan başqa, Agentlik ilə Konfutsi İnstitutu arasında da geniş əməkdaşlıq əlaqələri mövcuddur. Artıq 8 ilə yaxındır ki, İnstitutun əməkdaşları tərəfindən AZƏRTAC-da Çin dili kursları təşkil olunur.


Xəbərə aid fotolar