QuraniKərimdə haqla batilin müqayisəsi


Digərləri 18 Avq 2019 21:10:00 211 0

QuraniKərimdə haqla batilin müqayisəsi

Allah-Taala Qurani-Kərimin "Rəd" surəsinin 17-ci ayəsində buyurur:

أَنْزَلَ مِنَ السَّمَاءِ مَاءً فَسَالَتْ أَوْدِیةٌ بِقَدَرِهَا فَاحْتَمَلَ السَّیلُ زَبَدًا رَابِیا وَمِمَّا یوقِدُونَ عَلَیهِ فِی النَّارِ ابْتِغَاءَ حِلْیةٍ أَوْ مَتَاعٍ زَبَدٌ مِثْلُهُ كَذَلِكَ یضْرِبُ اللَّهُ الْحَقَّ وَالْبَاطِلَ فَأَمَّا الزَّبَدُ فَیذْهَبُ جُفَاءً وَأَمَّا مَا ینْفَعُ النَّاسَ فَیمْكُثُ فِی الْأَرْضِ كَذَلِكَ یضْرِبُ اللَّهُ الْأَمْثَالَ

"Allah göydən su göndərdi, çaylar öz tutumu qədər dolub-daşdı. Sonra sel özü ilə köpük apardı. Bəzək şeyləri və ya əşya düzəltmək üçün odda əritdiklərindən də buna bənzər bir köpük yarandı. Allah haqqı batildən belə ayırır. Köpük (heç bir şey olmadığı üçün) uçub gedər. İnsanlar üçün faydalı olan (su və yaxud xalis metal) isə yerdə qalar. Allah bu sayaq misallar çəkir!"

Bu ayədə batili tanıtdırmaq üçün iki misal çəkilir: suyun üzərindəki köpük və dəmir əridilərkən onun üzərində yaranan köpüyün su və dəmirin özü ilə müqayisəsi.

BU MƏSƏLDƏN ANLAŞILAN MƏTLƏBLƏR

1. Bəzən, insan haqla batili qarışdırır. Ayədə onları bir-birindən ayıran xüsusiyyətlər belə bəyan edilir: haqq sabit, möhkəm və faydalı, batil isə ötəri və dəyərsizdir.

2. Haqq həmişə möhtəvalı, dolğun və içi dolu, batil isə möhtəvasız, puç və içi boşdur. Su, daş və metal möhtəvalı və içi dolu olduğundan ağır, suyun üzərindəki və ya dəmir əridilərkən onun üzərindəki köpük isə içi boş olduğundan yüngüldür.

3. Haqq həmişə özünə söykənir, batil isə müvəqqəti olduğundan haqqın sayəsində üzə çıxır, ona söykənir və onun üzünü örtür. Su və əridilmiş metalın üzərindəki köpüyü kənarlaşdırmaqla uçub getdiyi kimi, batil də haqqın üzərindən götürülsə, aradan qalxacaqdır.

4. Bəzən, haqla batilin toqquşması Allaha imanla küfr mübarizəsinə çevrilir. Bu zaman haqqın (imanın) suya təşbeh edilməsində xüsusi bədiilik görünür. Su həyat mənbəyi və hər bir canlının başlanğıcı olduğu[1] kimi, Allaha və qiyamətə iman da birgə həyatın mənbəyidir. Allaha iman sayəsində həyat bəxş edən əsl ictimai ədalət bərpa olunur və müqəddəs insani hisslər baş qaldırır.

Bir zaman avstriyalı məşhur nevropatoloq Ziqmund Freyd (1856-1939) dinin sona çatdığını, mədəni şüur və tərbiyənin onunla əvəz olunduğunu düşünürdüsə, lakin birinci dünya müharibəsinin on milyondan çox vəhşətli insan tələfatı onu öz fərziyyəsindən geri dönməyə məcbur etdi. İkinci dünya müharibəsi də maşınlanmış yırtıcı Avropa mədəniyyətinin üzündən niqabı kənara çəkdi.

Ayədə imanın metala təşbeh edilməsinin səbəbi bəzi metal növlərinin insan həyatındakı əhəmiyyəti ilə əlaqəlidir. Qurani-Kərimdə onun bir növü barəsində belə buyurulur:

...وَأَنْزَلْنَا الْحَدِیدَ فِیهِ بَأْسٌ شَدِیدٌ وَمَنَافِعُ لِلنَّاسِ...

"...Biz həddindən artıq möhkəm olan və insanlara fayda verən dəmiri də icad (nazil) etdik..."[2]

5. Suyun üzərindəki köpük və yaxud əridilmiş dəmirin üzərindəki köpük bir qədər onların üzünü örtür. Lakin çox keçmir ki, köpük tamamilə uçub gedir və suyun şəffaf siması üzə çıxır, gözləri qamaşdırır. Bəzən, həqiqət batil niqabla örtülsə də, nəhayət, kənara çəkilir və haqqın siması özünəməxsus parlaqlıqla aşkar olur. Bəzən, şeytani və batil düşüncələr bir müddət haqq duyğuların üzünü qara buludlar tək örtsə də, həmişəlik deyil! Qurani-Kərimdə bu həqiqət belə açıqlanır:

وَقُلْ جَاءَ الْحَقُّ وَزَهَقَ الْبَاطِلُ إِنَّ الْبَاطِلَ كَانَ زَهُوقًا

"De: "Haqq gəldi, batil yox oldu. Çünki batil yoxluğa məhkumdur!"[3]

Başqa bir ayədə buyurulur:

...وَیمْحُ اللَّهُ الْبَاطِلَ وَیحِقُّ الْحَقَّ بِكَلِمَاتِهِ...

"...Allah batili məhv edər və haqqı Öz sözləri ilə gerçəkləşdirər..."[4]

6. Batil xasiyyətsiz və dəyərsiz, haqq isə bərəkət mənbəyidir. Suyun üzərindəki köpük gül-çiçəyi cücərtməz, ağacı yaşıllaşdırmaz, susuzu sirab etməz, bulaqdan qaynayıb-coşan su isə minlərlə həyat cilvəsi, canlıların dayağıdır.

7. Hər bir torpaq səmadan yağan yağmurdan öz tutumu və səlahiyyəti qədər faydalanır və faydalanma baxımından bir-birindən fərqlənir. Necə deyərlər: "Yağış bərəkət olsa da, bağda gül cücərdir, şoranda heç nə!"

İnsanlar da ləyaqət və səlahiyyət baxımından bərabər deyil, hər biri öz tutumu qədər səmavi təlim və maarifdən bəhrələnir və qəlblər bir-birindən fərqlənir. Yaradılışda fərq danılmazdır və Qurani-Kərimdə də bu haqda söz açılmışdır:

وَقَدْ خَلَقَكُمْ أَطْوَارًا

"O, sizi cürbəcür xəlq etdi."[5]

(adsgarden = window.adsgarden || []).push({});